Tural günlərlə ona cavab verməməyimə baxmayaraq bir dəfə də olsa iş yerimə gəlib, mənimlə üz-üzə danışmağa cəhd etməmişdi. Aramızda olan bu hadisələrdən sonra Aidə ilə də çox az hallarda danışırdım. Yavaş-yavaş onlardan uzaqlaşmağa, özümə qarşı soyuqluq yaratmağa çalışırdım. Hamıdan çox Turaldan gözləyirdim - mənimlə maraqlanmağını. Amma zəngləri o qədər süni görünürdü ki, mənə. Bilirdim ki, ürəyində nişanın pozulmağına görə bir rahatlıq var.
Həftənin bazar günü idi. Afər xanımla görüşə getdim. Əvvəl qapalı məkanlardan birində görüşməyi planlaşdırmışdıq, sonra fikrimizi dəyişdik. Dənizkənarı parka gedib, açıq havada təmiz düşüncələrlə romanı müzakirə etmək qərarına gəldik.
Problemlərin əlində itib batmaqdan dünyada nə baş verdiyini görməmişdim sanki. Biz parka gəlib çatanda səssizcə ətrafı izlədim. Necə olub ki, günlərdir baharın təmiz havasını hiss eləməmişəm? Yaxşı ki, parka gəlməyi qərarlaşdırdıq. Allahım, baharın gəlişindən necə xəbərsiz olmuşam? Ağaclar çiçək açıb, hər tərəfdə yaşıllıqlar gözə çarpır. Dəniz qırağında oturmaq adamı necə də rahatlandırırmış... Sərin külək, dəniz qoxusu, dalğaların səsi - bütün bunlar adama hər şeyi unutmağa bəs edərmiş.
-Afər xanım, burda görüşmək qərarınıza görə sizə çox təşəkkür edirəm. genlərdir bəzi sıxıntılar içindəyəm. Şəxsi problemlərimə görə ətrafdakı hər şeydən bixəbər qalmışdım. Dəniz qırağına gəlmək mənə çox böyük zövq, həm də rahatlıq verdi. İnanın, indi özümü elıə yüngül hiss edirəm, sanki heç dərdim yoxdur.
-Çox sevindim, Gülanə xanım. Bilirsiniz, əgər siz yaradıcı insan kimi bu yolda davam etmək istəyirsinizsə, təbiətin qoynunda çox vaxt keçirməlisiniz. Açıq havada olmaq, xüsusilə də yaz-yay aylarında təbiət mənzərələrini seyr etmək sizə bu işdə çox dəstək olacaq.
-İndi daha yaxşı başa düşürəm ki, nəyə görə bir çox uğurlu yazıçılar müxtəlif şəhərlərə, ölkələrə səyahət edirlər. Deməli, işin bir sirri də bu imiş. İnsanın düşüncələri daha aydın, ruhu daha təmiz olur sanki açıq havada.
Afər xanımla söhbətimiz çox gözəl davam edirdi. Romanımla bağlı bəzi səhvlərimi, həmçinin bəyəndiyi hissələr haqqında fikirlərini bildirdi. Üzərində bir az işləsəm, bu kitabın tezliklə populyar olacağına dair bir ümid oyatdı məndə. Hətta bu roman əsasında bir ssenari hazırlayıb, film də çəkmək şansımızın böyük olduğunu dedi. O an xəyal qurdum səssizcə: "22 yaşında gənc bir qız - gənc yazıçı. İlk kitabının təqdimatını keçirir, onlarla tələbə yoldaşı, onlarla dost, Nicat, Tural onunla gözəl günün sevincini bölüşməyə gəliblər, onu təbrik edirlər. Afər xanım gənc yazıçının ilk kitabı haqqında düşüncələrini bölüşür, sözü ona verir, tədbir iştirakçıları onu alqışlayırlar, ona gül dəstələri bağışlayırlar. Bir anda ulduzunun parlaması, bir-birinin ardınca gələn uğurlar onda gələcəyə ümid yaradır."
Bəs bu gələcəkdə Tural da varmı? Bəs Nicat, yaxud Xatirə? Xatirə Turalla bacısı arasında keçmişdə yaşananlardan sonra bir də Turalı görmək istəyərdimi? Yaxud Gülanə ilə bir də həmsöhbət olmaq, toy günü ilə bağlı xəyallarını bölüşmək istəyərdimi? İstəməzdi... Gülanənin xəyalını qurduğu gələcəkdə əslində nə Tural, nə də Xatirə vardı... Bəs Nicat? Axı Nicat onun ilk sevgisi olub, axı ilk sevgilər unudulmur...
********
Afər xanımla saatlarla davam edən maraqlı söhbətdən sonra batmaqda olan günəşi izləyə-izləyə metroya doğru getdim. Əslində bu gözəl havada doyunca nəfəs almaq istəyirdim, amma Afər xanım məndə böyük həvəs yaratmışdı deyə, tez evə çatıb, yazılarıma düzəliş eləmək istəyirdim.
Evə çatanda gördüm ki, anam artıq süfrəni hazırlayıb, məni gözləyir. Gözəl bir günün ardınca anamın könlünü almaq üçün daha gözəl fürsət olmazdı.
-Ana, səninlə əvvəlki kimi mehriban oturub söhbət eləmək istəyirəm. Nə olar, xahiş eləyirəm, gəl diqqətlə mənə qulaq as, ürəyimdəkiləri sənə deyim.
-Nə deyəcəksən axı? Eyni şeyləri nə qədər eşitmək olar: Tural başqasını sevir, Tural başqa qızın şəkillərinə baxır... Bəsdir eyni şeylərdən danışdın.
-Ana... Bilirəm ki, ürəyində qohum-qonşunun dərdini çəkirsən. Başa düşürəm səni. Amma sən də məni başa düş: evlənəndən sonra Tural yenə səhv eləyib, Türkanla görüşməyə davam eləsəydi, daha yaxşı olacaqdı? Bədbəxt olmağımı istəyərsən sən mənim? Mən necə dözüm axı ailə qurduğum adamın ürəyində başqasını sevməyinə? Bir şeyi başa düş ki, necə ki, Tural mənim ondan başqasını sevməyimi, başqa bir adamı fikirləşməyimi arzulamaz, eləcə də mən Turalın başqasını sevməyini istəmirəm. Mənimlə ailə quran adamın ürəyi də mənim olmalıdır.
-O kişidir. Onun həyatında başqa qız olubsa da bu qəbahət olmamalıdır.
-Mən Türkanla əvvəllər sevgili olublar deyə incimirəm ki, ondan. Mən hələ də Türkanı sevdiyinə görə inciyirəm. Mən təkcə buna görə üzüyünü özünə qaytarmışam. Belə çox sevirsə, getsin o üzüyü Türkanın barmağına taxsın...
"Mən nə danışıram? Necə yəni üzüyü Türkana versin? Gülanə, dəli olma. Düzdür, Türkan çox gözəldir, sən onun qədər gözəl deyilsən. Amma yadından çıxartma onun Turalı necə incitdiyini. Bir dəqiqə, guya Tural özü məni az incidib? Of..."
-Ana, mən bədbəxt olanda sənin dərdini çəkdiyin o tanışların, qonşuların hansı gəlib mənim yanımda mənə dayaq olacaq? Heç biri. Özün də yaxşı bilirsən ki, kim nə deyirsə özünə görə deyir, heç kim bizim nə əzab çəkdiyimizi bizdən daha yaxşı bilən deyil.
-Yeməyini ye. Mən bu barədə danışmaq istəmirəm...
Yenə süfrə arxasında sakitlik hökm sürdü həmin axşam. Yenə də inciklik, üzümə baxmayan bir ana...
Allahım, mənim nə günahım vardı ki, mən bu əzabları yaşayıram? Atam rəhmətə gedəndən sonra bir anam qaldı həyatımda. Bircə odur mənim dayağım, amma o da üzümə baxmır. Axı mən yazıq neyləyim? Turala mən demişdim ki, başqa qızı sevə-sevə mənimlə nişanlanmağa razılıq versin? Məgər mən istəyərdim belə çarəsiz qalmağı? Axı bu yaşadıqlarım hansı günahımın cəzasıdır? Allahım, mənə bir çıxış yolu göstər.
********
Gecə yatmamışdan əvvəl yazımın üzərində bir az işləmək istədim. Bir xeyli səhvləri düzəltmişdim. Yeni şeylər də əlavə etmək barədə fikirləşirdim. Telefonuma mesaj gəldi - yenə Tural...
