İyirmi dörd fəsil (doqquzuncu hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 17:46 27 fevral 2016 tarixində əlavə olunmuşdur

Həmin gecə çox çətin keçdi mənim üçün. Sanki o gecə heç bitməyəcəkdi, sanki səhər heç açılmayacaqdı. Qəfil baş verən elçilik, Turalın mesajda yazdığı sözlər, səhər Tural, Nicat və Xatirə ilə eyni masada əyləşəcəyimi fikirləşmək  gecəmi uzatmışdı, ay işığı pəncərəmdən çəkilmək istəmirdi, günəşin gəlişinə icazə vermirdi. Yuxu çəkilmişdi gözlərimdən. Biz artıq Turalla nişanlı sayılırdıq, mən onu Nicatla tanış etməliydim. İndi o dostum olaraq yox, nişanlım olaraq iştirak edəcəkdi bu görüşdə, Nicatı daha diqqətlə izləyib, mənim onu ürəyimdən sildiyimə əmin olmaq istəyəcəkdi. Buna haqqı var idi. Sabahkı görüşün xəyallarını quraraq yuxuya getmişəm. Gözəl bir gündə günəşin üzümə düşən şüaları məni yuxudan oyatdı. Yerimdən qalxıb işə hazırlaşmağa başladım. Sonra telefonuma baxdim, Turaldan mesaj gəlmişdi: 

"Sabahın xeyir, gəlib səni işə yola salmaq istəyirdim, amma atamla vacib söhbətimiz var. Ona görə çıxa bilmirəm. Nahar fasiləsində gəlib səni işdən götürəcəm." 

Həmin gün əhəmiyyətli bir gün idi. Tural sabah Ankaraya qayıdacaqdı, bir-birimizə deyəcək sözlərimiz çox olsa da müzakirə etmək üçün bir gündən də az vaxtımız qalmışdı. 

Otağımdan çıxanda gördüm ki, anam artıq süfrəni hazırlayıb. 

-Sabahın xeyir, ana 

-Sabahın xeyir, qızım. Əlini-üzünü yu, gəl, əyləş. Səninlə bir az söhbətim var. 

-Yaxşı, gəlirəm indi. 

Mən yerimdə əyləşən kimi anam sözünü çox uzatmadan söhbətə başladı: 

-Qızım, sənə deyəsi sözlərim var.

-Buyur, ana, eşidirəm səni. 

-Hamımızın həyatında düz getməyən işlər olur, bu həyatdır, hər şey ola bilər. Kaş atan həyatda olardı, bu günləri görərdi. Kaş mən əməliyyat olunacam deyə o qədər borcu almazdıq heç kimdən, kaş maddi vəziyyətimiz yaxşı olardı, sənin nişanına yaxşı hazırlıq görə bilərdim. Amma qismət beləymiş. Sən bu gündən nişanlı sayılırsan. Xahiş edirəm, qızım, bundan sonra da həmişə olduğu kimi söhbətinə, davranışlarına nəzarət elə, nə Turalın, nə də ailəsinin qınağına səbəb olası hərəkətlər eləmə. İnsanların dilinə söz salma. Mən bu gün varam, bəlkə sabah olmayacam. Daha sənin ailən onlardır. İnşallah Tural Bakıya qayıdandan sonra sizə böyük bir nişan eləyərik, qohumları da çağırarıq. O vaxta qədər mən də borclarımızı qaytararam ki, sənin üçün nə lazımdırsa alıb hazırlayım. Atanın ili çıxandan sonra Sənubərgillə məsləhətləşib toy gününü təyin eləyərik. 

-Heç nəyə görə narahat olma, ana. Məni sən böyütmüsən, doğrunu, səhvi mənə sən öyrətmisən. Nə sənin, nə də Turalgilin başını əyəcək işlər görmərəm. 

-Gözəl balam mənim. Axşam Sənubərgil yenə gələcəklər. Bu dəfə Fikrət də gələcək. Üzük gətirəcəklər. Bunu da öz aramızda bir nişan sayarıq. 

-Hə, onsuzda mən də icazə almışam, bu gun tez çıxacam işdən. Yaxşı oldu, evə tez gələrəm ki, sənə də kömək eləyərəm. 

-Sən işdən niyə icazə almışdın ki? 

-Turalla lap əvvəldən belə planlaşdırmışdıq ki, getməmişdən əvvəl oturub doyunca söhbət eləyərik. Elçilik məsələsinə görə lap yerinə düşdü. Bir-birimizə deyəsi sözlərimiz var. 

