İyirmi dörd fəsil - ikinci hissə
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 17:13 31 oktyabr 2015 tarixində əlavə olunmuşdur

"İyirmi dörd fəsil" - ikinci hissə 

Gözlərimə inana bilmədim, aylar sonra o mənim qarşımda dayanmışdı. Axı məni burda necə tapıb ? Heç nə başa düşə bilmədim. O məqamda mən sadəcə onu görməyin həyəcanını yaşayırdım. O, mənim dostum, sirdaşım, mənim "məhəbbətim" idi. Orda Nicatın qəfildən gəlib məni səsləməsi mənə nə qədər qəribə görünsə də çox sevinmişdim buna. 

-Nicat, sən burda neynirsən ? 

-İşə gedirəm. Səni görüb dayandım, elə bayaqdan sənə baxıram. Yeni işindir? Xeyirli olsun. 

-Çox sağ ol. İnan çox sevindim, neçə aydır görüşmürük. 

-Düzdür, belə vəfalı dostlarıq da, bir-birimizi görmürük. 

-Sənin teatrda məşqlərin, çəkilişlərin olur, mən hər dəfə səni narahat eləyə bilmərəm axı.

-Bir şeyi yadında saxla ki, sen heç vaxt məni narahat etmirsən, səninlə ünsiyyətdə olmaq çox xoşdur.

-Çox sağ ol . 

-Hə, Gülüm, səni görməyim yaxşı oldu, səninlə danışmaq istəyirəm, çox vacib bir məsələdir. 

-Buyur, danışaq. 

-İndi yox, bu gün yenə məşqlərim var, getməliyəm. Axşam danışarıq. Məsələ mənim üçün nə qədər vacibdirsə, səni də o qədər maraqlandıracaq. 

-Yaxşı, onda axşam danışarıq. Səni yolundan saxlamayım, görüşərik. 

-Hələlik. 

"Mənim dostum, sirdaşım, ən əsası da mənim "məhəbbətim" görəsən mənimlə nə haqqında danışacaq? Bəlkə də o mənim eşitmək istədiyimi deyəcək mənə - SƏNİ SEVİRƏM deyəcək bəlkə də ! Nə bilmək olar. Deməli qarşılıqsız deyildi sevgim. Şükürlər olsun." 

İşlərimi yekunlaşdırıb tələsik evə qayıtdım. Anamgilin işdən gəlməyinə az qalmışdı. Tez bir zamanda yemək hazırladım. 

********

Axşam süfrə arxasında anam mənə maraq dolu nəzərlərlə baxırdı, ilk iş günümlə bağlı suallar verdi. Atam isə heç danışmırdı, bir anlıq fikrimdən keçdi ki, bəlkə atamın xətrinə dəymişəm ? 

-Ata, sən niyə danışmırsan ? Bəlkə xətrinə dəymişəm? Əgər elədirsə, mən üzr istəyirəm. Səhvimi de, neylədiyimi bilim. 

-Yox, qızım, işdə bir az yorulmuşam, ona görə kefsizəm. Mən bu gün tez yatacam. İcazənizlə süfrədən qalxım, sizə nuş olsun. 

Görəsən atam niyə kefsiz idi? O, ağır işdə işləyir, hər gün yorğun gəlir, amma heç vaxt belə kefsiz olmurdu. 

-Ana, bəlkə sən bilirsən, atam niyə belə kefsizdir ?

-Dünən sənin üçün bir kitab almışdı. Sən çoxdandır o kitabı oxumaq arzusunda idin. Amma səninlə işlə bağlı danışdıq deyə o heç fürsət tapmadı ki, kitabı sənə versin. Sənin iki-üç günlük də olsa işləyib bizə kömək olmaq istəyin atanı bir tərəfdən sevindirir, bir tərəfdən də incidir. O sənin daha yaxşı işlərdə işləməyini arzulayırdı, məcburiyyətdən belə bir işə üz tutmağına görə özünü günahlandırır, sən neçə saat soyuq havada, əlində yüzlərlə kağız yollardasan. Sənə lazım olan şəraiti yarada bilmirik deyə atan pis olub, qızım. 

