İyirmi dörd fəsil (beşinci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 22:16 09 noyabr 2015 tarixində əlavə olunmuşdur

Mən Nicatın nişan xəbərindən sonra ona olan sevgimi ürəyimdə dəfn etdim. Onlar hər dəfə mənimlə görüşüb, danışmaq istəyəndə mən bir bəhanə ilə onlardan qaçırdım. Onlar xoşbəxt günlərini yaşayarkən mən atamın ölümü ilə barışmağa, Nicat adını ağlımdan silməyə çalışırdım. 

*** 

Atamın vaxtsız gedişi məni sındırmışdı. Artıq bir aydan da çox vaxt keçməsinə baxmayaraq nə anam özünə gələ bilmişdi, nə də mən. Maddi vəziyyətimiz çətin olduğundan anam iki həftədən sonra işə çıxdı. Lakin istirahət gününü həftənin dördüncü günləri ilə dəyişdirmişdi. Atamın vəfatı ilə bağlı evimizə gəlib gedənlər olurdu. Buna görə də anam həmin günlərdə evdə olurdu. 

Artıq qırx mərasiminə bir neçə gün qalmışdı. Bu müddət ərzində bir neçə dəfə mənim qrup yoldaşlarım, atamın, anamın iş yoldaşları bizə gəlmişdilər. Yoldaşlarım dərdimə şərik olsalar da dərsə davamiyyətimin zəifləməsi məndən çox elə onları narahat edirdi. Atam öləndən bəri bir dəfə də olsa universitetə getməmişdim. Yenə də dərslərlə maraqlanır, verilən tapşırıqları evdə həll edirdim. Atamın nəfəsini duyduğum otaqlardan ayrılıb heç yerə gedə bilmirdim. Mənim göz yaşlarım, ürəyimin sızıltısı atamı geri qaytarmadı, amma bu əzabı yaşayanlar bilir atasızlığın nə olduğunu. Mələyin uçmağı üçün iki qanadının olmağı vacibdir. Mənim bir qanadım qırılmışdı. Necə rahat uça bilərdim ? 

Atamın qırx mərasimindən iki gün əvvəl Mehparə mənə zəng vurdu. Tezliklə rəhbərlik tərəfindən mənimlə əlaqə saxlanılacağını, universitetden qovulmağımı xəbər etdi. Bir aydan çoxdur dərslərdə iştirak etmədiyimə görə məni universitetdən qovdular. Əgər başqa vaxt olsaydı bu xəbər məni kifayət qədər sarsıtmağa qadir olardı. İndiki halda isə, bu gücsüz və əlacsız vəziyyətimdə heç bir şey məni daha çox kədərləndirə bilmirdi. Lakin bir şeyi etiraf edim ki, atam o dünyasında çox narahat olacaqdı. Dörd il min əziyyətlə oxutduğu bircə övladının sonuncu kursda universitetdən qovulmağı hər bir valideyni təsirləndirərdi. 

Həmin gün Nicat da mənə zəng vurdu, görüşmək istədi. Mən yenə də etiraz edəndə bu mənasız qaçışımın səbəbini soruşdu, dözə bilməyib ağlamağa başladım. Yalnız həmin gün Nicat bildi ki, mənim atam dünyasını dəyişib, hətta iki gündən sonra qırx mərasimi olacaq. Nicat məni çox danladı - bunu vaxtında demədiyimə görə. Axşam Xatirə ilə ikisi bizə gəldilər. Həmişə Nicatın mənimlə maraqlanmağı mənim üçün çox vacib olub, amma indi yanında Xatirə varkən onun təsəllisi mənim üçün heç bir şey ifadə etmirdi. Birdən Xatirə Nicatın yanından qalxıb mənim yanımda əyləşdi. Əlini çiynimə qoyub, saçlarıma sığal çəkib, doğması kimi mənə dəstək oldu. Bu uzun müddətdə dərdimi başa düşmədikləri üçün özlərini günahlandırdılar. Xatirə gözəl, mehriban, istiqanlı qız olsa da nəticə etibarilə mənim sevdiyim insanın nişanlısı idi. Onların bizdə qonaq olduqları dəqiqələrdə necə əzab çəkdiyimi sözlə ifadə etmək mümkün deyil. Həmin günü də beləcə başa vurduq. 

Yatmağa hazırlaşırdım, amma fikirlər məni ağuşuna almışdı. İllərdir xəyalını qurduğum diplom gəlirdi gözlərimin önünə. Onu əldə edə bilməyəcəyimə görə çox təəssüfləndim, universitetə qəbul olduğum gün atama söz vermişdim ki, oranı müvəffəqiyyətlə başa vurub, fərqlənmə diplomu ilə dayanacam qarşısında. İndi isə ümumiyyətlə diplomdan məhrum olmuşdum. Atam yəqin ki, buna görə məni bağışlamayacaqdı. 

İki gün sonra qohumlar, dostlar, iş yoldaşları atamın qırx mərasiminə gəldilər. Nicat da Xatirə ilə birgə hamıdan əvvəl gəlmişdi yanımıza. Məclis bitəndən sonra yanımızda qalanlar yalnız yaxın qohumlarımız oldu - xalamgil, əmimgil, dayımgil. Onlar anamla söhbətə başlayanda mənim təsəvvürümdə ancaq bir mövzu canlanmışdı - onlara olan borcumuz. Təsəvvürlərim də məni aldatmırdı. Belə bir gündə borc məsələsini müzakirə etmək olardımı ? Atamdan sonra bir az daha çətinliyə düşmüşkən anamı meydanda tək qalan bir döyüşçü kimi hiss etdim o gün. Anam iki-üç aya borclarımızı qaytarmağa söz verdi. Bu ağlasığmaz addım idi. Tək qadın bunların öhdəsindən necə gələcəkdi ? Evin bütün yükü onun çiyinlərinə yüklənmişdi. Ən vacib məsələni isə mən hələ ona deməmişdim, universitetdən çıxarılmağımdan xəbərsiz idi anam. Həmin gecə dayanmadan ağladı, borcları , mənim təhsil haqqımı fikirləşdi. Anama təhsil haqqını ödəməkdən azad olduğunu deyib onu sevindirə bilərdim, amma səbəbini soruşanda necə deyərdim ki, mən daha tələbə deyiləm ? Bu anam üçün daha bir zərbə olardı. Həmin gecə mən ona heç nə demədim. 

Səhəri gün çox çətinliklə məsələni anama danışdım. Anam mənə bir kəlmə də demədən ağlaya-ağlaya işə yollandı. Bir qədər sonra universitetdən zəng vurdular, qovulmağımı xəbər verdilər, sənədlərimi təhvil almaq üçün universitetə çağırdılar. Beləcə, indi mənim nə atam vardı, nə təhsilim. Heç kimə lazım olmayan əşya kimi atıldım bir kənara. Lakin bir fikrimdə qəti idim, tezliklə münasib iş tapıb, anama kömək olmalıyam. 

Bir neçə gün müxtəlif iş elanları ilə maraqlandım. Təbii olaraq bütün şirkətlər ali təhsilli işçilər arzulayırdı. Mən isə indi sadəcə orta təhsil attestatının sahibiydim. Mənə, ali təhsilə ehtiyacı olmayan , amma münasib əmək haqqı təqdim edə bilən iş yeri lazım idi. 

Bir müddət axtarandan sonra nəhayət ki, münasib bir iş tapdım. Növbəti həftədən etibarən mən şəhərin psixoloji konsultasiya mərkəzlərindən birində qeydiyyat şöbəsində işə başlayacaqdım. Anam da iş tapmağıma çox sevindi. O, həmişə əmin olub ki, mən heç bir çətin vəziyyətdə onu tək qoymaram, nə olursa olsun anam mənimlə fəxr edirdi. 

*** 

Bazar ertəsi. İlk iş günüm yaxşı keçdi. İş vaxtım saat yeddidə başa çatırdı. Bu, günün gec saatı olmasa da , hava tez qaraldığından içimdə bir qədər qorxu yaranmışdı. Dayanacağa gəldim. On beş dəqiqə gözləsəm də yoldan bircə avtobus da keçmədi. Havanın yağıntılı və soyuq olması məni həm üşüdür, həm də narahatlığımı artırırdı. Daxilən güclü ola bilərəm, amma axşam saatlarında, belə bir havada küçədə tək olmağım ürəyimcə deyildi. Bu qorxumu ilk iş günüm olması ilə əlaqələndirib, getdikcə vəziyyətə öyrəşəcəyimi fikirləşərək rahatlaşmağa çalışdım. 

Yoldan sürətlə ötüb keçən avtomobillərdəki insanlar tezliklə mənzil başına çatmağa, isti yuvalarında ailələrini başına yığmağa tələsirdilər. Mən isə hələ də yollardaydım. 

Dayanacağa iki oğlan gəldi, ikisi də hündürboy, üzləri tüklü, amma ilk baxışdan xoş görünüşlü idilər. Mən üzümü yana çevirdim. Onlar pıçıltı ilə söhbətə başladılar. Hava sakit olsaydı onların danışığını aydın başa düşmək olardı, amma küləyin və yağışın səsi mənə mane olurdu. Birdən addım səsləri gəldi, sanki mənə yaxınlaşırdılar. Bir az qorxu və narahatlıqla arxaya çevrildim, gördüm ki, düz arxamda dayanıblar. Biri mənə yaxınlaşıb qolumu sıxdı, mən onun üstünə qışqırdım, bir əli ilə də ağzımı tutub qışqırmağıma mane oldu. Məndən güclü idi, nə qədər müqavimət göstərsəm də bacarmadım. İkinci oğlan çiynimdən çantamı çıxarıb qaçmağa başladı. Birinci isə məni itələdi, yerə yıxıldım. Sonra o da qaçdı. Mən yıxılanda çiynim əzildi, amma onlara bu sevinci bəxş edə bilməzdim. Mən də onların arxasınca qaçdım. Var qüvvəmlə qışqırıb ətrafda tək-tük görünən insanlardan kömək istədim. Oğrular qaçarkən qarşı tərəfdən cavan bir oğlan gəlirdi, telefonla danışırdı. Mənim qışqırığımı eşidib telefonu cibinə atdı. Əlində mənim çantamla qaçan oğrunun qarşısını kəsib, onu təpiklə yerə yıxdı. Çantanı onun əlindən aldı. İkincini isə tuta bilmədik. Mən təngnəfəs halda qəhrəmanıma çatıb, razılığımı bildirdim. O, çantanı mənə verib, telefonu cibindən çıxartdı. Polisə xəbər verdi. Hadisəni kənardan izləyənlərdən də bəziləri bizə yaxınlaşdı, ətrafdakı cavanlar mənim qəhrəmanıma yaxınlaşıb oğru qaçmasın deyə ona kömək oldular. Polis gələnə qədər orada gözləməliydim. Bu əsnada qəhrəmanımın üzünə baxırdım, qaça-qaça küçənin qaranlıq tərəfinə gəlmişdik, mən onun üzünü aydın sezə bilmirdim. Polislər gəlib çatdı. Maşının işıqları onun üzünə düşəndə oğlanı tanıdım. Bu ki, Tural idi... 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0354 saniye