İyirmi dörd fəsil (on birinci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 14:46 02 mart 2016 tarixində əlavə olunmuşdur

Turalsız günlər bir-birini əvəz etdi. Yaz gəldi. O Ankarada olanda çox darıxırdım onun üçün. İşdə nəyəsə əsəbiləşəndə, nədənsə narahat olanda gözlərim hər yerdə onu axtarırdı ki, bircə ona danışım hər şeyi. Amma hər zaman hər istəyimiz yerinə yetmir. Tural nə sevgililər günündə, nə də başqa bayramlarda yanımda olmadı. Biz heç bir bayramı birlikdə qeyd edə bilmədik. Sadəcə telefonla danışmaq həsrətə son vermir. Yan-yana olmaq, əlindən tutmaq, gözlərinə baxmaq istəyirsən. Nişandan sonra Turala çox bağlanmışdım. Onunla ailə qurmaq üzrəydim, gələcək planlarım, ömrümün qalan hissəsi onun adı ilə bağlanmışdı. Mən Tural üçün çox darıxmışdım... 

Yaz günəşi, yaz havasındakı təravət insana yaşamağa ümid verirdi. 

İş yerimdə hörmət qazanmışdım. Çalışqanlığıma görə məni bir pillə də yüksək vəzifəyə təyin etmişdilər. Maaşımı da artırmışdılar. Deyəsən həyatımda bəzi şeylər artıq öz yolunu tapmağa başlayırdı. 

Təqvimdə 16 aprelə az qalmışdı. Bir neçə gündən sonra doğum günümü qeyd edəcəkdim. Ömrümün 22-ci baharına qədəm qoyacaqdım. Təbii ki, bu dəfə doğum günümdə bir itkim vardı. İlk dəfə doğum günümü atam olmadan keçirəcəkdim. Bu məni çox incidirdi. Bu elə bir yaradır ki, insan sonuncu nəfəsinə qədər də onun ağrısını hiss edir. Atam hər doğum günümdə mənə hədiyyələr alırdı, güllər bağışlayırdı. Bu dəfə isə doğum günümdə mən özüm onun görüşünə gedəcəkdim, məzarının başında həsrətlə gözləyəcəkdim ki, bircə dəfə "qızım" sözünü eşidim onun dilindən. 

İnsan belə varlıqdır. Sevdiklərinin qiymətini onları itirəndən sonra başa düşür. Necə ki, atamı itirəndən sonra daha çox axtardım, necə ki, Tural gedəndən sonra daha yaxşı başa düşdüm ona olan istəyimi. O qədər darıxırdım ki, Tural üçün, həyatımın bundan sonrasını onsuz təsəvvür edə bilmirdim. Dua edirdim ki, günlər tez keçsin, imtahanları bitirib, diplomunu alıb yanıma qayıtsın. 

Aprel ayının 16-sı gəldi çatdı. Həmin gün şənbə günü idi. İşdən icazə almışdım ki, anamla birlikdə ola bilim. Sənubər xalagil də bizə gələcəkdilər. Hamımız birlikdə qeyd edəcəkdik doğum günümü. Təkcə Tural olmayacaqdı. Səhər mənə maraqlı təbrik mesajları yazmışdı, amma təbii ki, yanımda olsaydı özümü daha yaxşı hiss edəcəkdim. 

Təxminən saat dörd olardı. Aidə mənə zəng vurub dedi ki, birlikdə mağazaya gedək. Mən də həyətə düşdüm. Məhəllədə göz gəzdirsəm də, futbol oynayan uşaqlardan başqa kimisə görə bilmədim. Telefonuna zəng vurdum, cavab vermədi. Nigaran qaldım. Sonra yenə özü zəng vurdu, tələsik açdım: 

-Alo, Aidə hardasan? Görə bilmirəm axı səni... 

-Bax indi arxaya baxsan görəcəksən.

Bu səs... Bu, Turalın səsi idi. Arxaya çevrilib, Turalı qarşımda gördüm. 

-Tural, inana bilmirəm, sən burdasan? 

-Əlbəttə, belə bir gündə mütləq burda olmalıydım. 

İki aylıq həsrətdən sonra nəhayət onu gördüm, çox sevinirdim. Birdən elə möhkəm qucaqladım ki, onu. Sən demə əvvəldən mənə sürpriz olsun deyə xəbər etməyib, sonra da Aidə ilə birlikdə belə bir plan qurublar, Aidənin telefonundan zəng vurub ki, inandırıcı olsun. 

-Çox darıxmışdım sənin üçün, bilməzdim ki, gələrsən ad günümdə. 

-Bu nə sözdür, ad günündə sənin yanında olmalıydım. 

-Çox sevinirəm, Tural, yaxşı ki, burdasan. 

-Darıxmışdım sənin üçün. İki ay da səbr edək, sonra həmişəlik gələcəm, yanında olacam. 

