İyirmi dörd fəsil (15-ci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 12:47 14 aprel 2016 tarixində əlavə olunmuşdur

Biz məhəlləyə gəlib çatanda Fikrət əmi ilə Sənubər xalanı binanın qabağında gördük. Nicat taksi sürücüsünə gözləməyi tapşırdı. Fikrət əmi məni görüb ayaq saxladı... 

-Nicat, köməyinə görə çox sağ ol. İnan ki, heç Turalın üzünə də baxmaq istəmirəm bundan sonra. 

-Elə demə. Bəlkə aranızdakı problemlər həll olunar, hər şey düzələr? 

-İnanmıram. Mən bundan sonra onun heç bir sözünə inanmaram. Orda dayanan iki nəfəri görürsən - bir kişi, bir qadın ? 

-Görürəm, kimdir ki, onlar? 

-Turalın valideynləridir. Bizə gəliblər yəqin. İndi yuxarı çıxıb hamıya hər şeyi danışacam. 

-Səbrli ol. Əsəbi qərar vermə. 

-Yox, əsəbi deyiləm. Bezirəm Turalın hərəkətlərindən. Maşında sürücünün yanında adam hər şeyi danışa bilmir axı... Mən onun Türkanla sevgili olduğunu  lap əvvəldən bilirdim. Düzünü desəm, Xatirənin bacısı olduğunu da bilirdim. Amma Xatirənin yanında açıb demirdik heç nəyi. Görünür heç Türkan da Xatirəyə heç nə deməyibmiş ki, o arxayınlıqla bizi tanış eləmək üçün görüşdürdü. 

-İnana bilmirəm, heç olmasa mənə deyərdin hər şeyi. Məndən niyə gizlətmisən? 

-Necə deyim? Axı Xatirə sənin nişanlındır... Nəysə, məni gözləyirlər onlar, çox ləngidim. İndi gedirəm, sabah zəngləşib ətraflı danışarıq. 

-Yaxşı, özündən muğayat ol, təmkinli ol. 

-Hələlik... 

Nicatla sağollaşıb, bizim blokun qapısına çatanda Fikrət əmigil qəribə, həm də bir az acıqlı baxışlarla mənə baxırdılar. Gözlədiyim nəticəni aldım, Fikrət əmi sorğu-suala başladı: 

-Biz elə bilirik siz Turalla görüşdəsiz.

-Elə Turalla görüşdə idik... 

-Bəs onda Tural harda ölüb ki, səni evə başqa adam gətirir? Kimdir o oğlan? 

-Tural da tanıyır onu, dostumuzdur. Həm də, aktyordur. 

-Axşam vaxtı nişanlın əvəzinə başqa bir adamla evə qayıdırsansa, aktyor ya da nazir olmağı heç nə dəyişmir? Tural hardadır? 

-Elə Turalın hərəkətinə görə Nicat sağ olsun ki, axşam vaxtı məni qoymadı taksi ilə tək qayıtmağa... 

-Çıx yuxarı, evdə danışaq... 

********

Anam qapını açanda bizim üzümüzdəki ifadəni görüb təəccüb elədi. Hamı içəri keçəndən sonra Turalı soruşdu. Mən dedim ki, o gəlməyib. Bir az da təəccübləndi. Keçib süfrə arxasında əyləşdik. Fikrət əmi anamdan "Aygün bacı, siz Nicat adında adam tanıyırsınız?" - deyə soruşdu. 

-Nolub ki, Fikrət qardaş? 

-Tanıyırsınız ya yox? 

-Qohumlarda elə bir adam yoxdur, amma Gülanəgilin bir tanışı var, cavan oğlandır, onun adı Nicatdır. Başqa Nicat tanımıram. 

-Hə, yəqin ki, elə odur. 

-Başa düşmürəm, nə baş verir? 

-Gülanəni Turalın əvəzinə o gətirir evə. İstədim sizdən də maraqlanım görüm o kimdir ki, Gülanəni evə ötürür? 

-Gülanə, başa düşmədim, sən məndən Nicatla görüşmək üçün icazə almısan, yoxsa Turalla görüşmək üçün? Nə baş verir? 

İşlər qarışırdı. Mən məsələni aydınlaşdırmaq üçün icazə istədim. Xahiş elədim ki, məni axıra qədər dinləsinlər, mən hər şeyi danışım. Razılaşdılar. 

