İyirmi dörd fəsil (altıncı hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 18:03 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Turalı qarşımda görmək həm təəccüblü, həm də sevindirici idi. Çünki uşaqlıq dostumu, sinif yoldaşımı belə bir qəhrəmanlıqdan sonra yenidən görə bilmək çox maraqlı oldu mənim üçün. O, Türkiyə universitetlərindən birində təhsil alırdı, mən onu sonuncu dəfə dörd il bundan öncə görmüşdüm. Bu müddət ərzində hətta tətillərdə də Bakıya gəlməmişdi. Ailə üzvləri onun üçün nə qədər darıxmışdısa, mən də onun üçün bir o qədər darıxmışdım. 

********

Polislər hadisənin şahidlərini sorğu-sual edib işlərini bitirəndən sonra oğrunu maşına mindirdilər. Biz də Turalla birlikdə ikinci maşında polis bölməsinə getməli olduq. Yalnız maşında olanda Tural məni tanıya bildi. 

-Gülanə ? 

-Bəli, Tural ? 

-Bir dəqiqə, deməli sən məni bayaqdan tanımısan ? 

-Əlbəttə, mən səni xatırlamaya bilərdim ? 

-İnana bilmirəm, Gülü... Onlar səni incitmədilər ? 

-Bunun dostu da var idi yanında, qaçanda məni itələdi, mən yıxıldım, çiynim əzildi bir az. 

-Nə ? Kaş o keçərdi mənim əlimə. Yaxşıca əzişdirərdim o alçağı. 

Maşını sürən polis əməkdaşı söhbətimizə qoşuldu : 

-Cavan oğlan, səni başa düşürəm, amma sən düzgün elədin, oğrunu polisə təhvil verdin. Sənin əzişdirməyinlə onlar düzələn deyillər. Belələrini gərək polisə təhvil verəsən ki, dörd divar arasında qalıb ağıllansınlar bir az. 

-Elə deyirsiniz, amma alınmır axı. Hərçənd oğrunu tutanda mən xanımı uzaqdan görmüşdüm deyə tanıya bilməmişdim, amma görürsünüz, tanışım çıxdı. Belə bir hadisə tanıdığım adamın başına gələndə istər-istəməz vəziyyət başqa cür olur. 

-Başa düşürəm, amma hövsələni əldən buraxmaq olmaz. Birdən sənin əlindən bir xəta çıxdı, sən də düşdün dörd divarın arasına, bəs onda sənin tanışların necə olacaq ? 

-O da düzdür ... 

Söhbət edə-edə gəlib çatdıq polis bölməsinə. Bizim hadisə ilə bağlı danışdığımız hər şeyi qeydiyyata aldılar. Evə qayıdanda Tural taksi saxlatdırdı. Saat doqquzu keçmişdi. Avtobusla qayitmaqla bir az da vaxtimizi uzada bilərdik. 

Maşında olanda telefona baxdım ki, anamdan on iki cavabsız zəng daxil olub. Polis bölməsinə gedəndə telefonu səsini almışdım, sonra da unutmuşdum. Kim bilir necə narahat olmuşdu anam. Tez zəng vurub yolda olduğumu, tezliklə evə çatacağımı dedim. 

Taksi məhəlləyə girəndə gördüm ki, anam binanın qarşısında dayanıb. Canım anam, bu soyuq havada həyətdə dayanıb, yolumu gözləyib. Biz maşından düşəndə cəld yanımıza gəldi, məni öpüb-qucaqladı. Turalı görən kimi tanıdı. Mənə görə çox narahat olmuşdu, tez bizi sorğu-suala tutdu. Mən ona deyəndə ki, oğrunu Turalın sayəsində tuta bilmişik, bir az rahatladı. Anam Turala çox inanır, etibar edirdi həmişə. Məktəb vaxtlarında da məni həmişə Turala əmanət edərdi. Bilirdi ki, ondan bizə zərər gəlməz. Turalı evə dəvət etdik, əvvəlcə razılaşmadı, amma atamı görmək üçün razılaşmalı oldu. Axı o atamdan xəbərsiz idi. Evə qalxanda atamı görmədi, onu soruşdu. Biz də hər şeyi danışdıq. Dörd il ərzində məhəlləmizdə baş verən sevincli, kədərli hadisələrdən söhbət etdik. Tural çox pis oldu atama görə. Üzrxahlıq elədi, dedi ki, hələ dünən gəlib Bakıya, ona görə də bu barədə eşitməyib. 

********

Həmin günü də beləcə başa vurduq. Amma bircə sevindirici hal vardı ki, Tural hələ iki həftə Bakıda qalacaqdı. Bir-birimizi görmədiyimiz dörd ilin heyfini ala biləcəkdik bu iki həftədən. 

