İyirmi dörd fəsil (24 fəsil)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 10:20 19 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Oktyabr ayı, soyuq və küləkli günlər bir-birini əvəzləyirdi.

Maaşlar adətən ayın sonunda verildiyinə görə nə atam, nə anam hələ maaş almamışdılar. 

Ailəmiz çətin günlər keçirir, tanışlara olan borcumuzu qaytarmağa çalışırdıq. Anamgil aldıqları maaşın yarısından da çoxunu borcları ödəmək üçün xərcləyirdilər. Qalan məbləğ ilə də 3 nəfərlik ailəmizi dolandırmağa çalışırdılar. Kaş mən də işləyə biləydim, 3-5 manat da olsa mən də onlara kömək edə biləydim. Amma tələbə olmağım işi çətinləşdirirdi.

Sonuncu kursda idim. Sonuncu 1 ili də başa vura bilsəydim sonra ixtisasıma uyğun iş tapacaqdım, anama-atama kömək edəcəkdim. Anam xadimə işləyirdi, atam fəhləliklə pul qazanırdı. Onları pis vəziyyətə saldığım üçün özümü günahlandırırdım. 

Qəbul imtahanlarında göstərdiyim nəticə ilə ancaq ödənişli ixtisaslarda oxuya bilərdim. Valideynlərim mənim təhsilimi daha 1 il gecikdirməmək üçün mənim ödənişli oxumağıma razılıq verdilər. Dişləri ilə, dırnaqları ilə , qazıya-qazıya, əməklərini sərf etməklə ailənin yükü az imiş kimi mənim təhsil haqqıma da pul yığmağa başlamışdılar. 3 ilin təhsil haqqını çətinliklə də olsa ödəyə bilmişdilər. Sonuncu kursun ödənişi 1-ci semestrin sonuna qədər ödənilməli idi. Cəmi 2 ay vaxtımız qalmışdı. Mən də, elə valideynlərim də yaxşı bilirdik ki, 2 ay ərzində lazım olan pulu toplaya bilməyəcəyik. 

Bir gün dərsdən evə qayıdanda metronun yaxınlığında dayanan cavan oğlanın keçib-gedən insanlara hansısa kağız parçasını payladığını gördüm. Fikirləşdim ki, yəqin hansısa işədüzəltmə agentliyidir, tələb olunan vakansiyaları elan edir. Əslində mən düz fikirləşmişdim, o oğlan həqiqətən də iş elanlarını paylayırdı. Qəsdən oğlanın yaxınlığından keçdim, əlindəki kağızlardan birini mənə uzatdı. Kağızı götürüb, yoluma davam etdim. Evə qayıtdığım müddətdə vakansiyalara nəzər saldım, onların əksəriyyətində müəyyən ixtisaslar üzrə işçilər tələb olunurdu. Mən isə hələ diplomumu almamışdım. Digər vakansiyalar isə reklam şirkətləri, modellik və s. ilə bağlı idi. Ən yüksək maaş təqdim edən də elə onlar idi. Lakin mən o işləri bacarmazdım. Heç valideynlərim də razılıq verməzdilər. Bütün yol boyu fikirlərin ağuşunda evə necə gəlib çatdığımı bilmədim. Adətən, mənim evə gəldiyim saatlarda valideynlərim hələ işdə olurdular. Mən gəlib yemək, çay hazırlayırdım. Onlar qayıdanda hamımız birlikdə süfrə arxasına keçirdik.

Adətim üzrə yenə öz işlərimi görməyə başladım. Mətbəxə keçdim. Birinci çayı hazırladım. Sözün doğrusu, mən çayı çox xoşlayırdım. Fikirləşdim ki, yeməyi hazırlayana qədər özüm də bir çay içərəm. Bu məqamda telefonumun zəngi çalındı. Bir anda fikirlərimdən ayrıldım, telefonumun harda olduğunu xatırlamağa çalışdım. Qonaq otağına keçdim, başa düşdüm ki, telefon hələ çantamdadır, əlimi silib telefonu çantadan çıxartdım. Zəng edən qrup yoldaşım Mehparə idi: 

-Salam, Mehi, nə yaxşı zəng elədin, bu gün görəndə ki, dərsə gəlməmisən, nigaran qaldım. 

-Salam canım. Salamatlıqdır, narahat olma. Səhər özümü yorğun, halsız hiss elədim. Baxdım ki, bu vəziyyətdə gələ bilməyəcəm, dedim bir gün dincəlim. 

-Yaxşı eləmisən, Mehi. Yaxşılaşandan sonra gələrsən dərsə. 

-İnsallah, canım. Mən səni başqa bir iş üçün narahat eləyirəm. Vaxtın var? 

-Mətbəxdə yemək hazırlayırdım. Amma sən narahat olma, sözünü de. 

-Yaxşı, canım. Deməli belə, xalam oğlu Rasim zəng eləmişdi. Dedi ki, bir neçə gündən sonra Bakıda bir sərgi keçiriləcək. Bu sərgi ilk dəfədir ki, keçirilir. Təbliğat məqsədilə sərginin bukletlərini paylamaq üçün işçi axtarırlar. Cəmi 2-3 günlük iş olacaq. Amma hər gün üçün pul alacaqsan. Mən bilirəm ki, sənin işə ehtiyacın var. Əgər ürəyindən keçirsə bu işlə razılaşmaq, Rasimə deyim, səni ora yollayaq. 

-Mehi, inan məni çox sevindirdin, bu gün metronun yanında bir oğlan iş elanları paylayırdı, mən də birini götürdüm, sözün doğrusu, ordakı vakansiyaların mənə uyğun olmadığını düşünürəm, ona görə də sənin zəngin lap yerinə düşdü. Mənə bircə gün vaxt ver, axşam evdəkilərlə danışım. Sabah sənə qərarımı deyərəm. 

-Olar , canım, inşallah düzələr. Sənin adına çox sevinərəm. 

-Çox sag ol , Mehi. Bu yaxşılığını heç vaxt unutmaram. 

-Bir çay süfrəsi açarsan, hər şey düzələr ! 

Mehparə bu sözləri deyən kimi ikimiz də güldük. 

-Bir çay süfrəsini mən sənə borclu olum. Sənə xəcalətli qalmaram. 

-Canım, özün bilirsən ki, sənə sataşıram. Heç nəyə ehtiyac yoxdur. Təki sənin işin düzəlsin. 

-İnşallah, Mehi. Sənə minnətdar olacam. 

-Yaxşı, səni işindən ayırmayım. Sabah mənə dəqiq cavabını deyərsən. 

-Oldu, canım, görüşərik. 

-Sağ ol. 

Bu telefon zəngi günlərdir üzümdə yer açan kədəri alıb apardı. Yerinə sevinclə dolu gülüş qondurdu. Mətbəxə qayıtdım. İşlərimi yekunlaşdırdım. Sonra süfrəni hazırlamağa başladım, çəngəlləri süfrəyə düzəcəkdim ki, birdən qapı döyüldü. Yaxınlaşdım, "kimdir?" deyə səsləndim. Aydın oldu ki, valideynlərim gəlib. Onları qarşıladım. Atamın əlində qara rəngdə bir salafan var idi. Anamın çantasını, bir də atamın əlindəli salafanı götürdüm. Onlar bir-birinin ardınca hamam otağına keçib, əl-üzlərini yudular. Mən əlimdəkiləri yataq otağına qoyub, qayıtmışdım. Sözün doğrusu o qara salafanda nə olduğunu bilmədim, içinə baxmaq ağlıma gəlməmişdi. Yenə mətbəxə qayıtdım. Öz işimə davam etdim. 

Artıq süfrə tam hazır idi. Anamgil də gəlib əyləşdilər. Bir yandan iştahla yemək yeyirdik, bir yandan da söhbət edib, bir-birimizə gün ərzində olanlardan danışırdıq. Gözlənilmədən anama bir sual verdim, amma sonra öz-özümə düşündüm ki, bu sualın yeri deyildi: 

-Ana, maaşı nə vaxt alacaqsınız? 

-İnşallah ayın axırında alacam, qızım, həmişəki kimi. 

Anamın "həmişəki kimi" deməsi ilə mən bir az da peşman oldum. Bu sualı niyə soruşdum axı ? Anam sözünə davam etdi:

-Nəsə lazım idi, qızım ? 

-Yox, sadəcə soruşdum. 

Bu məqamda atam da diqqətini mənə yönəltdi: 

-Narahat olma, quzum, inşallah pulu necə olur olsun düzəltməyə çalışacam. Hələ 2 ayımız var, narahat olma. 