-Biz Turalla görüşmüşdük. Tural özü də Nicatı tanıyır. Biz yaxın dostuq. Elə Turalla kafedə oturmuşduq ki, Nicatdan zəng gəldi. Mən söz düşəndə Turalın intiharı haqqında danışmışdım ona, indi də biləndə ki, Tural Bakıya gəlib, onu görmək istədi. Mən də yerimizi dedim, o da öz nişanlısı ilə gəldi görüşməyə. Dördümüz oturub söhbət edirdik... 

Evdəkilər səbrlə məni dinləyirdilər... 

-Sonra Türkan gəldi... 

Türkanın adı çəkilən kimi anamın və Sənubər xalanın baxışları dəyişdi. Fikrət əmi isə Türkan məsələsindən xəbərsiz idi. Ona görə Türkanın da kimliyini soruşdu. Mən hər şeyi olduğu kimi danışmağı hədəfə almışdım, Fikrət əmidən heç nəyi gizlətmirdim... 

-Türkan Turalın Ankaradakı sevgilisidir, bilmirəm ona keçmiş sevgilisi deyim ya yox. 

-Başa düşmədim, necə yəni sevgilisidir? Sənubər, sən nəsə bilirsən o Türkan haqqında? 

Sənubər xala başını aşağı salıb, heç nə demədi. Fikrət əmi başa düşdü ki, Sənubər xala Türkan haqqında hər şeyi bilir. Sonra mənə işarə verdi ki, söhbətə davam edim. 

-Türkanla Tural mənim bildiyimə görə ayrılmışdılar. Amma məsələ bir az qarışıqdır. Bilirsiz, Nicatın nişanlısı ilə Türkan bacıdırlar. Tural Xatirəni ilk dəfə görəndə də tanımışdı, mənə Türkanın bacısı olduğunu demişdi. Amma biz Nicatın yanında heç nə deməmişdik. Yəqin ki, Türkan Turalın intiharını eşidib gəlib Bakıya. Xatirə bütün bunlardan xəbərsizdir, heç nə bilmir. Yazıq qız bizi tanış eləmək istəyirdi, amma biz kafedə Türkanı görəndə aləm qarışdı. Mən əsəbiləşib kafedən çıxdım, Tural da mənim arxamca gəldi. Sonra Nicat da çatıb bizi dayandırdı. Biz ona hər şeyi deyəndə çox təəccübləndi. 

-Bəs sən niyə Turalla yox, Nicatla qayıdırsan evə? 

-Ona görə ki, biz mübahisə eləyəndə Tural məni vurdu. Biz küçədəydik, hamı bizə baxırdı. Onun məni vurmağından çox utandım, Nicat bu hərəkətə görə Turalı danlayırdı, mübahisə eləyirdilər, sonra o Nicatı da vurdu. 

-Mən başa düşmürəm, siz küçədə insanlara tamaşa göstərməyə getmişdiniz? 

-Fikrət əmi, xahiş edirəm, mənə axıra kimi qulaq asın. Tural indiyə qədər də Türkanla olan  şəkillərini telefonunda saxlayırmış, Nicata göstərəndə mən də gördüm. Biz ona görə mübahisə eləmişik Turalla. Amma o məni vurandan sonra mən dözə bilməyib üzüyümü ona qaytarmışam... 

-Nə? Necə yəni üzüyü qaytarmışam? 

-Başqa çarəm yox idi, biz dünən də otaqda söhbət edəndə Türkana görə mübahisə eləmişdik. O məni sevmir, mənə sadəcə nişanlı gözündə baxır. İndiyə kimi də Türkanı sevir. Bu gün də qızı görəndə ona necə baxdığını görmüşəm. 

-Qələt eləyir. Bu nə oyundur qurmusunuz? Nişanı atmaq nə deməkdir, qoy Tural da gəlsin, ikinizin də ağlınızı başınıza gətirmək mənə borc olsun. 

-Fikrət əmi, hamınızdan üzr istəyirəm, amma mən Turalla ailə qurmağa razı deyiləm. Bu gün Türkana görə məni küçədə, insanların gözünün qabağında vurubsa, sabah nələr eləyər, onu Allah bilir. Bizim evlənməyimizi siz istəmisiniz, nə Turaldan, nə də məndən heç nə soruşmamısınız. Əgər soruşsaydınız vaxtında deyərdim bu Türkan məsələsini. Hamı hər şeyi bilərdi, indi də bu vəziyyətə düşməzdik. 

-Sən də başlamısan mənə cavab qaytarmağa? 

-Fikrət əmi, sizdən üzr istəyirəm, hörmətsizlik eləmək istəməzdim. Amma yəqin məni başa düşərsiniz, Turala qarşı çox əsəbiyəm. Axı sizə deyirəm ki, məni küçədə vurub... 

-Onun cavabını mən verərəm. Qoy gəlsin görüm... 

Bir az keçəndən sonra qapı döyüldü. Gələn Tural idi. Qapını mən açdım, amma bir dəfə də olsa başımı qaldırıb üzünə baxmadım. Qonaq otağına keçib, evdəkilərlə salamlaşdı. Fikrət əmi deyəndə ki, hər şeydən xəbəri var, Tural gözlərini zilləyib yenə əsəbi baxışları ilə baxdı mənə, başını buladı. Amma Fikrət əmi onu çox danladı hərəkətlərinə görə. Məni də üzüyü qaytarmağıma görə danladı. 

-Yaxşı, əsəbi başla qərar vermək olmaz. Biz bu gün toyun vaxtını danışmaqdan ötrü gəlmişdik. Nə bilək ki, bizi burda nə sürpriz gözləyir? Gəlin, sakitliklə hər şeyi yoluna qoyaq. Qızım, sən də üzüyünü götür. Heç nəyə görə narahat olma, Türkan məsələsinə görə də Tural səndən üzr istəsin, barışın. 

-Fikrət əmi, qurban olum, başa düşün. Belə ailə olmaz, belə evlilik olmaz. 

-Sözümü yerə salırsan? 

-Əgər bunu belə başa düşürsünüzsə, daha bilmirəm nə cavab verim. Məni bağışlayın, amma mən bir də o üzüyü taxmaram... 

Anam ağlayırdı, Sənubər xala da sakitcə dayanmışdı. Danışan elə biz üçümüz idik. Fikrət əmi Sənubər xalaya "Dur, üzüyü götür, gedək." - dedi. Tural atasını saxlamaqdan ötrü cəhd elədi, amma alınmadı. Fikrət əmi heç kimin üzünə baxmadı. Sakitcə otaqdan çıxdılar. Anam gözünün yaşını saxlaya bilmirdi. Fikrət əmiyə atam kimi baxırdım, onu belə məyus, incikli görmək istəməzdim. Amma nə edim ki, Tural işləri korladı. Sanki Fikrət əmi oğlunun hərəkətinə görə özünü günahkar hesab edirdi. Onları mən yola salmalı oldum. Qapıdan çıxanda Sənubər xala da ağladı, Fikrət əmi axırıncı dəfə çevrilib mənə baxanda, dözə bilməyib, ağlaya-ağlaya onu qucaqladım: 

-Fikrət əmi, qurban olum, məni bağışlayın. Yalvarıram sizə, bağışlayın məni. Çalışın məni başa düşəsiz. Sizi atam qədər istəyirəm, sizə hörmətim sonsuzdur. Üzərimdə haqqınız var, ölənə qədər haqqınızı ödəyə bilmərəm. Amma bu gündən sonra bu iş alınmaz. Bir az fikirləşsəniz mənə haqq qazandıracaqsınız. 

Fikrət əmi heç nə demədən saçımı sığallayıb, sonra gözümün yaşını sildi. Arxaya baxmadan getdilər. Mən qonaq otağına qayıdanda anam ürəyini tutub ağlayırdı. 

-Ana, nə olub? Ürəyin ağrıyır? Qurban olum, bir söz de! 

-Biyabır oldum, ay Allah, biyabır oldum, adamlara nə deyəcəm? Necə başa salacam, ay Allah? 

-Ana, qurban olum, heç olmaya sən başa düş məni. Hələ də başqa bir qızı sevir o, neçə ay keçib, amma yadından çıxartmayıb onu. Hətta ona görə özünü öldürmək istəyib. Heç kim məni inandıra bilməz ki, evlənəndən sonra onu yaddan çıxarıb, məni sevəcək. Mümkün deyil... 

-Biyabır oldum, ay Allah. Ölsəm bundan yaxşı idi... Ürəyim... Ürəyim... 

-Ana... 

O gecə ilk dəfə anamı elə ağrı içində qıvranan gördüm. İlk dəfə belə məyus, sanki məndən utanırmış kimi gördüm. Amma onu heç vaxt bu vəziyyətə salmaq istəməzdim. Heç kim Turalın səhvini üzünə vurmadı, hamı məni yola gətirməyə çalışdı, hamı mənim bağışlamağımı istədi. Nə qədər bağışlamaq olar axı? Bu vəziyyətdə olan bir adamla necə ailə qurmaq olar? 

******** 

Bir həftə keçmişdi. Tural nə qədər zəng vursa da onun zənglərinə cavab vermirdim. Təkcə Aidə zəng vuranda onunla danışırdım. Bir-birimizi çox istəyirdik, doğma bacı kimi idik. Bircə onunla dərdləşirdim, ona deyirdim bütün sözlərimi. Tural tez-tez mesaj yazır, üzr istəyir, üzüyü yenə taxmağımı xahiş eləyirdi. Amma başa düşmürdü ki, üzük sadəcə bir simvoldur - nişanlı olmağımızı sübut edən bir simvol. Onun ürəyi məndə olmayandan sonra, üzüyü barmağımda olsa nə olar ki? Bilirdim ki, Tural dəyişməyəcək, yenə özü mənim yanımda, ürəyi Türkanda olacaq. Belə ailə olar? Sonradan peşman olmaqdansa, ailə qurmamış ayrılmaq daha yaxşı olardı. Onunla barışmadığıma görə heç peşmanlıq hissi keçirmirdim. Əksinə tezliklə onu unutmağa çalışırdım. Buna görə də hər dəfə Aidə ilə danışanda xahiş eləyirdim ki, Turala tapşırsınlar ki, bir də mənə zəng vurmasın. 

Əhvalım heç yaxşı deyildi. Anam mənimlə bir evin içində yad insan kimi rəftar edirdi. Nişanı qaytarmağıma görə məndən incimişdi. Amma mən bilirdim ki, hər işimdə məni dəstəkləyən, xeyir-dua verən anam bu işdə də məni başa düşüb, məni bağışlayacaq. İşə gedə bilmirdim, evdən çıxmaq istəmirdim. Bir neçə günlük icazə almışdım. Amma nə qədər belə davam etmək olardı axı? Tezliklə yenidən işimə qayıtdım. Əslində iş yerimdə olanda daha tez unuda bilirdim sıxıntılarımı... 

******** 

İş yerimdə olanda təxminən nahar vaxtında bir zəng gəldi telefonuma. Nömrə sanki tanış idi, amma kimin nömrəsi olduğunu xatırlamırdım. Zəngə cavab verəndən sonra neçə vaxtdır unutduğum insanın səsini eşitdim - Afər xanımın. O deyəndə ki, romanı tam oxuyub və görüşmək istəyir, sanki günlərdir içimdə yığılıb qalan problemləri ata biləcəyimə bir ümid yarandı məndə. Onunla görüşməyə razılıq verdim, belə qərara gəldik ki, bazar günü görüşək. 

Tural hələ də mənə zəng vurmaqdan yorulmurdu. Amma mən bütün bunların sadəcə bir göstəriş olduğunu aydın bilirdim. O mənimlə barışmaq istəsəydi heç olmaya bir dəfə iş yerimə gəlib, üz-üzə məndən üzr istəyər, barışmağı xahiş edərdi. Amma o bunu eləməmişdi. Doğrusu, əgər həqiqətən barışmaq istəsəydi, mən yenə də onunla barışmazdım. 

İş vaxtı bitəndən sonra, evə qayıdanda bir mahnı dinləmək istədim. Düşündüm ruhun qidası musiqidir, bəlkə bu yolla 3-4 dəqiqəlik da olsa beynim heç nə düşünməz. Radionu qoşdum, bir-bir kanalları dəyişdim, ürəyimə yatan bir musiqi tapa bilmirdim. Yenə də ən birinci qoşulduğum kanala qayıtdım, oğlan aparıcı şeir səsləndirirdi, onu dinləməyə qərar verdim. Sevgiyə aid olan bu şeirdən sonra elə bir mahnı səsləndi ki, kinolarda olduğu kimi - tam olaraq ürəyimi hədəf aldı... 

"Mənsiz həyatını sən duyacaqsan, 

Gündüz də, gecə də ağlayacaqsan, 

Sən məni axtarıb tapmayacaqsan, 

Sındı aramızda olan körpülər. 

Gəzməzsən mənimlə qoşa indi sən,

Dönərsən bir cansız daşa indi sən.

Yandı aramızda olan körpülər, 

Yaşaya bilirsən yaşa indi sən. 

Ürək səndən döndü, bir də barışmaz, 

Göz yaşı altında ocaq alışmaz, 

Bu son sözlərimi yaddaşına yaz: 

Sındı aramızda olan körpülər...

Filmlərdə olduğu kimi, mahnı səsləndikcə Turalın üzümə gülüşü, yalanları yenidən canlandı xəyalımda. Kafedə olanda Türkana olan baxışları gəldi gözümün önünə. Axı mən bunları yaşamağa layiq deyildim... Axı Tural mənə qarşı belə insafsızlıq eləməməli idi... 

Bu həyatdır. Həmişə "olmaz" dediyimiz işləri başımıza gətirməkdən zövq alır həyat - zalım həyat. 

(ardı var) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0216 saniye