O növbəti insan idi ki, mən ona da bu əzablı xəbəri çatdırmalıydım, atamın öldüyünü deməliydim. Şənbə günü gəldi çatdı. Saatlarla fikirləşdim ki, görəsən Nicat bunu biləndə nə edəcək? Axı mən onu sevirdim, onun dəstəyi mənim üçün çox əhəmiyyətli idi. Artıq görüş vaxtına az qalmışdı, Nicatdan zəng gəldi :
-Gülü, salam, hardasan ?
-Salam, evdəyəm.
-Aşağıya gəl, binanın qabağındayam.
-Nə ?
Telefonu söndürüb tələsik həyətə düşdüm. Mən ona "görüşməyək" deyəcəkdim, amma o özü mənim yanıma gəlmişdi deyə sanki cəsarətim bir az da artmışdı. Ona həyatımın ən pis xəbərini verərkən onun reaksiyası mənim üçün çox önəmliydi - yanındakı qızı görənə qədər...
-Nicat, burda neynirsən ? Bu xanım kimdir ?
-Sənin dalınca gəlmişik, bu xanım bu gün bizim görüşməyimizin əsas səbəbkarıdır.
-Necə yəni ?
-Sən mənim ən yaxın dostum kimi, nişanlımla tanış etmək istədiyim ilk insansan. Bu gözəl xanımın adı Xatirədir, tanış olun. Xatirə, sənə danışdığım həmin dostum bax bu dünya gözəli Gülanə xanımdır, hamımız ona qısaca Gülü deyirik.
-Tanışlığımıza şadam, Gülü, Nicat üzüyü barmağıma taxan kimi dedi ki, bunu hamıdan birinci sən bilməlisən. Qismət olsa toy dəvətnaməmizi də ilk sənin adına yazacağıq.
"Bu sevincli xəbərə sevinməmək mümkündürmü?"
-Həqiqətən də çox diqqətcilsiniz, uşaqlar, çox sağ olun. Təbrik edirəm.
-Çox sağ ol, Gülü, deyəsən sənin kefin yoxdu, hə ? Həm də ki, heç hazırlaşmamısan, hazırlaş gəl, biz gözləyərik səni.
-Mən bir az halsızam , uşaqlar, üzrlü hesab edin, sizinlə gələ bilmirəm. Siz gedin, doyunca gəzin, şənlənin. Hələ çox görüşəcəyik, başqa vaxt gələrəm sizinlə.
-Gülü, nə olub ? Açıq de görüm. Səni birinci dəfədir belə görürəm.
-Yox, hər şey yaxşıdır, narahat olma. Siz gedin, uşaqlar, mənə görə narahat olmayın.
Nicatın yanında "nişanlım" dediyi qızı görəndən sonra nəinki onlarla birlikdə harasa getmək, heç atamın ölümünü demək də keçmədi ürəyimdən. Onları yola salıb, evə qalxdım.
Öz otağıma keçib, ağlamağa başladım, taleyimə nəzər saldım. Hələ 2 gün bundan əvvəl atam bu dünyadan köçüb getdi. Fikirləşdim ki, bir anama, bir də sevdiyim insana görə nəfəs almağa dəyər. Amma bu gün sevdiyim insanı da taleyim əlimdən aldı.
Mən bu görüşlə bağlı necə xəyallar qurmuşdum, mən ona "sevirəm" deyəcəkdim, o da mənə. Bundan sonra günlərimiz birlikdə keçəcəkdi. O, məni ən yaxın yoldaşları ilə, mən də onu qrup yoldaşlarımla tanış edəcəkdim. Sonra nişanlanacaqdıq, gələcək ailəmizlə bağlı planlar quracaqdıq...
Amma bundan sonra mən hər dəfə onu Xatirə ilə birlikdə görəcəkdim, onlar hər dəfə bir-birinin gözlərinə baxanda mən üzümü yana çevirəcəkdim, Nicatı o qızın əlindən tutarkən görüb, dözə bilməyəcəkdim.
Bu gün həyatımın ikinci böyük zərbəsini aldım. Həyatımda xüsusi yeri olan iki kişini bir-birinin ardınca itirdim : əvvəlcə atam, onun ardınca da sevdiyim insan.
Otağımın qapısında yerə çöküb, göz yaşlarımla bölüşdüm dərdimi. Telefonu əlimə alıb, Nicatın şəkillərinə baxmağa başladım. Şəkillərin arasında biri mənim üçün çox məna ifadə edirdi, həmin şəkil Nicatla ilk dəfə tanış olduğumuz gün nümayiş olunan tamaşada çəkilmişdi...
"Maddi vəziyyətimiz yaxşı olan vaxtlarda bir gün anamla belə qərara gəldik ki, həftə sonunu maraqlı keçirək. Çox düşünəndən sonra yekun qərarımız bu oldu ki, bazar günü ailəvi teatra gedək. Anam biletləri almağı mənə tapşırdı. Dərsdən sonra Pantomim teatrına yollandım, aprel ayının altısına, axsam saat 18:00-da baş tutacaq tamaşaya üç bilet aldım. Tamaşadan bir gün əvvəl atamın iş yoldaşı qəzada dünyasını dəyişdi. Atam dedi ki, bizimlə birlikdə gələ bilməyəcək, anamla ikimiz getməli olduq. Üçüncü bileti isə teatrın önündə dayanan cavan qıza hədiyyə etdim.
İyirmi dəqiqədən sonra tamaşa başlandı. Obrazlardan biri çox diqqətimi çəkdi, üzündəki qrimə baxmayaraq mənə elə gəldi ki, onu daha əvvəllər hardasa görmüşəm. Çox fikirləşsəm də xatırlaya bilmədim. Tamaşadan sonra anamla birlikdə mağazalara nəzər saldıq, alış-veriş etdik. Əslində heç vaxt mağazalarda yubanmazdım, amma həmin gün sanki sevgi mələkləri bizi ləngitdi. Metroya gəldik, tamaşada tanıya bilmədiyim həmin oğlanı görəndə ixtiyarsız şəkildə gözlərimi ondan ayıra bilmədim. Və budur, mən onu xatırladım. Onların komandası bizim universitetdəki tədbirlərdən birinə dəvət almışdı. "Zərərli vərdişlərlə mübarizə" mövzusunda keçirilən həmin tədbirdə onlar kiçik bir tamaşa ilə çıxış etmişdilər. Onun səhnədəki rolu az davam etdiyinə görə mən Nicatı çətinliklə xatırladım. Bu gün onu yenidən görməyim bizim tanış olmağımıza bir bəhanə oldu. Nicata yaxınlaşdım. Universitetdəki tədbirdən, bu günkü tamaşadan danışdıqca aramızda səmimi bir söhbət quruldu. Məni növbəti tamaşanı izləməyə dəvət etdi. Tamaşaya gedib getməməklə bağlı tərəddüd etsəm də, o mənə tamaşanın tarixini deyəndə əminliklə bildirdim ki, "mən həmin gün mütləq gələcəyəm." Bu tamaşa mənim ad günümə - aprel ayının 16-na təsadüf edirdi.
Evə qayıdandan sonra öz otağıma çəkilib, internet saytlarında Nicatla bağlı məlumatlarla maraqlanmağa başladım. Müxtəlif tamaşalardan, filmlərdən, reklamlardan olan şəkillərini tapıb kompüterə yüklədim. Daha sonra sosial şəbəkələrdə onun rəsmi səhifəsini axtarıb tapdım. Onunla daha çox ünsiyyətdə ola bilmək üçün bu fürsətdən istifadə etdim. Vaxtaşırı onunla yazışıb, çəkildiyi serial barədə fikirlərimi bildirirdim, kompüterdəki şəkillərdən ən çox bəyəndiklərimi özünə də göstərirdim. Vaxt gəldi çatdı aprelin 16-na. Dərsdən sonra qrup yoldaşlarımla birlikdə ad günümü qeyd etdik. Sonra evə gəldim. Anam mətbəxdə 20 yaşım münasibəti ilə xeyli hazırlıq görmüşdü, ad günü tortum da artıq süfrədə hazır idi. Xətrinə dəyməmək şərti ilə anamdan axşam tamaşaya getmək üçün icazə istədim, nigaran qalmasın deyə qrupdakı qızlarla gedəcəyimi dedim. Mən heç bir ad günümü evdən kənarda qeyd etməmişdim, bu ilk olacaqdı. Anam narahat da olsa qəlbimi qırmamaq üçün icazə verdi. "Çalış tez gəl, tortunu üçümüz birlikdə kəsəcəyik" deməyi də unutmadı.
Yaxşıca hazırlıq görüb, ad günümdə dünyanın ən gözəl qızı olmağa çalışdım.