-O günü səbrsizliklə gözləyirəm mən. 

-Aygün xala necədir? Evdədir indi? 

-Yaxşıdır. Evdədir, o da icazə alıb, ad günümə görə. 

-Lap yaxşı, gedək Aygün xala ilə də görüşüm, sonra icazə alım, səni gəzməyə aparım. Gedək bir az birlikdə olaq. 

-Neçə gün qalacaqsan burda? 

-Sabah qayıdacam. 

-Belə tez? 

-Məcburam. Sabah qayıdım ki, bazar ertəsi dərsdə olum. 

-Yaxşı, gəl gedək, anam da görsün səni. 

Turalın gəlişinə anam da çox sevinmişdi. Bir az söhbət edəndən sonra mənim üçün icazə aldı, anam da razılıq verdi. Dənizkənarı parka getdik. Təmiz havada bir xeyli gəzəndən sonra bir kafedə oturub çay içmək qərarına gəldik. Söhbətimizə orda davam etdik: 

-Deməli elə bilmisən ki, ad günündə səni tək qoyacam, hə? 

-Hə, ağlıma gəlməmişdi ki, sən gələrsən. Elə bildim sənsiz olacam. 

-Elə şey olar, nişanlın sənin yanında olmalıdır. 

-Əlbəttə. Tural, bu ilk ad günümdür ki, atam yoxdur yanımda. 

-Allah rəhmət eləsin. Getmişdin Vüsal əminin məzarına? 

-Hə, anamla getmişdik. Çox darıxıram atam üçün. Elə ehtiyacım var ki, ona... 

-Başa düşürəm, bu dərin yaradır. Ölənə qədər də onun ağrısını çəkir insan. Sənə təsəlli olmaq, ovutmaq istəyirəm, amma bilmirəm ki, belə vəziyyətlərdə nə demək lazımdır? 

-Heç nə demə, Tural, belə vəziyyətlərdə susurlar, heç nə demirlər. Çünki təsəlli fayda vermir belə hallarda. 

-Fikrini yayındır bir az, Vüsal əmi də belə bir gündə kövrəlməyini istəməzdi. Mən də istəmirəm. 

-Yaxşı. 

-Sənə hədiyyəm var, ümid edirəm ki, bəyənərsən. 

Tural pencəyinin cibindən qırmızı bir qutu çıxartdı, boyunbağı qutusu idi. Üzərində adlarımızın baş hərfləri yazılmış boyunbağı almışdı mənə. Bu, mənim üçün ən gözəl hədiyyə idi. Ömrümün sonuna kimi hər dəfə o boyunbağıya baxanda həmin ad günümü xatırlayacaqdım. Turalla nişanlı olduğumuz günləri yada salıb, o anları sanki yenidən yaşayacaqdım. 

-Tural, bu çox gözəl hədiyyə oldu mənim üçün, çox sağ ol. 

-Dəyməz. İstəyərdim sənin üçün, daha da maraqlı hədiyyələr alım, amma bilirəm ki, sən belə mənəvi əhəmiyyəti olan hədiyyələri çox bəyənirsən. Ona görə istədim ki, nişanlılığımızdan sənə bir xatirə qalsın. 

-Düz fikirləşmisən, Tural. Bu hədiyyə mənim üçün, ən bahalı hədiyyələrdən daha dəyərlidir. 

-Gəl, bunu taxım boynuna. 

O, yerindən qalxıb, yanıma gəldi. Boyunbağını özü taxdı boynuma. Sonra yenidən yerinə keçib dedi: 

-Çox yaraşdı sənə, bundan da yaxşılarına layiqsən sən. 

-Çox sağ ol. 

Telefonuma zəng gəldi. Baxdım ki, Xatirədir. Turalın yanında cavab vermək istəmədim. Amma Turalın sözündən sonra açmalı oldum: 

-Kimdir ki, zəng vuran? 

-Xatirədir, yəqin ad günümə görə zəng vurur. 

-Niyə cavab vermirsən? 

-Fikirləşdim sənin yanında danışsam, yenə kefin pozular. 

-Cavabsız qoyma, ayıbdır. Mənə fikir vermə, danış qızla. 

-Yaxşı. 

 

-Alo, salam, Xatirə. 

-Salam, Gülü, necəsən?

-Mən yaxşıyam, sən necəsən? 

-Mən lap əlayam. Gözəlim, istədim sənin ad gününü təbrik edim. Ən xoş arzularımı bildirirəm. Xoşbəxt olasan həmişə. Ən əsası da, arzu edirəm ki, gələn il bu gözəl günü həyat yoldaşınla qeyd edəsən. 

-Amin, canım, çox təşəkkür edirəm. 

-Gülü, hardasan indi? 

-Turalla birlikdəyəm, Bakıdadır, ad günümə görə gəlib. 

