İyirmi dörd fəsil (18-ci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 17:49 08 iyul 2016 tarixində əlavə olunmuşdur

Türkanın və Turalın ölümündən sonra Nicatla ikimiz çox gərgin günlər yaşayırdıq. Mən nişanlımın keçmiş sevgilisi ilə birlikdə ölməyinin ağrısını yaşayırdım, Nicat isə Xatirə ilə ayrılmağının əziyyətini çəkirdi. 

Nicat mənə ayrılıq səbəbinin daha bir detalını açıqladı və bu danışıq bütün ömrüm boyunca özümü bağışlaya bilməyəcəyim, çox şeylərdə peşmanlıq çəkəcəyim bir danışıq oldu: 

-Gülü, utandığımdan üzünə baxa bilmirəm. Xatirə qısqanclıq elədi, doğrudur, buna görə problemlər yaşadım. Amma xahiş edirəm ki, özünü günahkar bilmə. Bu ayrılıqda sənin günahın yoxdur. 

-Yox, Nicat, mənim də günahım var. Dostluğumuz ikimizin də həyatına yeni insanlar daxil olduğu anda sonlansaydı bəlkə də indi bunları yaşamazdıq. Mən həyatıma öz nişanlımla, sən öz nişanlınla davam etsəydin bu hadisələr olmazdı bəlkə də. Mən də Turalı qısqanırdım, qısqanclığa görə aramızda çox söz-söhbətlər olub, sən özün bunlara şahidsən. Eləcə də Xatirə səni qısqanır. Doğrusu mənə qarşı qısqanmağı məni çox üzür, amma nəticə etibarilə o sənin sevdiyin xanımdır. Dostluğumuzu biz bilirik, amma o bunu qəbul etməyə də bilər. 

-Elə deyil, Gülü. Sənin bilmədiyin bəzi şeylər var. 

-Nicat, indi susma heç olmasa, xahiş edirəm. Danışmalı olduğumuz nə varsa indi danışaq. Mən sənə kömək olmaq istəyirəm, Xatirə ilə barışmağınızı istəyirəm. 

-Gülü, istəsək də barışa bilmərik biz. 

-Niyə belə danışırsan? 

-Çünki biz sonuncu dəfə Xatirə ilə mübahisə edəndə mən ona heç vaxt deməməli olduğum bir şeyi demişəm, həyatımın ən kəskin etirafını eləmişəm... 

-Nə demisən ki? 

-Gülü, təkid eləmə, açıqlaya bilmərəm... 

-Nicat, açıqlamaq üçün bundan daha yaxşı fürsətin olmayacaq. Sizə kömək etmək istəyirəm. Nə olursa olsun danış hər şeyi. 

-Gülü... 

-Nicat, ya indi, ya da heç vaxt. Özün seç... 

Bu sözlərimdən sonra Nicat bir qədər susdu. Amma baxışlarından, əllərini ovuşdurmasından hiss elədim ki, əslində bütün olanları mənə danışmaq istəyir, sadəcə olaraq çəkinir. Mən onun istəyinin üzərinə getməyi qərarlaşdırdım. Bildim ki, bir az təkid etsəm danışacaq və mən nə baş verdiyini öyrənə biləcəm. Nəhayət, təkidimdən sonra Nicat bütün həyatımı dəyişən o etirafı səsləndirdi: 

-Gülü, mən Xatirəyə heç bir qızın eşitmək istəmədiyi bir şeyi demişəm. Bunu sənə bu vəziyyətdə, indiki halımızda açıqlamaq mənim üçün çox ağırdır. Amma mən... Mən səni çox sevirdim, Gülü... 

-Necə yəni? 

-Mən Xatirə ilə nişanlanmamışdan əvvəl səni sevirdim... Çox sevirdim. Səninlə dost idik. Sən çox gözəl dost idin. İndi də beləsən. Mənim cürətim çatmadı sənə sevgimi etiraf eləməyə, çox qorxurdum. Qorxurdum ki, birdən səni sevdiyimə görə məni bağışlamazsan, mənimlə dost olmaqdan da imtina edərsən. Mən səni həmişəlik itirə bilərdim. 

"Aman Allahım. Təxminən bir il bundan əvvəl bu sözləri eşitmək üçün dünyamı da verərdim. Bu etiraf niyə bu qədər gecikməli idi axı? Niyə biz indi bu əzabları yaşayırıq? Axı bu etiraf vaxtında səslənsəydi biz indi çox xoşbəxt ola bilərdik... Necə də ağrılıdır, Allahım. Sən demə ikimiz də bir-birimizi sevmişik. Ax, zalım həyat! Daha bir zərbə vurdun mənə!" 

-Mən səni itirə bilməzdim, Gülü. Qanunları mən pozmuşdum, mən dostumu sevmişdim. Əgər bu bir səhv adlanırsa, səhvi mən eləmişdim. Buna görə də səhvimi düzəltməliydim. Sənə olan sevgimi ürəyimdə saxladım. Sənin dostluğunu itirməyi qəbul eləyə bilməzdim heç vaxt. Səni həmişəlik itirə bilməzdim. Həmişə həyatımın bir parçası olmağın üçün nə lazımdırsa eləyərdim. Bilirsən, biz sonuncu dəfə Xatirə ilə mübahisə eləyəndə mən təsadüfən səni sevdiyimi ona dedim. Özüm də bilmədən. Xatirədən əvvəl səni sevdiyimi, onu anamın məsləhəti ilə bəyənib nişanlandığımı dilimdən çıxartdım. Xatirə yaxşı qızdır, mən onu çox sevmək istəyirdim. Səninlə dost olaraq qalmaq istəyirdim, səni sevdiyimi hətta özümə də unutdurmaq istəyirdim. Yəqin bacarmamışam... Türkanın ölümündən sonra Xatirə bir az da həssas olmuşdu. Bu sözləri eşidəndən sonra o elə bir hala düşdü ki. Mən ona bu qədər əzab verə bilməzdim. Buna ixtiyarım yox idi, məni başa düşürsən? Özüm hər əzabı çəkməliyəm, çünki səhv mənim idi. Amma ona qarşı belə eləməməliydim... 

"İnana bilmirəm, Allahım. Bu necə həyatdır biz yaşayırıq? Bu gün onun da məni sevdiyini, amma eyni zamanda da bundan peşman olduğunu eşidirəm. Axı mən hansı səhvimin əvəzini yaşayıram? İndi mən ona nə deyim? Nə danışım? Necə baxım üzünə?" 

-Gülü, susmağa haqqın var. Məndən inciməyə də haqqın var. Düzgün hərəkət eləməmişəm. Amma xahiş eləyirəm, bircə kəlmə də olsa danış. Mənə nə istəyirsən de. Söyməyə də, təhqir eləməyə də haqqın var. Amma susma. Susmağın mənə ən böyük cəzadı. Bir şey de, xahiş eləyirəm... 

-Nicat, mən çox təəssüf eləyirəm. Xatirə ilə ayrılığınızın səbəbkarı olduğuma görə özümü heç vaxt bağışlamayacam. Mən bilmirəm sənə nə deyim. Evə getsəm daha yaxşı olar. Amma inan mənə, mən sizi barışdırmaq üçün lazım olsa Xatirə ilə görüşüb danışmağa da hazıram. 

-Gülü, Xatirə bunu qəbul eləməyəcək heç vaxt. Bir də ki... 

-Bir də ki? Nə? 

-Mən hələ də səni itirməkdən qorxuram. 

-İnsan həyatda mütləq bir dəfə də olsa qorxduğu nə varsa onu yaşayır. Mən bu günə qədər itirməkdən qorxduğum hər şeyi itirmişəm. Necə deyərlər, "qorxunun əcələ faydası yoxdur" . Mən, sizin ayrılığınıza səbəb olmuşam. Bunun əzabını ölənə qədər yaşamaq istəmirəm. Getsəm yaxşı olar... 

Daha geriyə baxmadan ordan uzaqlaşdım. Həyatımın, gəncliyimin ən çox eşitmək istədiyim etirafını bu günmü eşitməliydim? İllərin dostluğunun əslində hər iki tərəfdə də sevgiyə çevrildiyini bu günmü öyrənməliydim? İkimizin də həyatımız məhv oldu. İndi nə mən xoşbəxtəm, nə Nicat... 

Aman Allahım, mən ki ona olan sevgimi ürəyimdə basdırmışdım... Axı sən məni Turalla birlikdə gördükcə necə dözmüsən? Turalın əlindən tutanda, eyni masada üz-üzə əyləşəndə, Tural məni vuranda sənin ürəyində necə tufanlar qopub? Bağışla məni, Nicat... Hər şeyə görə bağışla məni... 

Mən elə bilirdim həyatın ən çətin hadisələrini mən yaşamışam, ən dözülməz hadisələrə mən dözmüşəm. Amma sən nələr yaşamısan... Sən sevdiyin qızı bir başqasının qolunda gördükcə nə əzablar çəkmisən? Qızlar çox şeyə dözür, amma bir oğlan üçün buna dözmək heç asan deyildi. Sən buna necə dözdün? 

Aradan uzun zaman keçib, Nicat. Axı biz bundan sonra necə qovuşa bilərik? Turalı və Xatirəni necə unudub öz yolumuza davam edə bilərik? Bağışla məni... Əgər bu bir sınaqdırsa - ikimiz də bir-birimizə olan sevgimizi ürəyimizdə gizlədib, başqa insanlarla başqa həyata qədəm qoymuşduqsa, indi bu sınaqdan necə çıxa bilərik? İndi sən də, mən də gör nə haldayıq? Bu gün sən mənim səndən ən çox eşitmək istədiyim cümləni səsləndirdin. Amma gecdir... Bir il əvvəl eşitmək istədiyim həmin cümlə vaxtında mənim həyatımı gözəlləşdirə bilərdi. Bu gün isə bu cümləni eşitmək mənə əzabdan başqa bir şey yaşatmadı. Bəlkə də sən daha Xatirə ilə heç vaxt barışmayacaqsan, bəlkə də bir gün yenə qarşımda dayanıb məni sevdiyini, mənim yanımda olmaq istədiyini dilə gətirəcəksən, amma bunu necə qəbul edəcəm? Mən nə edəcəm? Bilmirəm... 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0375 saniye