-Yaxşı. Siz də öz aranızda qaranlıq qalan şeylər varsa onları müzakirə eləyin. Ailə müqəddəs bir şeydir, qoy ailənizin təməli möhkəm olsun ki, sonra büdrəməyəsiniz. 

-İnşallah, hər şey yaxşı olacaq, ana, arxayın ol. 

Səhər yeməyindən sonra ikimiz də işə yollandıq. 

******** 

Təzəcə nahar fasiləsinə çıxmışdıq. Turaldan zəng gəldi: 

-Gülü, salam. Mən artıq qapıdayam. İşin yekunlaşıbsa gəl biz əvvəldən gedək, Nicatgil gələnə kimi təklikdə söhbət edək. 

-Hə, elə nahar fasiləsindəyik. Çıxım gəlirəm bu dəqiqə. 

Qapıdan çıxıb Turalı görəndə həmişəkindən fərqli hisslər yaşadım həmin gün. Çünki bu dəfə həyəcanım vardı, ona qarşı məsuliyyət hiss edirdim. Tural da bu dəfə geyiminə, saçına daha çox diqqət eləmişdi. Mən pilləkənlərdən düşəndə onun taksinin pəncərəsində saçını düzətlməyini gördükcə gülümsəyirdim. Bu dəfə daha müasir olan qara gödəkçə, qara cins şalvar vardı əynində. Onu heç belə görməmişdim, ya da heç belə diqqətlə baxmamışdım geyimlərinə. Mən ona yaxınlaşanda arxaya çevrildi, ikimizin də üzündə ixtiyarsız bir təbəssüm yarandı. Bu görüş bizim nişanlı olaraq ilk görüşümüz idi axı. Təbii ki, ikimiz də fərqli hisslər yaşayırdıq. O taksinin ön qapısını açıb, oturacağın üstündəki gül buketini götürüb mənə tərəf uzatdı: 

-Bu gülləri sənin üçün almışam. Elçilikdən sonra ilk görüşümüzdür deyə istədim yaddaqalan görüş olsun. 

-Çox sağ ol, Tural, gözəl güllərdir. 

Onun bu incə jesti məni çox sevindirmişdi. 

Taksiyə əyləşdik. Tural bu dəfə ön oturacaqda yox, mənim yanımda oturdu. Bu mənim həyəcanımı bir az da artırmışdı. Hətta məktəb illərinə qaytarmış, parta yoldaşı olduğumuz günləri xatırlatmışdı mənə. Danışmağa söz tapmırdıq, məndən sadəcə bir şeyi soruşdu ki, Nicatgilə nişanlanacağımızı deyək ya yox? Əvvəl fikirləşdim ki, rəsmi nişan olandan sonra deyək, amma sonradan fikrimi dəyişdim. Kimdən gizlətsək də, Nicatgildən gizlətmək istəmədim. Çünki onlar bizi görən kimi, əlimdəki güllərə də baxanda artıq aramızda hansısa bir münasibət olduğunu başa düşəcəkdilər. 

Görüş yerinə çatdıq. Həmişə olduğu kimi pəncərə önündə olan masalardan birini seçib, yanaşı əyləşdik. Qış ayı olsa da, həmin gün hava çox gözəl və günəşli idi. Günəşin şəfəqləri masamızı işıqlandırırdı.

Tural çay sifariş etdi. 

Danışılası çox söz vardı, ancaq həyəcandan Turalın üzünə baxa bilmirdim. Gözlərimi ondan yayındırmağa çalışırdım ki, baxışlarımız toqquşmasın. Söhbətə Tural başladı: 

-Yəqin anan sənə demiş olar, bu gün bizimkilər yenə gələcəklər sizə, üzük gətirəcəklər. 

-Hə, səhər anamla söhbət elədik, danışdı mənə. Nicatgillə sağollaşandan sonra məni evə ötürərsən ki, tez gedim, hazırlıq görüm, anama kömək eləyim bir az.

-Yaxşı. 

Çaylar masaya gətiriləndən sonra Tural yenə söhbətə davam etdi:

-Sən Nicata mənim haqqımda danışmısan heç? 

-Məktəb vaxtlarından söz düşəndə dostluğumuz haqqında danışırdım. Hətta tüksək bal toplamağından, başqa şəhərdə oxumağından da söhbət açmışam. Amma Xatirəyə mesaj yazıb, görüşə dəvət eləyəndə sənin gəlməyin haqqında heç nə demədim. Elə bilirlər həmişəki kimi tək olacam. Elçilik haqqında danışanda çox təəccüblənəcəklər. 

-İnan ki, bizim özümüz qədər təəccüblənməyəcəklər. 