-Ana, düzdür, daimi iş olmasa da, mən bu işin sonunda müəyyən miqdarda pul alacam, aldığım pulla az da olsa sizə kömək olmaq istəyirəm. Atamı çox yaxşı başa düşürəm, mən evin tək uşağıyam. Nə mənim sizdən savayı kimsəm, nə də sizin məndən savayı heç kiminiz yoxdur. Amma gec və ya tez mən işləyib sizin üçün əlimdən gələni eləməliydim. 

-Sən fikrini işə verəndən sonra çox dəyişdin, bala. Mən sənə atanın hədiyyəsindən danışıram, mən sənə deyirəm ki, atan sənə ən çox istəyidin kitabı alıb, sən heç kitabla bağlı bir kəlmə də soruşmursan. Sənə nə olub ?

-Ana, qulaq as, atamın hədiyyəsinə görə əlbəttə ki, sevinirəm. Amma ailənin vəziyyəti göz qabağındadır, 2 aydan sonra təhsil haqqımı ödəməliyəm. Özün bilirsən də pulu ödəməsək nə olacaq ?

-Bunun məsələyə dəxli yoxdur, biz hal-hazırda kitabdan danışırıq.

-Biz hər şeydən danışmalıyıq, ana, mən universitetdən qovulmaq istəmirəm. Sonuncu kursdayam, özümə iş qurmaq istədiyim bir vaxtda universitetdən atılmaq fikrim yoxdur. Atamın hədiyyəsini verərsən mənə. Buna görə atama çox sağ ol deməliyəm, həm də ondan üzr istəməliyəm, görürsən də atam məndən inciklidir. 

-Sən özünü bu işə lazım olandan çox həsr eləyirsən. Sənin bu işdən qazanacağın pul 30 manatdır, qızım,  bu sənin təhsil haqqın deyil, onsuzda biz o pulla cəmi bir neçə gün dolana biləcəyik, o pul sənin universitet yaranı sağaldacaq ? 

-Bəlkə də yaramı sağaltmayacaq, amma onsuzda mən çoxdandır işləmək arzusundaydım. Bu işim qurtarandan sonra mən başqa bir iş də axtaracam. Bundan sonra öz xərclərimi özüm qazanmaq istəyirəm, utanıram daha sizdən yol pulu, yemək pulu istəməyə . 21 yaşında insan niyə valideynlərinə yük olsun ki ?

-Gülü, sən bizə yük deyilsən, qızım,  biz sənin valideynlərinik, sənin üçün şərait yaratmaq hər şeydən əvvəl bizim vəzifəmizdir. 

-Ana, bu mövzudan çox danışmasaq daha yaxşı olar, hamımızın əsəbləri tarıma çəkilib, birdən bir-birimizin xətrinə dəyərik. Sən mənə de ki, atamın aldığı kitab hardadır ? 

-Sənin otağındadır, stolun üstünə qoymuşuq. 

-Necə yəni ? Axı mən orda təzə heç nə görməmişəm ?

-İndi mənə inan ki, həqiqətən də bu iş məsələsi sənin fikrini necə dağıdıb. 

********

Atam mənim sevimli kitabımı almışdı : Den Broun - "Cəhənnəm". Mən özümü günahkar hiss eləyirdim, sanki cinayət törətmişdim. Bilmirdim atamdan necə üzr istəyim. 

Onun yanına getdim, otağın qapısını açanda gördüm ki, atam pəncərədən küçəyə baxır. Bu onun fikirli olmağının əlaməti idi. Yanına gəldim, kitabım da əlimdə. 

-Ata, dünən mənim istədiyim kitabı almısan, anam dedi. Çox sağ ol. Bilirsən necə arzulayırdım bu kitabı ? 

-Bilirəm, qızım , elə sənin üzün gülsün deyə o kitabı aldım sənə. 

-Çox sağ ol, ata, üzr istəyirəm səndən, dünən bir kəlmə də olsa soruşmamışam ki, o qara salafandakı nədir ? Məni bağışla, ata. 

-Səndən inciməmişəm, qızım, Səninlə danışmaq istəyirəm, amma söz ver ki, bu məsələ aramızda qalacaq, anan bilməyəcək . 

-Ata, nə olub ? 

-Söz ver görüm .

-Söz verirəm, ata. Nə olub? 

-Bu gün axırıncı iş günüm idi, məni işdən çıxartdılar. 

-Nə? Necə ? 

-Bir az səssiz ol, anan eşitməsin. Heç bilmirəm sabah evdən nə adla çıxacam, necə ananla bir avtobusa minəcəm, axı mən daha işləmirəm ?  

-Ata, qurban olum, fikir eləmə, bir müddət diqqət eləyərik ki, anam xəbər tutmasın. Mən sənin üçün də bir iş axtararam, ən tez müddətdə bu vəziyyətdən çıxarıq. 

-Bu qədər borcum olan vaxtda bu işsizlik hardan çıxdı axı. Çox kefsizəm, Gülü. 

-Ata, fikir eləmə, yəqin sən işdən çıxacaqdın deyə Allah mənə bu işi yetirib. Qazandığım pulla bir neçə gün dolana bilərik. 

-Düzünü desəm, mən sənin yanında utanıram, qızım, heç istəmərəm sən bizə görə əziyyət çəkəsən. 

-Ata, biz ailəyik, bir-birimizdən başqa kimimiz var ? Özün fikirləş, əmimgil, xalamgil, dayım - hamısı bizə arxa çeviriblər, borcumuz var deyə daha bizi saymırlar. Elə bil ki, dünyada hər şey puldan ibarətdir. Onların vəziyyəti bir az bizimkindən yaxşıdır deyə özlərini bizdən üstün tuturlar. Elə ona görə də biz sadəcə özümüzdən ibarətik. Hər nəyimiz varsa ona birlikdə sahib olmuşuq, bundan sonra da elə olacaq. 

-Allaha çox şükür, sən varsan. 5 oğlum da olsaydı, yenə bircə səni hamısından üstün tutardım. 

-Ata, mən sizi hamıdan , hər şeydən çox istəyirəm. 

********

Atamın baxışları, anamın sözləri, mənim hərəkətlərim - bütün bunları üst-üstə qoyub fikirləşməyə başladım. Görəsən bu vəziyyətdən nə vaxt çıxacaqdıq ? Bilmirdim. Amma bu vəziyyətdə mənə təsəlli ola biləcək bir ümid var idi - mənim "məhəbbətim". Narahat etmək qorxusu ilə neçə aydır görmədiyim adamı görmüşdüm bu gün , "sevdiyim" oğlanı görmüşdüm. Biz yaxın günlərdə yenidən görüşəcəkdik. Deməli, ümid var idi ki, hisslərimi başa düşsün. Nə bilmək olar, bəlkə o da mənə sevgisini etiraf eləyəcəkdi, dedi axı, mənimlə çox vacib məsələdən danışacaq. Mesaj yazım, görüşəcəyimiz günü dəqiqləşdirək. 

"Salam, Nicat, necəsən ? Demişdin axşam danışaq."

"Salam, Gülü, bilmirəm sözə necə başlayım. Sən mənə kömək ola biləcək yeganə insansan." 

"Əgər kömək ola bilsəm çox şad olaram. Nə vaxt görüşək?"

"İşin yoxdursa şənbə günü görüşək. Saat neçədə istəsən."

"Olar. 12 ya da 1-də görüşək. Oturub ətraflı danışarıq."

"Mən razı. Səni çox istəyirəm, unutma. Hələlik."

O necə dedi ? "Səni çox istəyirəm". Görəsən bu bir işarədir ? Deməli düzgün başa düşmüşəm, o məni sevindirəcək. Allahım, şənbə günü tez gəlsin, Nicatı yenə görmək istəyirəm.

Anamın həyəcanlı səsi məni "sevdiyim oğlanın" xəyallarından ayırdı. Nə baş verdiyini basa düşmədim, elə bil qəfildən ayıldım. Anam qışqırırdı, məni çağırırdı, "həkim çağır!" deyirdi...

"Həkim çağır!" 

 

(davamı olacaq)

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0241 saniye