Səhər işə gedəndə məhəllədə Turalla rastlaşdım, mağazadan gəlirdi. Dedi ki, dünənki hadisədən sonra mənə görə narahat olub. Atam da artıq həyatda olmadığına görə o, burda qaldığı müddətdə mənə bacardığı qədər kömək olmaq istəyir. Xahiş elədi ki, ona icazə verim, bu gün məni evə ötürsün. Bir-birimizin nömrələrini götürdük. Sonra yenə yoluma davam etdim. 

Həmin gün bizim konsultasiya mərkəzimizə bir qadın öz qızını gətirmişdi. Təbii ki, dünyada dərdli olan tək adam mən deyiləm. Cavan bir qızın başına gələ biləcək ən ağrılı hadisələrlə rastlaşırdım son vaxtlarda ... Bu qızın başına gələnlər də gördüklərimə əlavə olundu. Sən demə iki ay əvvəl nişanlısı ailə üzvləri ilə birlikdə qəzaya düşüb, ailənin dörd üzvü dünyasını dəyişib, bircə oğlanın bacısı sağ qalıb qəzadan sonra. Bu qız da nişanlısının ölümündən sonra çox çətinliklər yaşayıb. Ona görə də ailəsi bizim mərkəzimizə müraciət edib. Qız artıq üç həftədir burada seanslara gəlirmiş, mən hələ yeni işçi olduğuma görə onu ilk dəfə dörürdüm, amma bundan sonra hər dəfə onu görəndə ürəyim parçalanacaqdı, çünki artıq mən də başa düşürəm sevdiyin adamları itirmək nə deməkdir. 

Nahar fasiləsində Turala mesaj yazdım. Dedim ki, iş vaxtım saat yeddidə bitəcək. 

Biz universitetə qəbul olandan sonra ikimizin də həyatı dəyişmişdi. Problemlərimiz böyüdü, məsuliyyətimiz artdı. Xüsusilə də Turalın başqa ölkəyə getməyi aramızdakı məsafələri birə beş artırdı. Axşam evə birlikdə qayıdarkən xeyli söhbət edib, dərdləşmək imkanımız yaranacaqdı. Başıma gələnlərdən, Nicatla bağlı olanlardan danışacaqdım ona. Köhnə dostumun yenidən yanımda olmağına çox sevinirdim. 

Növbəti iş günüm də sona çatdı. Mərkəzdən çıxan kimi gördüm ki, Tural dayanıb qapıda. Söhbət edə-edə yola düşdük. Hava soyuq idi, Tural taksi saxlatdırdı. Dedi ki, yolda münasib bir yerdə dayanıb, çay içib, söhbət edərik. Bütün gün ağlımda dolaşanları Turala danışmağım üçün bu əla fürsət ola bilərdi. 

Tezliklə gözəl bir kafeyə gəldik. Divardakı rəsmlər, masaların üzərindəki örtüklər, hər şey çox incəliklə düşünülmüşdü. Evimizə qismən yaxın olan bu kafeni bir neçə dəfə uzaqdan görmüşdüm, amma ilk dəfə gəlirdim bura. Pəncərə önündə olan masalardan birini seçib əyləşdik. Tural çay sifariş edəndən sonra söhbətə başladıq. Atamla bağlı, tələbə həyatımla bağlı bir xeyli danışandan sonra şəxsi mövzulara da toxunduq. Məlum oldu ki, Tural oxuduğu universitetdə azərbaycanlı təəbələrdən olan Türkan adlı bır qızı sevir. Amma bir neçə ay bundan əvvəl Türkan səbəbsiz yerə onu tərk edib. O vaxtdan sonra nə Turalın zənglərinə, nə mesajlarına cavab verib. Onunla bağlı olan xatirələrini bölüşdükcə mən də Nicatı xatırlayıb, öz yaşadığım ağrıları yenidən hiss etdim. Sonra Tural həmin sualı mənə ünvanladı : "sevib seçdiyin adam varmı həyatında?". Vəziyyətimiz demək olar ki, onunla eyni idi, yəni hər ikimiz sevdiklərimizdən uzaq idik. Ona Nicat haqqında danışmağa başladım , sevgi etirafı gözlədiyim bir gündə gəlib məni nişanlısı ilə tanış etməyindən, atamın ölümünü ondan gizlətməyimdən, qırx mərasimində hamıdan əvvəl nişanlısı ilə birlikdə gəlib bizə dəstək olmalarından bəhs elədim . "İkimiz də eyni sonluqla rastlaşdıq, sən də sevdiyini itirdin, mən də sevdiyimi itirdim" dedi. 

