İyirmi dörd fəsil (on ikinci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 16:07 13 mart 2016 tarixində əlavə olunmuşdur

Bu dəfəki ayrılığımız daha çox incidirdi məni. Ankarada nələr olmuşdusa, Tural soyuqlaşmışdı mənə qarşı. Bakıya qayıtmağını səbrsizliklə gözləyirdim. Gözdən uzaq olan könüldən də uzaq qalar deyirlər. Mən bu uzaqlığa nifrət edirdim artıq. Ən böyük qorxum Türkanın yenidən onun həyatına daxil olması idi. Bircə bu olmasın deyə gecə-gündüz dua edirdim. 

Maaşım artırılandan sonra anama daha çox kömək edə bilmişdim. Borclarımızın bir qismini qaytara bilmişdik. Tezliklə bütün borclardan azad olacaqdıq. 

Turalla olan münasibətlərimiz çox soyuqlaşmış, aradakı məsafə bizi bir-birimizdən çox uzaq salmışdı. Daha az mesaj yazır, daha az zəng edirdi. Üzünə, səsinə, sözlərinə həsrət qalmışdım. Mənim taleyimdəki bu qaranlıq məqamlar hələ uzun müddət davam edəcəkdi. Amma yenə də ümidlə yaşayırdım. Əvvəlcə atamı itirdim, sonra Nicatı. Hərdən mənə elə gəlirdi ki, mən Turalı da itirmək üzrəyəm. Sanki Türkan onu mənim əlimdən almağa çalışırdı. Ona qarşı nifrətim artırdı getdikcə. 

Tural yanımda olmayanda boş vaxtlarımı dəyərləndirmək üçün özümə yeni məşğuliyyət tapmışdım. Məktəb illərindən bəri ən yaxşı bacardığım işlə məşğul olmağa başlamışdım - hekayələr yazırdım. Bu, mənim ən sevdiyim iş idi. Məktəbdə də həmişə inşa yazılarımla fərqlənirdim. Hətta onuncu sinifdə oxuyanda məktəbimizi inşa müsabiqəsində təmsil edib, ikinci yerə layiq görülmüşdüm. Müsabiqənin nəticələri elan olunan gün o qədər sevinmişdim ki... Amma təkcə mən yox, müəllimlərim, valideynlərim - hər kəs etimadlarını doğrultduğum üçün mənimlə fəxr edirdi. Bu çox gözəl hiss idi. Universitetə qəbul olandan sonra belə yazılar hazırlamağa vaxtım olmamışdı: dərslər, imtahanlar, təcrübə günləri və s. Amma indi işdən qalan vaxtlarımı, istirahət günlərimi hekayələr yazmaqla dəyərləndirə bilirdim. Müxtəlif mövzularda hazırladığım yazılarımı və hekayələrimi internetdə - ədəbi saytlarda paylaşırdım. Hər dəfə yeni yazım olanda universitetdən olan dostlarıma, iş yoldaşlarıma və s. göndərirdim. Beləliklə, onların fikirlərini öyrənib qabiliyyətimi ölçürdüm. Sonradan real hadisələri yazmaqla iri bir roman yazmağa başladım. Real hadisələr həmişə maraq yaradıb insanlarda. Ona görə də romanım hekayələrimdən daha uğurlu alınırdı. Hərdən öz həyatımdan, hərdən dostlarımın, tanışlarımın başına gələn əhvalatlardan seçib yazırdım. Zənnimcə uğurlu alınırdı, çünki oxucuların sayı getdikcə artırdı. 

Turala olan hisslərimi artıq bu yolla bildirməyə başlamışdım. Dildə deyə bilmədiyim çox şeyi yazılarımın köməkliyi ilə oxudurdum Turala. O da bəyənirdi yazılarımı. Bəzən ürəyindəkiləri aça bilməkdən ötrü Türkanla bağlı olan hadisələrdən də yazırdım. Bu yolla ona qarşı olan hisslərini öyrənə biləcəyimi düşünmüşdüm. Amma getdikcə daha da pis olurdu. Hər dəfə yazılarımı oxuyandan sonra kövrəlir, uzun müddət mənimlə danışa bilmirdi. Yəqin ki, mən onu incidirdim. Amma bu mənim əlimdəki ən təsirli vasitə idi. Türkanı necə sevdiyini bilirdim, amma mənim hisslərimi başa düşməsi üçün əlimdən gələni edirdim. Nişanlandığımız gündən bəri hələ ona sevdiyimi deməmişdim. Dilə gətirə bilmirdim bunu. Ona görə də çıxış yolum yazılarımda bunu qabartmaq olurdu. 

Romanım bəyənilirdi. Tez-tez internet ünvanıma bununla bağlı  mesajlar gəlirdi, bu məni çox sevindirirdi. İş saatlarında da romanımı fikirləşirdim, bunun gələcəyimə hansı təsirlərinin ola biləcəyini düşünürdüm. Bir gün yenə bir məktub aldım romanımla bağlı. Məktubu göndərən ədəbi qurumlardan birinin təsisçisi idi. Romanımı tam şəkildə oxumaq istəyidini demişdi. Mən də göndərəcəyimə söz vermişdim. Bir neçə gündən sonra hadisələri tamamlayıb, ilk romanımı bir kitab halında çap etdirdim. Hazır olduğunu ona xəbər verdim. Görüşüb kitabı götürmək istədiyini dedi. Beləliklə, Afər xanımla görüşə razılıq verdim. 

Səhəri gün işdən icazə alıb, danışdığımız kimi görüş təyin etdiyimiz ünvana yollandım. Həmin məkanda Afər xanıma ilkin tanışlığımız baş tutdu. İnternetdə oxuyandan sonra bu roman diqqətini çəkmişdi, hamıdan əvvəl özü oxumaq istəmişdi romanın qalan hissəsini. Əgər sonluğunu da bəyənsəydi, birlikdə buna uyğun bir ssenari hazırlayacaqdıq. Daha sonra bir film. Beləcə mən artıq xəyallar qurmağa başladım. Daha çox qazanc əldə edə biləcəkdim. Daha çox iş görə biləcəkdim anam və gələcək ailəm üçün. Bu ciddi bir qərar idi. Ən qısa müddətdə bu gözəl xəbəri Turalla bölüşmək üçün əlimdən gələni edirdim. Amma zənglərimə cavab vermirdi. Sonra çox qısaca sözünü mesajla yazıb telefonu söndürmüşdü: "mənimlə işin olmasın!" 

Bax belə... Bilmirdim neyləyəm. Aidəyə danışdım bu məsələni. Fayda vermədi. Sən demə həmin gün heç ailə üzvlərindən də heç kimlə danışmayıb. Telefonu söndürməsi məni bir az narahat edirdi. Qorxurdum, başına bir iş gələr, xəbərsiz qalaram deyə. Axı bizdən uzaqda idi. 

Axşama qədər elə qorxunc fikirlər keçmişdi ki, ağlımdan. Çox narahat olmuşdum. Ən çox da bir fikir vardı ağlımda: Türkanla birlikdədir və istəmir onu narahat edim. Əgər belə bir şey olsaydı: aralarına girdim deyə, üçüncü şəxs oldum deyə özümü bağışlamazdım. Nişanlısı olmağım, ailələrimiz və s. - bunların heç biri məni o qədər də maraqlandırmırdı artıq. Əsas Turalın kiminlə olmaq istəməsi idi.  

Saatlarla Turaldan bir xəbər ala bilmədim. Aidəyə də narahatlığımı dedim. Məlum oldu ki, onlar da gün ərzində Turalla əlaqə saxlaya bilməyiblər, telefonu sönük olub. Deməli, burda bir iş vardı. Çox nigaran idim. O heç vaxt belə eləməzdi. Mənimlə danışmasa da, heç olmasa evdəkilərlə danışardı. 

Fikrət əmi narahatlığından Turalın ordakı dostuna zəng vurub. Dostu deyib ki, evinə gedib baxacaq. Turalla danışıb, onu yola gətirəcək. Təxminən iki saat sonra Aidədən mənə zəng gəldi, hıçqırıqlarından nə dediyini çox çətin başa düşürdüm: 

-Gülü... 

-Aidə, nə olub? Niyə ağlayırsan? 

-Gülü... Çox pis... 

-Aidə, ürəyimi partlatma, tez de görüm, nə olub? 

-Qaqaş... 

-Aidə, tez de, Turala nə olub? 

-Dərman içibmiş. Bir qutu dərman içib... 

-Nə danışırsan, Aidə? Nə dərmanı içib? 

-Bilmirəm... Vallah bilmirəm, Gülü. Dostu aparıb onu xəstəxanaya. Ordan bizə - atama zəng vurmuşdu. Atamgil hava limanına getməyə hazırlaşırlar, qaqaşın yanına gedəcəklər. 

-Aidə, qurban olum, dəli eləmə məni... 

-Gülü, sakitləşməyə çalış, yalvarıram. Anamgil gedirlər, məni indi sizə ötürəcəklər. Ordan xəbər edərlər bizə. 

-Aidə, Tural sağdır? Qurban olum, gizlətmə. 

-Narahat olma, bacı, dostu sağ olsun, çatdırıb xəstəxanaya. Ona görə belə gec zəng vurub bizə. Həkim deyib ki, vaxtında çatdırıblar, geciksəydilər ölə bilərdi... 

-Allahım, ürəyim dözmür daha, bütün gün zənglərimə cavab verməmişdi, mesajda da acıqlı cavab vermişdi. Bilirdim başında bir iş var... 

-Gülü, sizə gəlirəm, danışarıq... 

Aman Allahım, bilirdim Turalın başında bir iş var. Mənimlə danışmaq istəməsə də, heç olmaya evdəkilərlə danışırdı həmişə.

İnana bilmirəm. Az qalsın öləcəkdin, Tural! Az qala sən də məni qoyub gedəcəkdin! Necə razı oldun axı bizi sənsiz qoymağa? Necə göz yumdun buna? 

Canını almağa səbəb nə ola bilərdi axı? Bəlkə mən? Mən səni çox incitmişdim? Çox xətrinə dəymişdim? Türkan məsələsində çox narahat eləmişdim səni? Axı bircə kəlmə desəydin mən bitirərdim hər şeyi, bir də əzməzdim ürəyini, bir də qırmazdım o sevən qəlbini... 

Axı mənə heç nə deməmişdin, Tural! Son günlər mənimlə heç danışmaq istəmirdin... 

Yox. Məni sevməməyi intihara aparan yol deyil. Bunun çıxış yolu çox sadə idi, ailələrlə danışmaq və nişanı pozmaq. Bəs bu qədər sadə variant varkən intihara səbəb nə ola bilərdi? 

Allahım. Niyə daha əvvəldən ağlıma gəlmədi ki. Ancaq bircə səbəb ola bilərdi: Türkan... 

Ağlamaqdan gözlərim açılmırdı artıq. Mən də Fikrət əmigillə birlikdə getmək istədim, icazə vermədilər. Aidə bizdə qaldı həmin gecə. Bütün gecə ağladıq. Turaldan xəbər gözlədik. Anamın ağlına gəlməsə də, Aidə ilə mənim ürəyimizdəki bu Türkan şübhəsi səhərə qədər bizə rahatlıq vermədi. 

Saatlar keçdi, nəhayət Fikrət əmidən zəng gəldi. Tural haqqında gözlədiyimiz xəbəri verdi nəhayət. Əvvəl vəziyyəti qorxulu olsa da, çox şükr ki, sonradan yaxşıya doğru dəyişib. 

Onu itirmək, atamdan sonra onu da torpağa vermək qorxusu mənim üçün çox ağır idi. Ürəyim dözməzdi buna. Belə bir vəziyyətdə Turalın yanında ola bilmək, onu görmək, əllərindən tutmaq üçün çox şeyi qurban verərdim... 

(ardı var) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0529 saniye