Xüsusi olaraq adıma yazılan dəvətnamə ilə zala daxil oldum. Təxminən bir saat davam edən tamaşadan sonra izləyicilər alqışlarla və gül dəstələri ilə tamaşadan razılıqlarını ifadə etdilər. Nicatı gözləmək üçün zaldan çıxmağa çalışarkən, birdən səhnəyə bir kloun çıxdı. Mənim kimi digər izləyicilər də təəccüb etdilər, biz tamaşanın bitdiyini zənn etmişdik. Klounu görəndən sonra ayaq üstə olan hər kəs öz yerində əyləşdi. Kloun əlindəki bükülü kağızı açmağa çalışırdı. Onun qəribə hərəkətləri izləyiciləri güldürdü. Nəhayət o, bükülü kağızı aça bildi. Əvvəlcə kağıza baxdı, sonra izləyicilərin arasından kimisə axtarmağa başladı. Tapa bilməyəndə yorulub yerə oturdu, kağızı izləyicilərə tərəf çevirdi. Gözlərimə inana bilmədim. Orada mənim adım yazılmışdı. Bunu görən kimi ətrafımda əyləşənlərə baxdım, onlar maraqla səhnəciyin davamını izləyirdilər. Lakin mənim üçün bu kifayət qədər təəccüblü bir vəziyyət idi. Kloun bir-bir hamıya yaxınlaşıb nəsə izah etməyə başladı, izləyicilər də bu səhnəciyin bir hissəsinə çevrildilər. Nəhayət mənə çatanda əlindəki kağızı yenidən büküb cibinə saldı. Əlini mənə uzadaraq, işarələrlə səhnəyə dəvət etdi. Hər kəs bizi alqışladı və maraqla izləməyə başladılar. Kloun mənim qarşımda diz çökərək qəfildən geyiminin cibindən bir qızılgül çıxarıb, mənə uzatdı. Mən gülü alıb təşəkkür edəndə o yenə də işarələrlə mənə gözləməyi tapşırdı . Sonra səhnəyə daha iki kloun gəldi. Üçü birdən, yan-yana düzülüb mahnı oxumağa başladılar : "Ad günün mübarək! Ad günün mübarək ! Ad günün mübarək, Gülanə, ad günün mübarək!" Mən çox heyrətlənmişdim ki, onlar mənim adımı və ad günüm olduğunu necə bildilər ? Sevincdən axan göz yaşlarımı saxlaya bilmədim, o an Nicat səhnəyə çıxıb əlində qızılgüllərlə mənə yaxınlaşdı və ad günümü təbrik etdi. Bu inanılmaz idi. Onlar məni təbrik etmək üçün tamaşadan sonra belə bir səhnəcik düzəltmişdilər.
Bayaqdan hər şeyi maraqla izləyən tamaşaçılar ayağa qalxaraq bizi alqışladıar, zalın əsas işıqları yandı. İzləyicilərdən də bəziləri məni təbrik edərək zaldan çıxdılar. Hamı çıxandan sonra mən bir daha bütün aktyorlara təşəkkür etdim, Nicatla birlikdə oradan ayrıldıq.
Nicat çay içməyi təklif etdi, bu möhtəşəm sürprizdən sonra təbii ki, mən bu təklifi qəbul etdim. Bir kafeyə gəldik. Söhbət əsnasında mənə qaranlıq olan suallara cavab aldım. Məlum oldu ki, Nicat facebooka daxil olanda öyrənib ki, bu gün mənim ad günümdür. Mənim tamaşaya gələcəyimi bildiyi üçün belə bir hədiyyə hazırlayıb. Məni dəvət edərkən ad günümlə bağlı ona heç nə demədiyim üçün məni azacıq danladı. Mən isə peşman olmadığımı, bu gözəl sürprizə görə nə qədər təşəkkür etsəm, yenə də az olduğunu bildirdim. Xeyli söhbət etdik, bəyəndiyim tamaşalardan, ən çox izlədiyim filmlərdən danışdıq. Aramızda bir çox ortaq xüsusiyyətlər olduğu nəzərimdən yayınmadı.
Həmin gün aramızda çox səmimi bir münasibət yarandı. Söhbət çox xoş olsa da ad günümə evdə valideynlərimlə birgə davam etməliydim. Söhbəti xoşluqla sonlandırıb, evə qayıtmalı oldum."
Telefonda Nicatın şəkillərinə baxarkən həmin ad günümdə çəkilən şəkillər də gözümə dəydi. O günlərin xatirəsi nə qədər əziz idi mənim üçün. Bizim dostluğumuz beləcə başlamışdı. Mən həmişə onun üçün bir dost olsam da mənim ona olan heyranlığım getdikcə sevgiyə çevrilmişdi. Mən onu hər şeydən daha çox sevirdim. Lakin bizim gözəl dostluğumuz səbəbiylə mən bunu Nicata deməyə çəkinirdim həmişə. Özümü danlayırdım. Lakin bu gün, Nicat məni Xatirə ilə tanış edəndə heç peşman olmadım. Çünki Nicatın ona olan sevgimdən xəbərsiz halda məni Xatirə ilə tanış etməsi, sevgimi bilə-bilə mənə onun haqqında danışmasından daha az əzablı göründü mənə.
Mən qarşılıqsız sevgimlə əzab çəkərkən, o, sevib-seçdiyi xanıma üzük hədiyyə etmiş, ona olan sevgisini rəsmiləşdirmişdi. Tezliklə onlar ailə quracaqdılar, bu səbəblə də mən Nicata olan sevgimi Nicatdan xəbərsiz halda ürəyimdə dəfn etdim...
(ardı var)
Gülzarə Hüseynova