-Çox sevindim, canım, təbii ki, gəlməliydi. Gülü, axşam Nicatla birlikdə sizə gəlmək istəyirik. Evdə olacaqsan? 

-Əlbəttə, canım, buyurun, gəlin. 

-Yaxşı, canım, görüşərik.

-Görüşərik. 

Turalın üzündəki ifadədən başa düşmüşdüm ki, Xatirəgilin gəlişinə sevinmir. Onu çox yaxşı başa düşürdüm. Xatirəni görmək istəmirdi. Onun hər baxışında Türkanı xatırlayırdı. Ürəyi sızıldayırdı. Mən bundan əmin idim, artıq yaxşı tanıyırdım Turalı, hisslərini, istəklərini başa düşürdüm. İkimizin də ürəyində ağrılar vardı. Bu ağrıların da bir ortaq səbəbkarı vardı: Türkan. Bu gedişlə biz heç birimiz xoşbəxt olmayacaqdıq. Ya Tural həmişəlik onu unutmalıydı, ya da mən onun ürəyində başqası olduğunu qəbul edib, əbədi bu əzabla yaşamalıydım. Təbii ki, ikinci seçim. Demişdim axı, oğlanların ürəyində ancaq bir qız yaşayır, Turalın ürəyindəki qız da mən deyildim. 

Biz kafedə olanda çox gözəl mahnılar səsləndirirdilər. Amma sonra elə bir mahnı oxundu ki, bu mahnını eşidəndə, Turalın özü mənim yanımda olsa da ürəyi və ağlı tamamilə Türkanın yanındaydı... 

"Sən özünə yalançı bir mövsüm yaradıb, məni tərk etdin.

Bura qədərmiş, qalanı qismət imiş dedin və bitirdin. 

Amma ayrılığımızın mövsümü deyil hələ, həsrətim bitməyib, göz yaşlarım durulmayıb.

Nə yarpaq tökülür, nə yağış, nə də qar, 

Yaratdığın mövsüm hiyləkardır. 

Nə dəniz, nə günəş, nə də torpaq üsyankardır,

Yaratdığın mövsüm hiyləkardır." 

İllərdir bəyənərək dinlədiyim mahnı həmin gün necə də nifrətimə səbəb olmuşdu... 

********

Təbriklərlə, hədiyyələrlə dolu bir günün ardınca yorğun halda çarpayımda uzandım. Süfrə arxasında Turalın bikefliyi, səssizliyi mənim içimdə tufan qopartmışdı. Heç kimlə danışmaq, heç kimi görmək istəmirdim. Saatlarla səssizcə oturub, içimdəki tufanı sakitləşdirmək istəyirdim. Turaldan zəng gəldi: 

-Bilirsən, mən sənin üzünü güldürmək üçün, səni sevindirmək üçün gəlmişdim bu gün. Mən bilmirdim belə olacaq. Hiss elədim ki, hərəkətlərim səni çox incitdi. Bağışla məni. 

-Oldu keçdi, Tural. Bu barədə danışmaq istəmirəm. 

-İstəməzdim ad günündə belə şeylər olsun. 

-Oldu, keçdi. Sabah tezdən oyanmalısan. Yat, dincəl. 

-Gülü...

- ...

-Yaxşı, çox narahat etmirəm səni. Gecən xeyrə qalsın... 

-Gecən xeyrə qalsın. 

Getdikcə Turalı sevməyə başlamışdım. Onun hər sözü mənə doğma gəlirdi. Onun başqasını sevdiyini bilə-bilə, ürəyim yana-yana, elə bir gecəm olmurdu ki, onu düşünmədən yatım. Gözlərim yumulan kimi onun xəyalı canlanırdı gözlərimin önündə. Mən onu başqasıyla necə bölüşüm? Necə dözüm ki, məni istəməyərək yanımda olsun? Necə başa düşüm yanımda olanda üzündəki saxta təbəssümləri? Bu çox çətin idi. Əgər əlimdə elə bir ixtiyarım olsaydı ona daha da əzab verməmək üçün nişanı pozardım. Amma ailələrimiz buna heç vaxt razı olmazdılar. Bir həqiqəti qəbul etmişdim: biz Turalla ailə qurandan sonra Türkan da bizimlə birlikdə yaşayacaqdı, yəni Turalın ürəyində. 

********

Səhəri gün yenə mən Turalla hava limanına getdim ki, onu ötürəm. Yenə taksidə yanımda əyləşmişdi, amma dindirə bilmirdim onu. Bircə kəlmə də olsa danışa bilmirdim. Ürəyimdə bir narahatlıq yaranmışdı. 

Bu dəfə çox nigaran halda yola saldım onu. 

Ürəyim ağrıyırdı. Hiss etmişdim, növbəti iki ay mənim üçün çox çətin keçəcəkdi... 

(ardı var) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye