İyirmi dörd fəsil (iyirminci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 19:52 27 iyul 2016 tarixində əlavə olunmuşdur

Bu, Nicatın həyatımdakı ikinci böyük sürprizi idi. Gül buketini mənə uzatdı. Həyəcanla, bir o qədər də təəccüblə buketi ondan alıb, təşəkkür etdim. 

Tədbir başa çatdı. Gələn qonaqlar son olaraq yenidən məni təbrik edib, tədbiri tərk edirdilər. Nicat hələ də gözləyirdi. Onun axıra qədər gözləməyindən başa düşmüşdüm ki, mənimlə danışmaq istəyir. Anamdan xahiş etdim ki, məni bir qədər aralıda gözləsin. Onun üzündə narazılıq ifadəsi olsa da, heç nə demədən bizdən uzaqlaşdı. 

Nicata ilk sualım Xatirə ilə barışıb-barışmamağı idi. Aydın oldu ki, barışmayıblar. Deməli, Nicatın ürəyində mənə qarşı az da olsa bir ümid ola bilərdi. Buna görə ehtiyyatlı davranırdım. Danışmağa söz tapmırdım əslində. Yaxşı ki, özü sözə başladı: 

-Sənə çox inanırdım. Bilirdim ki, hekayə yazmaq istəyin bir kitabla başa çatacaq. Təbrik edirəm. 

-Çox sağ ol. Bilmirdim gələcəksən. 

-Axı dəvət eləməmişdin... 

-Bağışla. Özün də bilirsən, axırıncı söhbətimiz uğursuz alınmışdı. Mən səni dəvət edə bilmədim. 

-Gülü, məndən uzaqlaşmağına ehtiyac yoxdur. Mən sənin istəmədiyin bir şeyi eləmərəm. Bu məsələni vaxtında ona görə aça bilmədim ki, səni heç olmasa dost olaraq da itirməyim. Xahiş eləyirəm, dostluğunu mənə çox görmə. 

-Bilmirəm, nə deyim. 

Həmin gün bu mövzunu danışmaq üçün münasib deyildim. Ona görə Nicatla sağollaşdım. 

Axşam, təqdimatda çəkilən şəkillər e-mail ünvanıma göndərildi. Şəkillərə baxdıqca özümü hələ də orda hiss edirdim.Tədbiri çox gözəl təəssüratlarla başa vurmuşduq. Amma bir şeyə təəssüf edirdim ki, belə bir gündə atam yanımda ola bilmədi, bu xoş günümü görmək ona qismət olmadı.

Hər gecə olduğu kimi o gecə də Turalı fikirləşmədən yata bilmədim. Düzdür, həyatda hər şey istədiyimiz kimi olmur, amma mən sadəcə xoşbəxt olmaq istəyirdim. Kaş hər şey daha fərqli olardı, Türkan onun həyatına heç girməzdi, ya da həyatından çıxmağı bacarardı.  

Mənim həyatım sanki bir film idi. Bütün uğurlu filmlərdə olduğu kimi - çox gözəl davam edən həyat səhifələrindən sonra, qəfildən uğursuzluqlar başladı, sevdiyim, dəyər verdiyim şeyləri itirdim. Həyatım eniş-çıxışlarla dolu idi. Amma daha çox eniş olurdu. Son bir il ərzində uğursuzluqlarım daha çox olmuşdu. Xoşbəxt günlərimin sayı barmaqla sayılacaq qədər az idi. 

Təqdimatdan təxminən bir ay sonra Afər xanım kitabımla bağlı bir şad xəbər verdi mənə. Satış üçün ayrılan kitablar artıq satılıb qurtarmışdı. Kitabın ikinci nəşrinə ehtiyac vardı, bu dəfə daha çox sayda sifariş verəcəkdik. 

Nicat da tez-tez zəng vururdu, amma neçə gündə bir dəfə zənginə cavab verirdim. Onu özümdən soyutmağa çalışırdım. Bir vaxtlar ən çox istədiyim şey onunla birlikdə xoşbəxt olmaq idi, indi isə onun mənsiz xoşbəxt olmağını istəyirdim. Xatirəyə qayıtmağını istəyirdim. Əgər mənə yaxın olmağa davam etsəydi, qorxurdum ki, ona qarşı zəif olaram. Ona olan hisslərimin yenidən canlanmağından qorxurdum. 

********

Sentyabr ayının əvvəlləri idi. Afər xanımla yenə görüşməyə qərar verdik. Bu görüşdə uzun müddət bundan əvvəl müzakirə etdiyimiz "ssenari" mövzusu yenidən gündəmə gəldi: 

-Gülanə, yəqin ki, xatırlayırsan, mən sənə söz vermişdim ki, romanın əsasında ssenari hazırlayacağıq. Bu təklifim hələ də qüvvədədir. Lakin sənə çox inanıram, bilirəm ki, mən olmasam da bunu bacararsan. İstəyirəm bu sahədə özünü sınayasan. 

-Doğrusu, başa düşə bilmədim. Özümü sınamaq deyəndə nəyi nəzərdə tutdunuz? 

-Özün bilirsən ki, tətil bitib, bütün televiziya kanallarında yeni mövsüm başlanıb. Sən mənim köməyim olmadan da ssenari yaza bilərsən, bunu bacararsan. 

-Yəni? 

-Bilirsən, yeni mövsümdə bir televiziya kanalında yeni serial yayımlanacaq. Tanışlarımdan biri həmin serialın baş ssenaristidir. Eşidəndə ki, səni yaxından tanıyıram, çox sevindi. O, sənin də ssenari qrupunda olmağını istəyir. Sən çox istedadlısan, məncə bunu bacararsan. Bu fürsət hər kəsə verilmir, bunu dəyərləndir. 

-Bu çox sevindirici bir şeydir. Siz doğrudan deyirsiz? 

-Əlbəttə, bu çox böyük şansdır. Sən daha da irəli gedə bilərsən. 

-İnana bilmirəm. Sizə nə qədər təşəkkür etsəm, yenə az olar. Minnətdaram sizə. Mənə çox köməyiniz dəyib. 

-Bəlkə də mən sənə kömək etmişəm, amma sən bu imkanları öz istedadınla qazanmısan. İndi nə deyirsən, Kamran bəylə görüşmək istəyirsən? 

-Əlbəttə, doğrusu, bunu bir iş təklifi hesab etsək, əslində çox yerinə düşdü, çünki daimi qazancım olsa, anama kömək olaram, gələcəyə də bir zəmanətim olar. 

Beləcə, mən yeni uğurlara doğru gedirdim. Bu təklif mənim üçün çox şeyi dəyişdi. Üzüm güldü, yeni ümidlərim yarandı. Özümü bu sahəyə hazırlamağa başladım. 

Bir neçə gün sonra Afər xanımın köməyi ilə Kamran bəylə görüşümüz baş tutdu. İlk görüş maraqlı keçdi. Kamran bəy sanki məni sınayırdı, oxuduğum kitablarla maraqlanır, çoxlu suallar verirdi. Qarşı tərəf mənim düşüncələrimlə, dünyagörüşümlə maraqlanırdı. Bu mənim üçün vacib mərhələ idi. Çünki seçilməməkdən qorxurdum. Əlimdən gələni edirdim ki, Kamran bəyin razılığını qazanım. Görüş başa çatandan sonra xoş təəssüratlarla ayrıldıq. Kamran bəy zəng vuracağını dedi. 

Beləcə, gözlədiyim zəng gəldi. Kamran bəy məni işə dəvət etdi və bu, son vaxtlarda aldığım ən gözəl xəbərlərdən biri oldu. Yeni iş həyatına qədəm qoyurdum, yeni tanışlar, yeni uğurlar məni gözləyirdi. Sanki həyata yenidən başlayırdım. Sanki həyatı yenidən salamlayırdım: salam, həyat! 

(ardı var) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye