Həmişə deyirdim axı, həyat zalım həyatdır. Ən çox "itirməkdən" qorxurdum bu həyatda - nəyisə itirməkdən qorxurdum həmişə, məsələn, ailəmi itirməkdən, təhsilimi itirməkdən, işimi itirməkdən, sevdiyim insanı itirməkdən, ağlımı itirməkdən. Deyirlər axı, "qorxduğun hər şeyi bir gün yaşayırsan", mən də qorxduğum hər şeyi yaşadım. Həyatımın ilk və ən ağır zərbəsini atam öləndə almışdım. İlk itkimi onun gedişi ilə yaşamışdım. Atamdan sonra da ilk sevgimi itirdim, hələ "sevirəm" sözünü dilimə gətirmək nəsib olmamış onun məni nişanlısı ilə tanış etməyi ikinci zərbəm oldu. Hər şey üst-üstə gəlmişdi, sıxılmışdım, evə qapanmışdım, dərsə davamiyyətim zəif olduğuna görə universitetdən qovuldum - bu da üçüncü zərbəm. Amma ən təzə, qanı hələ dayanmayan yaram Turalın ölümü idi, xüsusilə də Türkanla birlikdə ölməsi idi. "Mənim" həyat yoldaşım olacaqdı, amma başqasının yanında öldü - ilk sevgisinin.
Cənazələri də birlikdə gətirildi Bakıya. Fikrət əmigilin vəziyyəti heç gözümün önündən getmir. Heç təsəvvür edə bilmirəm ki, oğlunun cənazəsini qarşılayanda nə qədər əzab çəkib o. İnsan valideynini itirəndə çox əzab çəkir, amma valideyn övladını itirəndə daha çox yandırır. İllərlə min bir dərdin içində oğul böyüt, gözün kimi bax ona, hər pislikdən, hər xətadan qoru, amma sonra bir axmağın əli ilə ölüb ovcunun içindən çıxıb getsin...
Bir ata üçün oğlunun cənazəsini qarşılamaq nə qədər ağırmış, bunu Turalın dəfnində başa düşdüm. Fikrət əmi necə gücsüz, necə də susqun idi. Gözlərini ancaq bir nöqtəyə dikib dayanırdı. Heç Sənubər xalagil də ondan geri qalmırdılar. Oğul itirməyin ağrısı böyük olurmuş...
********
Artıq bir neçə ay keçsə də əslində Turalın ölümü çox ürəyimi qırmışdı. Hər şey mənasını itirmişdi. İşdən çıxmışdım. Bütün günüm evdə keçirdi. Ruhsuz, mənasız və boş həyatı yaşamağa davam edirdim. Vecsiz yaşayırdım, sanki əlimdə nə vardısa hamısı əlimdən getmişdi, Sanki daha itirəcək heç nəyim yoxmuş kimi. Elə deyildi. Son bir dəyərli varlığım qalmışdı bu həyatda, canımdan da əziz olan bir can - anam. İtirməkdən qorxduğum hər şeyi itirmişdim. Anamı da itirməkdən qorxurdum. Amma qorxumu ürəyimdə baxdırmağa çalışırdım ki, birdən hər şey kimi anamı da alar məndən həyat. Uşaqlaşmışdım. Hər dəfə Turalın şəkillərinə baxıb, onu xatırlayanda anama sığınırdım. Onu qucaqlayıb, qollarında ağlayırdım. Hər dəfə saçımı sığallayar, mənə təsəlli verər, "yoruldum" deməzdi. Sonralar görəndə ki, anam mənə görə fikir çəkir, bir az sakitləşməyə çalışırdım. Günlər keçdikcə anama yox, öz otağıma sığınmağa başlamışdım. Mənə görə fikir eləməyinə dözə bilmirdim. Özümü öyrəşmiş kimi göstərirdim. Anamın göz yaşına dözə bilməyən insan idim mən, amma baxdım ki, öz dərdimin içində itib-batmaqla elə özüm anamın göz yaşına səbəb olmuşam. Buna görə də tezliklə özümü toplamağa çalışdım.
Dərdli günlərimdə yalnız bir insan vardı ki, hər gün mənimlə maraqlanırdı - Nicat. Xatirəyə görə mənə çox vaxt ayıra bilmirdi. Necə olsa mən nişanlımı itirmişdim, Xatirə isə bacı dərdi yaşayırdı. Onun dərdi daha ağır idi. Nicat hər zəngində məndən üzr istəyirdi, yanıma gələ bilmədiyinə görə. Mənim onu qınamağa nə haqqım vardı ki? Mən heç vaxt istəməzdim belə olsun. Bundan sonra heç vaxt Xatirə ilə üz-üzə gələ bilməyəcəkdim. Kaş Türkan vaxtında uzaqlaşardı Turaldan, kaş onun ardınca Bakıya qayıtmayaydı, kaş hər addımda Turalın yanında olmayaydı.
Bir gün yenə Nicatla danışanda səsində bir hüzn hiss elədim. Biz neçə müddətin dostları idik, mən onun səsindən, danışığından bilirdim ki, nəsə olub. Səbəbini soruşdum, sonra başa düşdüm ki, telefonla deyiləcək qədər adi bir məsələ deyil. Bu o deməkdir ki, daha ciddi bir şey baş verib. Ürəyimdə bir narahatlıq qaldı. Həmişə mən ona dərdimi danışıb, ondan kömək istəyirdim, amma bu dəfə onun köməyə ehtiyacı vardı. İçdən yanıb qovrulurdum ki, görəsən dərdi nədir?
Bir neçə gündən sonra dözə bilməyib anam hər şeyi danışdım. Anam məni qınadı, başımda belə bir iş varkən Nicatı fikirləşməyimi səhv hesab elədi. Amma bu səhv ola bilməzdi. Nicat nə işi olursa olsun həmişə ehtiyacım olanda mənim yanımda olmuşdu. İndi də növbə mənim idi. Nicata zəng vurub xahiş etdim ki, mümkün olanda evimizin yaxınlığına gəlsin, üz-üzə danışaq. O da sağ olsun, elə həmin gün gəlmişdi.
Binamızın arxa tərəfində çardaqlar vardı. Adətən yayda yaşlılar, uşaqlarını, nəvələrini gəzməyə çıxaran qadınlar burda əyləşib dincələrdilər, ya da məhəllənin oğlanları yığışıb, telefonda mahnı qoşub, yüksək səslə qulaq asardılar.
İndi çardaqlarda heç kim yox idi. Orda oturub söhbətə başladıq. Nicata təkid elədim problemlərini danışmağından ötrü. O danışdıqca mənim ona ürəyim ağrıyırdı. Sən demə Xatirə nişanı pozubmuş. Hələ bir səbəbə baxın - Nicatı mənə qısqanırmış. "Mən" nişanlısını başqa qızla bölüşməyə məcbur qalmış insan idim, mən nişanlısının başqa qızla bir öldüyünü qəbul etmiş insan idim, hətta bu qız Xatirənin bacısı idi. Mən belə bir insan idim, Xatirə Nicatı mənəmi qisqanırdı? Bunları eşitmək mənim üçün çox çətin idi.
"Məsələ qısqanclıqdırsa, mən bir də səni axtarmaram" dedim Nicata, - "təki siz ayrılmayın." Nicat Xatirəni sevirdi, mənə görə ayrılmaqlarına dözə bilməzdim. Danışanda üzümə baxa bilmirdi, məni ən çox da bu incidirdi. İki dostu bir-birindən ayıran səbəbin qısqanclıq olması məni yandırırdı. Nicata neçə dəfə "üzümə bax" desəm də, bir dəfə də olsa başını qaldırmadı. Fikirləşdim ki, yəqin mənim dediyimlə razıdı, yəqin o da daha mənimlə görüşmək istəmir. Sən demə Xatirə ilə ayrılıqlarında xırda bir detal varmış...
(ardı var)
Gülzarə Hüseynova