-Hər şey qəfildən oldu. Heç birimiz düşünməmişdik ki, belə ola bilər. 

-Çox həyəcanlısan? 

-Kənardan da hiss olunur?

-Əlbəttə ki. Titrəyirsən. Gülü, səndən bir şeyi soruşub dəqiqləşdirmək istəyirəm. Amma ümid edirəm ki, belə bir sual verdiyimə görə məni başa düşərsən. Mən sadəcə əmin olmaq istəyirəm.

-Nədən əmin olmaq istəyirsən? 

-Nicatı ürəyindən silə bilmisən? 

-Hə. Bundan əmin ola bilərsən. Nicat məni öz nişanlısı ilə tanış etdiyi gün mən ona olan hisslərimi ürəyimdən silib atmışam. İndi o nişanlıdır, mən də daha subay deyiləm. İstəmərəm mənə qarşı bir şübhən olsun. 

-Sənə inanıram. Sən də mənə inan. Mən də sənə Türkanla bağlı hər şeyi danışmışdım. Özün bilirsən hər şeyi. Elçilik məsələsi olmasaydı da mən Türkanla yenidən birlikdə olmazdım. Ancaq bir halda ki, indi səninlə ailə qurmaq üzrəyəm, xüsusilə də bundan sonra mənim həyatımda Türkana yer yoxdu. Bundan əmin ola bilərsən. Səni incitmək istəmərəm heç vaxt. 

-Bilirəm, heç nəyə görə narahat olma. 

-De görüm mən gedəndən sonra darıxacaqsan? 

-Dostum olsaydın əlbəttə darıxardım sənin üçün, amma indi bilmirəm.

-Necə yəni? 

-Zarafat elədim, üzün gülsün bir az. 

Biz güləndə hiss elədim ki, kimsə bizim masaya yaxınlaşır. Baxdım ki, Nicatla Xatirədir. Turala da işarə verdim, qalxıb onlarla görüşdüm. Tural da Nicatla salamlaşdı, amma Xatirəni görəndə sanki bir az təəccübləndi və bu mənim diqqətimdən yayınmadı. Turalı Nicatgillə tanış edəndən sonra yerlərimizə əyləşdik. İndi mən Nicatla, Tural da Xatirə ilə üz-üzə əyləşmişdi. Xatirə yanımdakı gül buketini görüb soruşdu: 

-Gülü, bu nə gözəl buketdir belə? Deyəsən bizim bilmədiyimiz bir şey var hə? 

-Hələki bilmirsiniz, amma indi deyəcəm biləcəksiniz. Biz Turalla nişanlanırıq. Dünən elçilik oldu. Hərçənd gözlənilmədən oldu, amma inşallah hər şey yaxşı olar.

-Bu çox gözəl sürpriz oldu, təbrik edirik, xoşbəxt olun. 

Xatirə də, Nicat da bu xəbərə çox sevinmişdilər, ikisinin də üzündəki sevinc açıq aydın hiss olunurdu. Nicat da başa düşmüşdü ki, Tural - haqqında danışdığım həmin o sinif yoldaşımdır. Mən Turalın Nicatla bağlı şübhəsi olmasın deyə daha çox Xatirə ilə söhbət edirdim ki, o da Nicatla danışsın. 

Söhbət əsnasında Turalın Xatirəyə olan baxışları çox hiss olunurdu. Bundan narahat olmağa başlamışdım. Amma bu ona görə deyildi ki, mən Turalı qısqanırdım. Yox. Mən Nicatla aralarında bir problem yaranmasın deyə tez-tez Turalı çağırırdım, araya bir söz salırdım ki, fikri yayınsın. Əslində görüşümüz çox gözəl keçirdi, məktəb illərimizdən, universitet həyatımızdan, Nicatın tamaşalarından danışdıqca vaxtın necə keçdiyini bilmədik. Beləcə, bu görüşün sayəsində, uşaqlar Turalı daha yaxından tanıdılar. Tural qayıdandan sonra nişan eləyəcəyimizi də xəbər verdik. 

********

Uşaqlarla sağollaşdıq. Onlar kinoteatra getdilər. Biz də taksi saxlatdıq ki, evə vaxtında çataq. Tural yenə də yanımda əyləşdi. Mən daha dözə bilməyib, Xatirəyə niyə elə baxmağının, qəribə hərəkətlərinin səbəbini soruşdum. O mənə Xatirənin kim olduğunu deyəndə isə təəccübümü gizlədə bilmədim... 

ardı var

Gülzarə Hüseynova


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+20=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye