Turalın Bakıya qayıdışı bizim üçün daha rahat olmuşdu: gözümüzün qabağında idi, yenidən özünə nəsə eləməyə cəhd eləsəydi, imkan verməyəcəkdik. Amma mənim tələbəlik həyatımın bəxtsiz aqibəti indi də onu gözləyirdi. Yenidən Ankaraya getməyinə heç vaxt icazə verməzdik, amma imtahan ərəfəsində - xüsusilə də sonuncu kursda təhsilini dayandırmasına da ürəyimiz razı olmazdı. Bir yol fikirləşib onu burda saxlamalı, eyni zamanda da imtahanlarını verməsinə şərait yaratmalıydıq. Nə qədər fikirləşsəm də bir çarə tapa bilmirdim. Məsələni rahat həll edə bilməkdən ötrü köməyə ehtiyacım vardı, bu köməyi də Nicat və Xatirədən istəmək qərarına gəldim. Nicata zəng vurub, xəbər vermək istədim - Turalın Bakıda olmağını. Zəngimə cavab vermədi, amma ardınca ondan mesaj gəldi. Məlum oldu ki, məşqdədir deyə danışa bilmir, söz verdi ki, işini qurtarıb özü əlaqə saxlayacaq. Mən də gözləməli oldum.
Gün ərzində bir neçə dəfə Aidə ilə danışıb Turalı soruşurdum. Amma Tural zəng vuranda və ya mesaj yazanda cavab vermirdim ki, incikli olduğumu başa düşsün.
İş vaxtımın qurtarmasına bir saat qalmış Turaldan mesaj gəldi: "Yoldayam, iş yerinə gəlirəm. Mənsiz çıxma."
Təəccüblənmişdim ki, görəsən evdəkilər necə arxayın onun evdən çıxmasına razı olublar? Birdən evdəkiləri mənim yanıma gəlmək bəhanəsi ilə aldadıb özünə bir şey eləsəydi?
İş vaxtı bitdi, mən hazırlaşıb çıxdım. Gördüm ki, Tural həqiqətən də gəlib. Yenə pilləkənlərdə dayanıb, məni gözləyir:
-Nə əcəb gəlmisən bura?
-Təəccüblü nə var ki? Biz nişanlıyıq və mən nişanlımı götürməyə gəlmişəm.
-Hmm
-Dünən bizdə olanda, axırıncı danışığımızda dedin ki, məni bağışladın. Bəs indi problem nədədir ki, zənglərimə, mesajlarıma cavab vermirsən?
-Dildə bağışladım desəm də əslində sənə qarşı hələ də incikliyəm. Səbəbini də sən özün məndən yaxşı bilirsən.
-İncikliyi qurtarmaq lazımdır. Bura da ona görə gəlmişəm. Anam özü sənin ananla danışıb, xəbər verib ki, nigaran qalmasın. Yəni ki, artıq icazəni almışam. Gedək bir az gəzək, sənə deyiləsi sözlərim var.
-Mənim də sənə deyiləsi sözlərim var. Əslində yaxşı oldu gəlməyin, evdə rahat danışa bilmədik, üzüyü də yenə taxdın barmağıma, amma özün də başa düşürsən ki, bu elə-belə qərar deyil. Həm də ki, bu iş oyuncaq deyil ki, mən üzüyü sənə qaytarım, sən təzədən mənə ver. Olmaz belə.
-Xahiş eləyirəm, bura bu məsələnin yeri deyil, gəl gedək burdan, sakit bir yer seçib danışaq.
Beləcə, biz gəzə-gəzə xeyli yol getdik. Yol boyunca hər dəfə sözü dəyişib, ona qarşı əsəbi və incikli olduğumu deyirdim. O da hər dəfə üzr istəyirdi. Sonra könlümü almaq üçün zarafatlar eləməyə başladı:
-Guya bilmirəm ki, sən mənimlə küsülü qala bimirsən?
-Hardan bilirsən? Məncə çox arxayın olma.
-Niyə? Guya bilmirəm ki, bu gün Aidəyə zəng eləyib, məni soruşmusan?
-Amma xahiş eləmişdim ki, sənə deməsin bu barədə. Görünür səhv eləmişəm ki, ondan xahiş eləmişəm.
-Yox, Aidə haqqında elə fikirləşmə. İstənilən mövzuda ona etibar edə bilərsən. Sadəcə olaraq gördüm telefonuna zəng gələndə mətbəxə keçdi, düzünü desəm, bir az nigaran qaldım ki, görəsən niyə mənim yanımda zəngə cavab vermir? Mən onun qardaşıyam, yəqin məni başa düşərsən. Dözə bilməyib, gizlicə danışığına qulaq asanda başa düşdüm ki, səninlə danışırmış. Yəni, Aidə mənə heç nə deməyib, mən özüm danışığınıza şahid olmuşam.
-Başa düşdüm.
-Gəl, evə tərəf gedək, birinci dəfə oturub dərdləşdiyimiz kafedə oturaq, söhbətimizə orda davam eləyək.
Təxminən 40 dəqiqə sonra biz artıq sözügedən kafedə idik. Təsadüfə bax ki, ilk dəfə əyləşdiyimiz masa da boş idi. Yenə eyni masada - pəncərə önündə əyləşib çay sifariş etdik. Telefonuma zəng gəldi - Nicat idi. Tural ekranda Nicat yazısını görəndə qəribə reaksiya verdi. Mənə elə gəldi ki, bu zəng onu qıcıqlandırdı, amma məni qısqanmağına haqq qazandıra bilmirdim (çünki məni sevmirdi).
-Alo, Nicat, salam.
-Salam, Gülü, bağışla məşqdə olanda cavab verə bilmirəm zənglərə, ona görə bir az gec zəng elədim sənə.
-Problem deyil, narahat olma. Demişdin Tural gələndə sənə xəbər eləyəm, ona görə zəng vurmuşdum. Dünən gəliblər Bakıya, indi də birlikdəyik.
-Doğrudan? Şükr Allaha. Hardasınız indi?
-Bizim evdən bir az məsafədə kafe var, ordayıq.
-İndi mən Xatirə ilə görüşəcəm, problem deyilsə, sizin yanınıza gələ bilərik?
"Bu, Turalı qısqandırmaq üçün əla fürsət olar."
-Hə, əlbəttə, burdayıq hələki. Siz də gəlin. Gözləyirik.
-Oldu, kafenin adını yaz göndər, tapa bilim.
-Yaxşı, hələlik.
Turalın baxışları üzümə dikilmişdi. Aydın idi ki, ondan soruşmadan Nicatgili yanımıza dəvət etdim deyə, əsəbiləşib. Amma belə bir vəziyyətdə onlarla görüşümüz mənim üçün çox maraqlı idi. Turalın reaksiyası məni onu qısqandırmağa vadar etdi. Belə fürsətdən istifadə etmək qərarına gəldim. Buna görə də şərait yaratdım ki, Nicatgil bizim yanımıza gəlsinlər.
Nəhayət, Nicat və Xatirə içəri daxil oldular. Tural yerini dəyişib, mənim yanımda əyləşdi, Nicatla Xatirə də bizimlə üz-üzə əyləşdilər. Söhbət əsnasında onlar da Turalı çox danladılar. Hətta zarafatyana, bundan sonra Ankaraya getməyi ona qadağa etdilər. Mənim Xatirə və Nicatla olan səmimi münasibətim Turalı narahat etməyə başlamışdı. Hiss elədim ki, söhbətimizdən narazıdır. Səbrsizlənməyə başlamışdı. Evə getməyə can atırdı. Elə uşaqlarla sağollaşmaq istədik ki, Xatirənin telefonuna zəng gəldi, bir azca ləngidik: "Canım mənim, hardasan? Çatırsan? Lap yaxşı, içəri gir, burdayıq, aha."
Xatirə deyəsən başqa bir nəfəri də çağırmışdı. Amma bu barədə bizə heç nə deməmişdi. Təəccübümü gizlədə bilmədim:
-Xatirə, başqa kimsə gələcəkdi?
-Hə, istəyirəm sizi tanış edəm.
-Kiminlə?
-İndi görərsən.
Hündürboy, gözəl, uzun saçları və həmçinin dəbli geyimi ilə də çoxlarını özünə heyran edə biləcək bir xanım daxil oldu kafeyə, sanki kimisə axtarırmış kimi ətrafına göz gəzdirdi və budur, onun baxışları bizim masaya dikildi. Amma sanki üzünün ifadəsi, baxışları dəyişdi. Çox yavaş addımlarla masaya yaxınlaşdı, Xatirə ayağa qalxıb onunla görüşdü. Hətta Xatirənin yanağından öpərkən də həmin xanımın baxışları mənim nişanlıma yönəlmişdi və yalnız bu zaman başa düşdüm ki, Turalın da gözləri bu qızın gözləri ilə toqquşub. Hələ nə baş verdiyini başa düşməmişdim, Xatirə qızı mənimlə tanış etmək istədi:
-Gülüm, tanış olun, bu qız mənim gözümün nuru, bacım Türkandır. Türkan, bunlar isə Gülanə və Turaldır, bizim dostlarımızdır.
Bir nömrəli rəqibim, hələ görmədən nifrətimi qazanan Türkan mənim qarşımda dayanmışdı. İxtiyarsız şəkildə ayağa qalxdım. Türkan gözlərini Turaldan ayıra bilmirdi, amma guya mənimlə tanışlığından şadlanmış kimi mənə əl uzatdı. "Görəsən, neyləməliyəm? Onunla tanış olmaq üçün ona əl uzada bilmərəm, axı mən ona nifrət edirəm. Amma görüşməsəm, Xatirə inciyər, axı mən bu işin içindən necə çıxım? Allahım, bu nədir? Mən ilk dəfədir belə titrəyirəm."
-Türkan, yadımdan çıxmamış onu da deyim ki, Gülanə Turalın nişanlısıdır. Müəyyən səbəblərə görə toylarını bir neçə aydan sonraya planlaşdırıblar.
Yalnız bunu deyəndən sonra Türkan mənə tərəf uzatdığı əlini geri çəkməli oldu.
"İndi biz - iki rəqib üz-üzə dayanmışıq. Mənim də, nişanlımın da həyatını alt-üst edən həmin Türkan - bu sənsən. Yeganə uşaqlıq dostumun, sirdaşımın, gələcək həyat yoldaşımın az qala ölümünə səbəb olan həmin Türkan - bu sənsən. Sən mənim gözəllik rəqibimsən, bu gözəlliklə asanlıqla Turalı yenidən məndən ala bilərsən."
Mən beynimi yandıran fikirlərlə həyatımın ən ağrılı saniyələrini yaşayırdım, Tural ayağa qalxanda baxışlarımı güclə Türkandan ayıra bildim. Turalın üzündə nifrət qarışıq sevgi ifadəsi vardı. Dəfələrlə Turalın bu qıza olan sevgisinə görə yaşadığım əzabların daha ağırını bu masanın arxasında, hətta bu əzablara səbəb olan insanın gözləri önündə yaşayırdım. Nicatla Xatirənin hər üçümüzə olan sual dolu baxışları diqqətimdən yayınmırdı, dua edirdim ki, bircə bu baxışların səbəbini soruşmasınlar, amma sükutu Nicat pozdu:
-Siz, niyə donub qalmısız? Niyə əyləşmirsiz?
Mən dözə bilməyib, çantamı və pencəyimi götürüb, kafedən çıxdım. Tural da mənim arxamca uşaqlardan uzaqlaşdı. Nicat iti addımlarla çatıb bizi dayandırdı:
-Uşaqlar, düzünü desəm, bu hərəkətinizə görə sizdən incidim. Xatirə sizi bacısı ilə tanış eləyir, amma siz heç salam da vermədən çıxıb gedirsiniz. Nəsə problem var?
Turalın səssizliyini görəndə Nicat gözlərini mənə zilləyib "Hec olmasa, sən bir söz de" dedi.
-Nicat, bu indi müzakirə olunası mövzu deyil, əminəm ki, hər şey açıqlananda, səbəbini biləndə mənə haqq qazandıracaqsan.
-Gülü, biz səninlə əvvəldən dost olmuşuq, heç olmasa mənə de səbəbi, əgər istəmirsənsə Xatirəyə heç nə demərəm. Amma nəzərə al ki, o mənim nişanlımdır, ona hörmətsizlik edirsənsə, deməli mənə də...
-Nicat, bunu hörmətsizlik kimi qəbul eləmə xahiş edirəm. Amma mən istəsəm də Türkanla bir süfrə arxasında əyləşə bilməzdim, məni başa düş.
-Səni başa düşməyim üçün səbəbi bilməliyəm, axı sən səbəbi demirsən.
Bu dəfə Tural da səssizliyini qoruya bilmədi, Nicata mənim dediklərimi təkrarladı, sonra cibindən telefonu çıxarıb, nəsə axtarmağa başladı və Nicata "Səbəbi sənə maraqlıdırsa, indi mən sənə izah edərəm" deyib, telefonu Nicata göstərdi. Bu ki, Turalla Türkanın birgə çəkilmiş şəkli idi. Deməli, belə bir qarışıqlıq olmasaydı, mən bilməyəcəkdim ki, Tural hələ də bu şəkilləri telefonunda saxlayır. Nicat şəkili görəndə çox təəccübləndi:
-Türkanla sənin şəklin hardandır? Başa düşmürəm...
Tural bu şəkilləri hələ də saxladığına görə ona bir az da əsəbiləşdim, amma heyif ki, əsəbimi Nicatın üstünə qışqırmaqla soyutdum (sonradan buna görə çox peşman olmuşam):
-Bu şəkilə baxandan sonra daha başa düşməməli nə var ki? Görmürsən şəkildə bir-birlərini necə qucaqlayıblar? Nicat, onlar sevgili olublar!
