İtmiş qiblə...
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:21 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

 

                                                   İtmiş qiblə...

 

       - Gedirsən?!..

       - Hə!.. Gedirəm!..

       - Demək, fikrin qətidir?!.. - deyə, yaşlı kişi titrəyən əllərini qarşısında dayanan qadının həyacandan pörtmüş yanaqlarına toxundurdu.

            Qadın onun əlini ovucları arasına alaraq, əvvəlcə dodaqlarına yaxınlaşdırıb xəfifcə öpdü, sonra sinəsinə sıxaraq hönkürdü.

            Kişi isə yaz buludu kimi dolmuşdu. Bu halını qadın hiss etməsin deyə, tez-tez başını qaşıyaraq, bığlarının ucunu dişləri arasına alib çeynəyirdi. O, sudan sahilə atılmış balıq kimi, sanki ölümün pəncəsindən qurtulmaq üçün ağzını geniş açaraq tez-tez nəfəs alırdı.

            Qadın isə qəmli baxışlarını kişinin üzünə dikərək, gözlərini qırpmadan ona baxırdı. Elə bil, onun əksini son dəfə gözlərinin yaddaşına köçürmək istəyirdi.

            Kişi həyacanını gizlətmək üçün, zorla da olsa gülümsəməyə çalışdı:

            - Niyə mənə belə baxırsan?!..

            Qadının dodaqları titrədi.

            - Bilirsən, mən qadın olduğumu səninlə keçirtdiyim bu qısa müddətdə anladım. Qadın ömrü yaşamamışdım axı... Həmişə arzulamışdım ki, atamdan, anamdan, balamdan da yaxın bir kimsəm olsun.Özüm kimi duysun məni. Bütün istək və arzularımı gözlərimdən oxusun, məni dəli kimi sevsin, dəli etsin məni. Qız vaxtı düşünürdüm ki, kaş şikəst bir adama ərə gedim, amma mənimlə danışan dili olsun.

            - Olmaya, arzuna çatmısan? - deyə kişi gülümsədi?

            - Ehhh... - qadın əlini havada yellədi. - Ərə gedəndən sonra iş-gücüm o qədər artmışdı ki, az qalırdım doğduğum uşağımı da özüm tutum. İşləməkdən əlimin qabarıyla, dabanlarımın döyənəyi çütə qoşulan öküzün dırnaqlarından da betər olmuşdu. – Hə, mənimlə danışan dili vardı ərimin, amma çox zəhərli idi o dil. Onun dili ilan zəhərindən də kəsərliydi.

           Arada xoşdamarı tutanda, guya məni öpüb-əzizləmək istəyir, üstümə elə gəlirdi ki, elə bilirdim məni döyməyə gəlir. Hər zülmünə dözürdüm, nə etməliydim, özüm seçmişdim onu, həm də bircə balamı atasız qoymaq istəmirdim.  

       – Siz mənim çəkdiyim rəsmləri görmüsünüz də? - deyə qadın, nədənsə, birdən-birə söhbəti dəyişmək istədi. Sonra da cavab gözləmədən: - O rəsmlərdə işlətdiyim bütün rənglər öz həyatımın ağlı-qaralı cizgiləridir. O rəsmlərin hamısı mən özüməm, öz əksimdir. Onları ancaq mən ayird edə bilərəm, başqa heç kəs.

            - Mən səni başa düşürəm, - deyə kişi, yüngülcə qadının çiyinlərinə toxundu. Biz hər ikimiz hərbçiyik, axı, sən həyatla döyüşmüsən, mən isə düşmənlə.

            - Hə, elədir... Amma mənim düşmənlərim daha qorxunc olubdur, axı onlar özümkülərdir. Sənə nə var ki, bilmisən bu sənin düşmənindir, onu öldürməsən, o səni öldürəcək. Ona görə həmişə irəli getmisən, qalib gəlmisən. Mən isə susmuşam, ona görə də məğlub olmuşam.

             Qəribədir, qız vaxtı arzulamışdım ki, kaş mən də tibb bacısı olaydım, sevdiyim oğlan da hərbiçi olaydı. Hərbiçiylə cəbhədə bir olaydıq, yeri gələndə ona dəyəcək güllənin qabağına sinəmi verəydim. Görürsən, neçə illərdən sonra arzum çin oldu, özüm hərbiçinin qəfil gülləsinə tuş gəldim... özü də düz ürəyimin başından vurdu, – deyə qadın gülümsədi. - Gör, neçə ildir ki, bu görüşün həsrətindəydik, mən səni ilk dəfə gördüyüm andan iyirmi ilə yaxın bir vaxt keçibdir. Bu iyirmi ildə yalnız bircə dəfə görüşmək qismətimiz oldu. İndi də ayrılırıq, özü də bu ayrılığın əbədi olacağını düşünəndə damarlarımdakı qanım da donur.

         Neçə illərdi ki, xəyallarımda bu sakit otağı tikirdim, toz-torpağını silib, təmizləyirdim, divarlarını öpürdüm, yerinə xalça-palaz əvəzinə çəkdiyim rəsmlərimi döşəyirdim. Qapısı, pəncərəsinə qıfıl axtarırdım ki, tanrıdan başqa heç kəsin açarı düşməsin bu qıfıla. Axır ki, arzuladığım və xəyallarımda yaşatdığım bu otağı qurdum. Xoşuna gəlirmi, necə memaram, qurban olum? – deyə qadın kişinin sinəsinə sığındı.