Uşaqlığımızdan bəri Turalla bir çox ortaq xüsusiyyətlərimiz olmuşdu. Məktəbdə də hər kəs həm bizim, həm ailəmizin səmimi dostluğuna həsəd aparardı. Biz heç vaxt bir-birimizdən ayrı oturmazdıq, parta yoldaşı olmuşuq Turalla. İkimiz də çox təsadüf hallarda dərsdən qalardıq. Amma birimiz getməyəndə digərimiz də dərsə getməzdi. Ya birlikdə ya da heç. Biz çox yaxşı dost olmuşuq, ən çox da bizim dostluğumuz heç vaxt sevgiyə çevrilməmişdi deyə ətrafdakılar bizim paxıllığımızı çəkərdi. Bəzən mən dərslərimdə çətinlik çəkəndə, Tural bizə gələrdi, mənə tapşırıqları həll etməyə kömək eləyərdi, xüsusilə də riyaziyyat dərsləri ilə bağlı. Məndən fərqli olaraq, Tural məktəbi bitirəndən sonra arzuladığı ixtisasa sahib oldu. Qəbul imtahanında yüksək nəticə göstərdi, ona görə də dövlət xətti ilə ona arzuladığı şəhərdə, arzuladığı universitetdə oxumaq şansı yaradıldı. O da bu şansını layiqincə dəyərləndirdi. Ankaraya yollandı. 

Dərdlərimizi bir-birimizə danışmaqla pis günlərimizi bir daha xatırlamalı olduq. Amma insan yalnız danışdıqca rahatlıq tapır. Xüsusilə də qarşındakı insan sənin 21 illik dostundursa. 

Evə gecikməmək üçün kafedən çıxdıq. Bura evimizdən bir qədər aralı idi. Piyada qayıtmaq da olardı. Biz də söhbət etmək üçün maşınla yox, məhz piyada qayıtdıq. Hərçənd bu günkü söhbətimiz itirdiyimiz dörd ilin əvəzini verə bilməzdi, amma mühüm olan, illər keçməsinə baxmayaraq, hələ də aramızdakı səmimiliyin pozulmamağı idi. 

Evə çatdıq, anam qapını açanda birlikdə olduğumuzu görüb təəccübləndi. Tural anama məni dayanacaqda gördüyünü, dünənki hadisədən sonra tək qalmayım deyə məni evə ötürdüyünü dedi. Anam təşəkkür etdi. Sonra onunla sağollaşdıq. 

********

Süfrə arxasında olanda anam evə Turalla birlikdə qayıtmağımın səbəbini soruşdu. Mən Turalın dediklərini təkrarladım. Anama , illərin dostu olduğumuzu xatırlatdım. Anam heç bir halda bunu qəbul eləmək istəmirdi : 

-Gülüm, bilirsən, əvvəllər uşaq idiniz, yoldaşdılar deyib sizə mane olmazdıq. Mənim Turaldan yana bir şikayətim yoxdur. Xasiyyətinə bələdəm. Amma sən qızsan. Neçə ildən sonra birinci gəlişidir Bakıya. Qonşular, görənlər haqqımızda nə fikirləşər ? İki gün ard-arda səni evə ötürməyi kənardan xoş görünməyə bilər, qızım, məni düzgün başa düş, xahiş edirəm. 

-Ana, belə şeylərə görə narahat olma, hərçənd bunu sənə deməyə də bilərəm, amma ürəyin rahat olsun, Turalın Türkiyədə sevdiyi qız var. O mənə başqa nəzərlə baxmaz. 

-Doğrudan  ? Onda yəqin evdəkilərlə qızla bağlı danışsın deyə gəlib Bakıya. 

-Bilmirəm, o da azərbaycanlıdır. Turalla bir universitetdə oxuyur. 

-Hə, Allah həmişə sevib seçilməyi nəsib etsin. İnşallah sənin də həyatına düzgün bir oğlan gələr. Savadlı, alicənab, böyük-kiçik yeri bilən. 

-Ana, mən bu barədə danışmaq istəmirəm, incimə, yuxum gəlir. Mən yatmağa gedirəm. 

-Niyə hirslənirsən , qızım, sən də xoşbəxt olmağa layiqsən ... 

********

Analar bilir övladlarının dərdini. Biz deməsək də onlar başa düşür. Mənim mövzunu dəyişməyə çalışmağım, sərt cavabım anamın ürəyinə şübhə salmışdı. Kim bilir nə fikirlər gəlmişdi ağlına. 

Otağıma keçib dərdlərimlə tək qalanda, nəhayət ki, bunları bir yaxınımla bölüşə bilməyin sevincini yaşadım. Uzun müddətdir heç kimə deyə bilmədiklərimi ən etibarlı adamımla paylasmaq möhtəşəm bir hissdir. Turaldan gələn bir mesajla yanılmadığıma əmin oldum : "Gülü, inan ki, dörd ildir içimdə yığılıb qalan, heç kəsə deyə bilmədiyim sirrlərimi bu gün səninlə bölməyim məni rahatlatdı. Əminəm ki, sənin üçün də elədir. Çünki sən öz fikirlərini yadlarla bölüşməyi sevməyən adamsan. Əgər belə olmasaydı bu gün danışdıqca gözlərin dolmazdı. İnanıram ki, mən Türkiyəyə qayıdandan sonra da əvvəlki kimi uzaq olmayacağıq bir-birimizdən." 

(ardı var)

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0354 saniye