"Tural, nə vaxt əl çəkəcəksən bu mesajlardan" deyib telefona baxdım. Mesaj məni bir az incitdi. Tural imtahanlara görə Ankaraya gedəcəkdi. Mənimlə görüşmək istəyirdi. Qərarsız idim, bilmirdim görüşüm ya yox. Amma axırıncı dəfə ona bir şans vermək istədim, barışmaq fikrim olmasa da, son dəfə ürəyindəkiləri mənə deməyinə imkan yaratmaq istədim.
Səhəri gün mən işdən çıxanda gördüm Tural pilləkənlərdə məni gözləyir. Salamlaşıb, dayandım yanında. O mənə baxırdı, mən gözlərimi yayındırmağa çalışırdım. Qorxurdum birdən, mənə baxan gözlərində Türkanı görüb dözmərəm. Yanaşı addımladıq, əvvəlcə heç birimiz danışa bilmədik. Sonra Tural məndən yenə üzr istədi. Məni vurmağına görə çox peşman olmuşdu. Üzüyü ona yox, Nicata verməyimə görə də çox pis olubmuş. İstədi ki, onu bağışlayım, yenə birlikdə olaq. Mən onu bağışlaya bilmədim. Düzdür, məni vurduğuna görə çox pis olmuşdum, qəlbim qırılmışdı. Amma bir müddət sonra bunu Turala bağışlaya bilərdim. Başqasını sevmək isə elə bir şeydir ki, mən buna dözə bilməzdim. Lap əvvəldən qısqanclıq xüsusiyyətim vardı, mən sevdiyini başqasıyla bölüşə bilməyəcək adamlardan idim. Həm də, mənim dünyamda yaxşılıqdan başqa hər şey qarşılıqlı olmalı idi, ən başda da SEVGİ. Mən ilk sevgisi qarşılıqsız, cavabsız qalanlardan idim. İkincisinə dözməyə gücüm çatmazdı. Elə buna görə də Turaldan uzaqlaşmaq üçün, onu özümdən soyutmaq üçün əlimdən gələni edirdim.
Tural bir də məni vurmamağa, məndən başqa heç bir qıza baxmamağa söz verdi. Mən belə sözləri onun dilindən çox eşitmişdim, indi dediklərinə də inanmaqda çətinlik çəkirdim. Buna görə də son sözümü dedim, məni bir də axtarmamağı xahiş elədim ondan. Gözəlliyinə görə Türkanı qısqandığımı etiraf elədim. Əhatəsində onun kimi gözəl bir qız ola-ola, məni sevə bilməyəcəyini də başa düşürdüm. Amma o bu sözlərimi eşidəndə, sərt reaksiya verdi. Sadəcə onu dedi ki, Türkan onun ilk həqiqi sevgisidir, buna görə onu unutmaqda elə çətinlik çəkib. Danışdıqca ağlamaq istəyirdim, o dayanmadan deyirdi ki, məni itirmək istəmir, məni belə incitmək istəmir... Amma bunlar hamısı boş sözlərdir. İlk dəfə idi ki, Turalın həqiqətən peşman olduğunu hiss elədim. Uşaq kimi, telefonu əlində tutub məni inandırmağa çalışdı ki, onunla olan bütün şəkillərini silib:
-Gülü, yalvarıram, bağışla. Mən istəməzdim bizim aramızda belə bir söhbət olsun. Universitetdə hər dəfə yoluma çıxırdı, amma mə ondan qaçırdım. Burda qaça bilmədim, kafedə bizim masamıza yaxınlaşanda özümü itirdim, çox təəccübləndim. Mən ona görə elə baxırdım ona.
-Tural, hərçənd səndən heç vaxt belə şey istəmərəm, amma mənə görə də ölməyə razı olarsan sən? Sən az qala ona görə özünü qurban eləyirdin...
-Çox peşmanam, yaxşı ki, Erkan məni o vəziyyətdə tapıb, xəstəxanaya aparıb. Yaxşı ki, ölməmişəm... O qıza görə ölməyə, canından olmağa dəyməzdi. Bilirəm, çox səhvlər eləmişəm, səni də, ailəmi də çox incitmişəm. Mənə axırıncı şans ver, bu dəfə özün də görəcəksən ki, dəyişməyə çalışıram.
-Mən sualımın cavabını hələ də almamışam.
-Gülü, sən mənim dostumsan, nişanlımsan...
-Daha nişanlın deyiləm...
-Bundan sonra sən mənim hər şeyimsən. Qurban olum, qoy sözümü deyim. Necə ki, oğrular sənin çantanı götürüb qaçmışdılar, necə ki, onda sənin kim olduğunu bilməyə-bilməyə sənə kömək eləmişdimsə, indi nişanlım kimi, həyat yoldaşım kimi səni həmişə müdafiə eləyəcəm.
-Tural, mən müdafiə eləməkdən danışmıram. Soruşuram ki, mənə görə də ölməyə razı olardın?
-Sənin üçün hər şey eləməyə razıyam. Bu gündən sonra istədiyin hər şeyi eləyərəm. Hətta bir dəfə demişdin, roman yazıb, kitab çap eləmək istəyirsən, bax bu işdə də sənə hər köməyi eləməyə hazıram.
Bir anlıq sükutdan sonra "məni atma" deyib qucaqladı məni.
-Bilirəm ki, axır vaxtlar sənə çox əzab vermişəm, amma inan mənə, mən sənin yanında olanda, özümü çox etibarlı yerdə hiss eləyirəm. Mən bir anamın dizlərində belə rahatlıq tapırdım, indi də sənin yanında. Yalvarıram, məni atma. Hər şey eləyəcəm ki, məni bağışlayasan.
Ayrılmış olsaq da, məni qucaqlamağına etiraz edə bilmədim. Biz nişanlanandan sonra ona qarşı hisslərim dəyişmişdi, ona əvvəllər olduğu kimi dost nəzərində yox, gələcək həyat yoldaşım nəzərində baxırdım. İndi də o məni qucaqlayanda, saçlarımı sığallayanda çox həyəcanlanmışdım. Amma mən hələ də ona sarılmamışdım. İstəmədim verdiyi vədlərlə məni ələ ala bildiyini düşünsün. Həqiqətən mənimlə bir yerdə olmaq istədiyinə əmin olmalıydım. İmtahanlarını başa vurub qayıdandan sonra görüşməyə söz verdim. İstədim o vaxta qədər bir az da fikirləşsin. Söhbətimizi başa vurandan sonra məni evə ötürdü.
Səhəri gün Aidə mesaj yazıb dedi ki, Fikrət əmi onu yola salıb. Ürəyimdə elə bir qorxu, elə bir həyəcan vardı ki, həmin gün. Nişandan sonra ilk dəfə idi, onu tək göndərdim, onunla birgə hava limanına getmədim. Getdiyi şəhər hansısa bir qıza görə canından keçmək istədiyi şəhər idi. O şəhərə qarşı bir nifrət yaranmışdı məndə. Bundan sonra hər dəfə "Ankara" adını eşidəndə, qulaqlarımı tutmaq istəyəcəkdim.
O bu dəfə iki həftəlik getmişdi. Sonuncu iki həftə. Nəhayət ki, imtahanlarını bitirib, birdəfəlik yanımıza qayıdacaqdı. İlk imtahan iki gündən sonra idi.
Onun üçün dua edirdim, imtahanları yaxşı keçsin deyə. İlk imtahanı olan gün mənə zəng vurmuşdu. Demişdi ki, imtahan yaxşı keçib. Həmin gün həm də Turalın sevimli komandasının futbol oyunu vardı. Dostları ilə birlikdə oyuna baxmağa gedəcəkdilər. Demişdi oyundan sonra yenə mənimlə əlaqə saxlayacaq. Amma o gecə heç əlaqə saxlamadı. Mən də yorğun idim deyə yatdım.
Səhəri gün qışqırıq səsləri ilə oyandım yuxudan. Əvvəlcə çox qorxdum, bilmədim nə baş verir. Sonradan diqqətlə qulaq asıb, başa düşdüm ki, səslər televizordan gəlir. Türk kanallarından birində hansısa partlayışdan danışırdılar. Tez yatağımdan qalxıb qonaq otağına keçdim, gördüm ki, anam diqqətlə xəbərə qulaq asır.
"Dün gece yaşanan patlamada hayatını kaybedenlerin arasında 1 Rusya ve 2 Azerbaycan vatandaşının da olduğu belirtildi. Azerbaycan vatandaşlarının üzerinde öğrenci pasolarının bulunduğuna dair bir açıklama yapıldı. Kimlikleri henüz açıklanmayan bu kurbanlarla ilgili daha detaylı bilgileri ilerleyen saatlerde sizlere aktaracağız."
-Ana...
-Hə, qızım
-Mən xəbərin əvvəlini eşitmədim, bu partlayış hansı şəhərdə olub?
-Ankarada ...
Anam Ankara deyən kimi, bir titrəyiş başladı bədənimdə. Qorxdum, amma bacardığım qədər qorxumu anamdan gizlətməyə çalışdım. Təmkinlə otağa keçib, qapını içəridən bağladım. Telefonu əlimə alıb, baxdım ki, mən yatandan sonra da Turaldan mesaj və ya zəng gəlməyib. Əllərim əsirdi, amma pis fikirləri başımdan atmağa çalışdım. Yaxşı şeylərə ümid edərək, Turala zəng vurdum. Əlaqə yaranmadı. Dizlərim üstə yerə çökdüm. Bir qorxu oyandı ki, ürəyimdə, bu dəfə nə qədər çalışsam da qorxumu gizlədə bilməzdim. Telefon əlimdə, gözlərim telefonda, çökmüş vəziyyətdəydim. Bir də zəng vurdum, yenə əlaqə yaranmadı. Aidədən zəng gəldi telefonuma, sanki ürəyim yerindən qopdu. O heç vaxt səhərin bu saatında mənə zəng vurmamışdı. Telefona cavab verdim, səsi tətrəyirdi.
-Aidə, nə olub?
-Bacı, heç nə, elə belə zəng vurdum.
-Bu vaxt? Sən heç vaxt səhərin bu vaxtında mənə zəng vurmamısan.
-Bacı, bir şey soruşmaq istəyirəm səndən.
Bütün bədənim titrəyirdi, telefonu əlimdə güclə saxlamışdım.
-Bacı, Turalla axırıncı dəfə nə vaxt danışmısan?
-Dünən. İmtahandan çıxandan sonra zəng vurmuşdu mənə. Sonra dedi ki, axşam futbola baxmağa gedəcəklər, ordan qayıdanda mənə zəng vuracaqdı, amma əlaqə saxlamadı. telefonuna zəng vururam, amma bağlantı yoxdur.
-Hə, biz də zəng elədik, amma əlaqə saxlaya bilmədik, dedim bir səndən də soruşum, fikirləşdim bəlkə səninlə danışmış olar. Anam bir az nigarandı.
-Aidə, səsin titrəyir, boş yerə gizlətməyə çalışma...
-Nə yalan deyim, bayaq təsadüfən xəbərlərdə gördüm ki, Ankarada partlayış olub. Dedilər ölənlərin arasında iki nəfər Azərbaycan vətəndaşı da var. Dedilər ki, tələbələrə aid sənədd tapıblar onlarda. Adam istər-istəməz bir narahatlıq keçirir.
-Bilirəm, mən də baxırdım. düzünü desəm, mən də çox narahatam. Amma pis fikirləşməməyə çalışaq. Yəqin , texniki problem var. Bizi nigaran qoymaz. Yuxudan oyanan kimi əlaqə saxlayar bizimlə.
Nə qədər gizlətməyə çalışsaq da ikimiz də çox narahat idik. Bir-birimizə təsəlli verib sağollaşdıq, Turalın yaxşı olmağına ümid elədik.
Amma ölənlərin şəxsiyyəti açıqlanmayana qədər heç birimiz rahat ola bilməyəcəkdik.
Qonaq otağına qayıdıb, süfrəni yığışdırmağa başladım.
-Gülü, niyə yığırsan süfrəni? Otur, rahat yeməyini ye.
-Yox, ana, istəmirəm.
-Yaxşı, onda vaxt itirmə, qızım, hazırlaş, işə gecikmə.
-Ana, mən bu gün gec gedəcəm.
-Niyə?
-Bilmirəm, necə deyim. Amma ürəyimə bir qorxu düşdü. O ölən azərbaycanlı tələbələrin kimliyindən nigaranam.
-Belə başa düşdüm ki, Turala görə narahatsan.
-Düzünü desəm, hə.
Anam yaxınlaşıb, məni qucaqladı, saçlarımdan öpdü. Məni sakitləşdirməyə çalışdı: "özünü darıxdırma, qızım, Allah Turalı qorusun. İnşallah Turalla danışarsan, ürəyin sakitləşər."
Anam mənə təsəlli verirdi, amma hədər idi. Bu elə bir hiss idi ki, Turalın səsini eşitmədən mənim rahatlığım ola bilməzdi.
********
Anamı işə yola salandan sonra gözümü kanaldan ayırmadım. Növbəti xəbər buraxılışını gözlədim. Elə güclü bir partlayış olmuşdu ki, xəbərlər tez-tez yenilənirdi, bütün kanallarda, sosial şəbəkələrdə hamı yalnız o hadisədən danışırdı. Mən hələ də Turalla əlaqə saxlaya bilməmişdim. Narahatlığımın pik nöqtəsində idim. Təxminən iyirmi dəqiqə keçdi. Eyni kanalda xəbərlərin xüsusi buraxılışı yayımlandı. Uzun-uzadı təqdim olunan süjetin ardından nəhayət ölənlərdən bəzilərinin şəxsiyyəti haqqında məlumatlar verildi. Amma adları sadalananların arasında həmin azərbaycanlı tələbələr və Rusiya vətəndaşının adı çəkilmədi. Aparıcı sanki qaranlıq suallarıma cavab verirmiş kimi, xəbərin davamını gətirdi:
"Dün gece yaşanan patlamada hayatını kaybeden 1 Rusya vatandaşı ve 2 Azerbaycanlı öğrencinin de kimliyi resmi olarak açıklandı, sayın seyirciler. Bu bilgileri de üzülerek sizlere iletiyoruz. Ölenlerin cesetlerinin ait olduğu kişiler:
24 Mayıs 1969 doğumlu Nikolayeva Elena . Baba adı: Vasili . Doğum yeri: Rusya, Moskova
11 Haziran 1994 doğumlu Abdullayeva Türkan. Baba adı: Hüseyin . Doğum yeri: Azerbaycan, Bakü
10 Ekim 1993 doğumlu Ferhadov Tural. Baba adı: Fikret. Doğum yeri: Azerbaycan, Bakü
Patlamada hayatını kaybedenlere Allahtan rahmet ve yakınlarına başsağlığı diliyoruz."
Daha xəbərin davamını izləməyə ehtiyac qalmadı.
Qulaqlarım batdı, dizlərimə söz keçirə bilmədim...
"Bu Tural mənim Turalım ola bilməzdi. Mümkün deyildi. Axı o dedi ki, doğum tarixi 10 oktyabr 1993-dür. Axı mənim Turalımın doğum tarixi 10 oktyabr 1993-dür. O səhv dedi. Bir dəqiqə, o düz deyib. Doğum tarixini düz deyib. Yox, ola bilməz. Mənim Turalım ola bilməz o. Axı o biri tələbənin də adını açıqladılar, dedilər ki, qızın adı Türkandır. Nə? Qızın adı Türkandır? Yox, nə Türkan, yəqin səhv başa düşmüşəm."
Axmaq-axmaq danışma, Gülanə! Burda səhv yoxdur, ölən oğlan Tural imiş...
Adını, soyadını, atasının adını, doğum tarixini dedilər. Hər şey doğrudur...
Tural da partlayışda həlak olanlardan biridir..."
Allahım, belə dərd olar? Belə əzab olar? Allahım, niyə alırsan sevdiklərimi məndən? Niyə məni qoymursan xoşbəxt olmağa? Niyə üzümü güldürmürsən? Nə istəyirsən məndən? Daha nə qaldı məndən almaq istədiyin? İndi kimi alıb aparacaqsan əlimdən? Bəs eləmədi apardıqların? Bəsdir daha! Bəsdir! Bəsdir! Bəsdir! Bəsdir!
Qurban olum, bəsdir!
Yalvarıram, bəsdir mənə əzab verdin!
Allahım, yalvarıram, bəsdir əzizlərimdən ayırdın məni! Bəsdir!
Elə nalə çəkdim ki, damarlarımda qanım dondu... Nişanlım, sevdiyim artıq həyatda yoxdur! Bu necə dərddir axı?
Mənim də canımı al! Atamı apardın, nişanlımı apardın, məni də apar. Mən daha niyə yaşayıram ki? Apar! Məni də apar! Öldür məni də!
Öldür! Niyə durmusan? Məni də öldür!
Öldür məni!!!
(ardı var)
Gülzarə Hüseynova