            Kişi gözlərini otağın bütün künc-bucağında dolandirdıqdan sonra, diqqətini qadının gözlərinin içinə dikərək, dərindən köks ötürdü:

            - Sən yanımdasan, ömrümdəsən... Səsini eşidirəm, rahat oluram, elə doğmasan ki mənə, anamın laylası qədər... Niyə ürəyimin bu boyda yetim olduğunu duymamışdın? Mən səni axtarırdım. Nə olar, söz ver ki, məni tərk etməyəcəksən, sən bu şəhərdən kənara çıxmayacaqsan. Çıxırsansa, çıx ürəyimin başına, sahib ol mənim ömrümə. - Elə istəyirəm, bu dəqiqə, elə bu an mənə deyəsən ki, heç kəs ürəyimi belə öpməyib, heç kimi bu qədər ürəkdən sevməmişəm. Və sonra da deyəsən: - Axı, nə verəcək bu sevgi bizə, nə qədər gec deyil uzaqlaş, qaç məndən.

            Qadın xəstə adamlar kimi zarıdı:

         - Bu gün bildim sənə nə qədər bağlı olduğumu. Ürəyim elə sızlayır ki... Sən də çalış unutmayasan məni. Sən mənə hamıdan doğmasan. Sənə tərəf gələn yol çox uzun oldu mənə... özündə deyirdin axı, bu yol çox uzun yoldur. Bəs, niyə görüşümüz bu qədər qısa oldu.

     - Sən keçirtdiyin hissləri mən də keçirirəm. Yox, məncə tələsmədik, hər şey vaxtından oldu. Sənə demişdim, axı, sən mənim tanrı payımsan, tanrım tərəfindən mənə göndərilmiş bir mələksən. Görürsən, Allahım necə qovuşdurdu bizi?

     - Mən bura gəlincə nələrdən keçdim bir allahım bilir. Allahım yol açdı, çünki məqsədim, niyyətim təmiz idi. Gəldim ki, sənin də ürəyin sakitləşsin, məni az da olsa tanıyasan, biləsən ki, mən səni nə qədər sevirəm. Bundan sonra mənim haqqımda nə düşünürsən, düşün, özün bilərsən. Mən sevgiyə Allahıma inandığım qədər inanmışam, amma dadını bilməmişəm. Indi anladım ki, bir-birinə qovuşanlar necə də xoşbəxtdirlər. Hər gün yuxularımda, xəyallarımda yaşadırdım səni. Bəzən xəyallarımda səni itirirdim, yenidən tapanda qucaqlayırdım, zəhmli baxışlarından öpə-öpə əriyirdim; - heç kəsə verməyəcəyəm səni – deyirdim. Ancaq sözlərim boşluqda əks-səda verən səs kimi yenidən özümə qayıdırdı. Həmişə düşünürdüm, səni necə çağırım, ömrüm, canım, həyatım, rəsmlərimmi deyim?! Fikirləşirdim ki, yox, bunların hamısı sənə olan sevgimin yanında çox cılız görünər. Sən bunların hamısından çox güclüsən. Bəlkə, elə Allahım deyim sənə?! Axı, Allahımı hamıdan, hər kəsdən çox istəyirəm. Biz bir az da gec görüşsəydik, inan ki, dəlixanalıq olacaqdım. Mən dəlixanalıq olmamaqçün buraları tərk edib gedirəm. Səndən bir xahişim var, məni xatırlayanda doğulduğum o torpağa baş çək. O, həmin torpaqdır ki, mənim uşaqlıq illərim keçib, orada ata-anamın ruhları dolaşır. Onların ruhları, qoy sənə duaçı olsun. Mən isə ömrümboyu sənin nəfəsin qarışan bu otağın havasını ciyərlərimdə saxlayacağam. Saxlayacağam ki, qoy bir də heç zaman burnuma yad nəfəsi dəyməsin. Səni hələ “doğmayacağam”, ətimi-qanımı yedirəcəyəm, gözümün suyunu içirəcəyəm, canımdan ayırmayacağam səni. Darıxarsan mənim üçün, nə olar...

            Qadının bu sözləri kişini yamanca kövrəltdiyindən:

            - Sənin gözlərində hara kimi üzəcəyimə tam əmin deyiləm. Kaş, gözündəki ləpələr məni sahilə çırpmayaydı. Mən səni bağrıma basıb baxışlarımla gözlərindəki izləri yuyub aparardım və elə bu andaca; - “Getmə uzaqlara, qal sənə qurban...” mahnısını oxuyardım. Amma sənin inadına bələd olduğum üçün, bu inad qarşısında çox gücsüzəm. Barı, gedən zaman söylə, hansı tərəfə gedirsən, mənim qibləm hara olacaq, mən üzümü hayana tutum?!..

            Qadın çantasından çıxartdığı əl dəsmalıyla yanağından süzülən göz yaşlarını silərək zorla gülümsədi və:

- O qibləni bir daha axtarma... Sevginin imanı olmadığı kimi, onun qibləsi də olmur, əzizim! – deyə qadın otağı tərk edib getdi...

                                                                                              

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0234 saniye