-Nə sevgili, nə danışırsan?
-Qalanını öz aranızda danışarsınız! - deyib, qaça-qaça onlardan uzaqlaşmağa çalışdım. Tural arxamca nə qədər çağırıb, "dayan" desə də, dayanmaq fikrim yox idi. Kafedən bir az aralıda bir taksi dayanmışdı, tez qaçıb taksiyə əyləşdim, sürücüdən məni aparmağını xahiş elədim. O, maşını işə salana qədər Tural mənə çatdı, qapını açıb qolumdan tutaraq məni maşından düşürtdü:
-Bayaqdan dayan deyirəm, niyə dayanmırsan?
-Niyə dayanım ki? Səninlə danışmaq istəmirəm!
-Danışacaqsan!
-Tural, nə qədər oyun oynamaq fikrin var sənin? Bayaqdan kafedə olanda özünü elə aparırdın ki, guya məni Nicatdan qısqanırsan, guya Nicatla danışmağım səni qıcıqlandırır. Amma Türkan bura gəlməsəydi, mən hələ də bilməyəcəkdim ki, sən o şəkilləri telefonundan silməmisən.
-Siləcəkdim, fürsət olmayıb...
-Nə? Tural, sən məni dəli eləmək fikrindəsən?
-Gülanə, üstümə qışqırma, küçədəyik, adamlar bizə baxır.
-Kim baxır baxsın. Gör nə qədər vaxtdır nişanlıyıq, sən bir dəqiqə vaxt sərf edib silə bilməmisən o şəkilləri? Niyə demirsən ki, ürəyim gəlməyib silməyə, niyə demirsən ki, özüm silmək istəməmişəm?
-Gülanə, dedim ki, qışqırma, adamlar bizə baxır.
-Baxsınlar, onlar da görsünlər sənin alçaqlığını!
Onu nadir hallarda belə əsəbi görmüşdüm, amma bu dəfə gözlərində fərqli nifrət vardı. Hərçənd başa düşmürdüm, bu nifrət kimə qarşı idi. Şəkilləri silmədiyinə görə elə yanmışdı ki, ürəyim, əsəbdən axan göz yaşlarımı hiss eləməmişdim, sanki özümdə deyildim. Ona elə ağır sözlər demişdim ki, üzümə vurduğu sillədən sonra ayıldım. Bir anlıq donub yerimdə qaldım, özümdən ixtiyarsız kafenin qapısında dayanıb hələ də bizi izləyən Nicata baxdım. O, Turalın məni vurmağına hirslənib, bizə yaxınlaşdı, titrək səslə Turalı çağırdı. Nicat onun bu hərəkətinə kənardan səssizcə baxa bilməzdi, bunu bilirdim, amma əgər müdaxilə eləsəydi Tural da sakit qalmayacaqdı. Dalaşmaqlarından çox qorxurdum, amma bəzən qorxu fayda vermir. Məndən bir az aralıda mübahisə eləməyə başladılar, iki əziz adamım üz-üzə gəlmişdi - mənə görə. Mübahisənin böyüdüyünü başa düşmək üçün dahi olmaq lazım deyildi, amma bilmirdim onları ayırmaq üçün nə edim. Nicat sadəcə sözlə mübahisə edirdi, Tural isə mübahisəni Nicatı vurmaqla sonlandırdı. Nicat ona cavab qaytarmadı. Səbəbini bilmirəm, amma çox qəribə hisslər yaşadım. Yəni doğrudan Tural bir qıza görə bu qədər dəyişmişdi? Əvvəlcə məni vurdu, sonra Nicatı. Nicat çox diqqətlə üzümə baxdı, baxışın mənasını başa düşməmişdim. Amma Tural son bir neçə gündə mənim nifrətimi qazanmaqdan ötrü nə lazımdırsa eləmişdi. Bu dəfə onu bağışlaya bilməzdim. Ağlaya-ağlaya onlara yaxınlaşdım. Turalı elə Nicatın gözünün qabağında cəzalandırmaq istədim, buna görə də nişan üzüyümü barmağımdan çıxarıb, Nicata uzatdım, neyləmək istədiyimi başa düşmədi.
-Bu üzüyü mənim əvəzimə Turala ver, istəmirəm, bir dəfə də aldatsın məni- deyib, yenidən taksiyə əyləşdim. Ağlamaqdan danışa bilmirdim, birdən gördüm ki, Nicat ön qapını açıb, maşına əyləşdi:
-Üzüyü sahibinə verdim. Gedək, sabah sakit başla müzakirə eləyərik bu məsələni.
Sürücüyə ünvanı deyib, tez sürməyi tapşırdı...
(ardı var)
Gülzarə Hüseynova