Mən bir daha başa düşdüm ki, valideynlərimi necə əziyyətə salmışam. Sözümün yersiz olduğunu bilirdim, ona görə də onlara Mehinin zəngi ilə bağlı danışıb, azacıq sevindirmək istədim : 

-Ata, vallah o mənada demək istəməmişdim. Evə qayıdandan sonra qrup yoldaşım mənə zəng elədi. Dedi ki, Bakıda ilk dəfə bir sərgi keçiriləcək . Təbliğatla bağlı sərginin bukletlərini paylamaq üçün 2-3 günlük işçi axtarırlar. Fikirləşdim ki, gedib işləyərəm. Hər günüm üçün heç olmasa 10 manat yazılsa, 3 günün sonunda 30 manatım olar. Az da olsa, bu da bir növ köməkdir. 

-Yox qızım, sən fikrini dərslərinə ver, çalış dərslərinlə məşğul ol , biz nə lazımdırsa sənin üçün eləyərik. 

-Ata, neçə illərdir mənim üçün nə lazım olubsa siz eləmisiniz. Boynumda haqqınız var, ölənə qədər də onu qaytara bilmərəm. Amma mən artıq 21 yaşındayam , görürəm ki, necə əziyyət çəkirsiniz, nə olar ki, mən də bir az kömək eləyim. 

Bu məqamda anam da məsələyə fikrini bildirdi : 

-Qızım, sözün doğrusu, mən də sənin hələ işləməyini istəməzdim, çünki sən hələ tələbəsən. Amma bir tərəfdən də fikirləşirəm ki, əgər həqiqətən də bu 3 günün sonunda 30 manat ala bilsən, dükançı Nemətə olan borcumuzu sildirərdim. Keçən həftə ondan bəzi şeylər almışdım, bu gün səhər atanla gedəndə bizi gördü, yaxınlaşıb dedi ki, 2-3 günə pulu qaytaraq. Maaşı da hələ ayın axırında alacağıq. Vallah, doğrusu onun 15 manatını qaytara bilsəydim, rahat olardım. 

-Ana, razıyam, elə mən də sizə kömək eləmək üçün bu işə getmək istəyirəm. Onsuzda mənim bütün qazancım sizə çatacaq. Təki siz razılıq verin, mən sizə kömək olum. 

Atam bir az kövrəldi, hiss etdim ki, özünü bir az pis hiss elədi. 

Bəlkə də mən oğlan olsaydım bu qədər kədərlənməzdi atam. Mənə elə gəldi ki, o mənim yanımda özünü gücsüz hiss elədi. Amma bu heç də belə deyildi. O, mənim qəhrəmanım və xilaskarım idi. 

Atam könülsüz halda mənə razılıq verdi. Sevincimin həddi yox idi. Çünki ilk dəfə işləyəcəkdim, ilk dəfə öz zəhmətimlə qazandığım pulu anamın əlinə sıxacaqdım. Bu möhtəşəm hiss idi. 

Səhəri gün Mehparəyə qərarımı dedim. Mənə dedi ki, vaxt itirməyim, elə bu gündən başlayım işləməyə. Razılıq verdim. 

Dərsdən sonra universitetin yaxınlığındakı tələbə kafesinə getdik. Məni orada xalası oğlu ilə tanış elədi. Oğlanın əlində bir xeyli buklet vardı. Rasim mətləbə keçdi : 

-Mehparənin dediklərini nəzərə aldım, fikirləşdim ki, bu gün səni metronun yaxınlığına göndərim, Digər obyektlərə baxsaq, ora sizin evinizə də yaxındır. Bu gün hələ sənin ilk iş günündür, fikirləşdim ki, beləsi sənin üçün daha rahat olacaq. 

Razılaşdım. Bukletləri götürüb, Mehparəgillə sağollaşdım. Rasimin tapşırdığı kimi, metronun yaxınlığına gəldim. Bukletləri paylamağa başladım. Artıq bir saat yarımdan çox vaxt keçmişdi. Mən xeyli buklet paylamışdım. 

Gözlənilmədən arxadan cavan bir oğlan səsi eşitdim. O , əlini çiynimə toxundurub dedi : 

-Xanım, mənə də birini verə bilərsiniz? 

Mən instinktiv olaraq çevrilib "Əlbəttə, buyurun" dedim. Çevriləndə gözlərimə inana bilmədim. Axı qarşımda dayanan o idi... 

(davamı olacaq) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+3=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0268 saniye