O gecə çox çətin keçdi bizim üçün. Səhərə qədər dəfələrlə Fikrət əmiyə zəng vurub Turalın vəziyyəti ilə maraqlandıq. Bir-birimizdən uzaqda olmaq mənə pis təsir edirdi. Həmin an ən çox istədiyim şey - xəstəxana yatağında onun əllərindən tutmaq, bu ağılsız addımın səbəblərini araşdırmaq idi. Heyif, buna imkanım çatmırdı.
********
Səhərə qədər yuxusuz qalmışdıq Aidə ilə. Anam bir neçə saatlıq da olsa istirahət edə bilmişdi. Biz sərxoş kimi idik. Nə istədiyimizi özümüz də bilmədən otaqdan otağa keçir, evin içində dolanırdıq. Fikrət əmi zəng vurub deyəndə ki, iki gündən sonra qayıdacaqlar, azca da olsa rahatlandıq. Arxayın olduq ki, Tural da gəlib gözümüzün önündə olacaq. Daha onu bir an da olsa tək qoymayacaqdıq, yenidən özünə qəsd etməyinə imkan verməyəcəkdik.
Gündüz Nicatdan zəng gəldi, telefonda səsimin titrədiyini hiss edib səbəbini soruşdu. Ona vəziyyəti danışanda çox pis oldu. Xahiş etdi ki, Turalgil Bakıya gəlib çatanda ona da xəbər verim. Onlar Türkan məsələsindən xəbərsiz olduqlarına görə Nicat daha çox təəccüblənmişdi Turalın bu hərəkətinə. Nə qədər soruşsa da, dedim ki, səbəbini bilmirəm. Bu Nicata inandırıcı görünməsə də, məni çox sıxışdırmadı.
Nigarançılıqla həmin iki günü başa vurduq. Turalı görməyimə artıq bir neçə saat vaxt qalmışdı. Dua edirdim ki, vaxt tez keçsin. Nəhayət Fikrət əmi Aidəyə zəng vurub, dedi ki, yarım saatdan sonra evdə olacaqlar. Biz də tez hazırlaşıb onlara getdik. Anam bayaqdan hazırladığı yeməkləri də qablaşdırıb götürdü. Hətta ürəyimdən keçdi ki, deyəsən anam kürəkənini getdikcə daha çox istəyir.
On dəqiqədən sonra biz artıq onlarda idik. Cəld çay hazırladıq. Aidə Turalın otağına keçib, onun yatağını düzəltdi. O, mənim həyəcanımı və narahatlığımı aydın sezirdi. Tez-tez əlimi tutub, təsəlli verirdi, həyəcanımı boğmağa çalışırdı.
Nəhayət, qapı döyüldü. Aidə qapıya qaçdı, əvvəlcə Fikrət əmi əlində çantalarla, onun ardınca da Tural və Sənubər xala içəri girdilər. Turalın rəngi elə solmuş, elə ağarmışdı ki...
Turaldan başqa hamı bir-biri ilə salamlaşdı. Tural heç kimin üzünə də baxmadan otağa keçdi. Sənubər xala göz vurub susmağımızı işarə etdi. Heç kim də Turalın ardınca otağa keçmədi. Aidə ilə mən otağa baxa-baxa qaldıq. O, otağın qapısını bağladı. Masa arxasında əyləşib söhbətə başladıq. Turalın içəri girən kimi səssizcə otağına keçməyi məni kifayət qədər təəccübləndirmişdi. Bütün fikrim yalnız onda idi. Buna görə də danışılanları sanki eşitmirdim. Sonra qulağım ilk dəfə səs eşitmiş kimi diqqətim Fikrət əminin səsinə yönəldi:
-Nə qədər öyrənməyə çalışdım, bir kəlmə də olsa danışmadı. Bir kəlmə də olsa eşitmədim dilindən. Həkimlər də deyir çox üstünə getməyin, çox sıxışdırmayın, lap başımı itirmişəm. Bu uşaq niyə belə iş tutub axı?
Bütün hirsimlə, nifrətimlə "hamısı Türkanın ucbatından olub, Allah bilir yenə nə edib, Turalı necə qıcıqlandırıb ki, o da belə bir iş tutub" demək istədim, amma xatırladım ki, indi bu söhbəti mənim açmağım düzgün deyil. Gözlərim döşəməyə zilləndi. Həminki sakitliklə evdəkilərin danışığına qulaq asmağa çalışdım. Aidə qolumdan tutub, çay süzmək bəhanəsi ilə məni mətbəxə apardı. Mətbəxin qapısını da bağladı. Çay fincanlarını siniyə düzdükcə söhbətə başladı:
-Bilirəm, indi çox şey sənə qaranlıqdır. Sənin də şübhələrin Türkanın adına yönəlib. İkimiz də eyni fikirdəyik, bundan əmin ol.
-İnanırsan, bayaq az qalsın qışqırıb deyəcəkdim bu işin yeganə səbəbkarı Türkandır. Amma sonra özümü saxladım.
-Yox, yox, qurban olum. Bu söhbəti evdəkilərin yanında açma. Həm də ki, Tural otaqdan bizim söhbətimizi eşidir. Yenə o ifritənin adını çəkmə.
-Narahat olma. Əlimdən gələni eləyirəm.
-Gülü, bilirsən, mən hiss elədim, Tural sakitcə otağına keçəndə sən necə pis oldun. Bu qədər narahatlıqdan, həyəcandan sonra kim istəməz ki, nişanlısının boynuna atılmasın? Amma Turalı başa düş. Dəqiq bilmirəm, amma bəlkə də elədiyi hərəkətə görə bizdən utanıb, ona görə üzümüzə baxmamış birbaşa otağına keçib?
-Mən də bilmirəm, Aidə. Amma sənə bir şey deyim. Ən birinci dəfə biləndə ki, o xəstəxanadadır, inanırsan, hər şeyimi qurban verərdim ki, bircə onun yanına gedim. Amma o gələn kimi öz otağına keçdi. Üzümə baxmadı. Həm də ki, özün bilirsən axı, bu hadisə olmamışdan da qabaq mənə mesaj yazmışdı ki, ondan əl çəkim. Bilirsən, ən çox da onu istəyirəm ki, əgər mənimlə evlənmək fikrindən yayınıbsa, bunu birbaşa özümə desin. Bax indi onunla danışmaqdan ötrü ürəyim uçunur. Amma evdəkilər hamısı oturublar, mən necə keçim axı onun yanına?
-Narahat olma, belə qalası deyil ki. Onlar özləri də vəziyyəti başa düşürlər. İnan mənə. Mən Turala çay vermək bəhanəsi ilə otağa keçərəm, özüm onun dilindən söz alaram, sonra səni içəri çağıraram, guya Tural səninlə danışmaq istəyir. Evdəkilər heç nə deməzlər, siz nişanlısız, sənin ən təbii haqqındır ki, nişanlının yanında olasan.
-Sənubər xalagilin acığı tutmaz?
-Heç nə olmaz, narahat olma. Gəl bu çayları aparaq, mənə arxayın ol.
Aidə dediyi kimi də elədi. Çayları süfrəyə düzəndən sonra bir çay da sinidə saxlayıb, yanına da bir az mürəbbə qoyub, Turalın yanına keçdi. Ürəyim əsirdi - bircə Aidə çıxıb məni Turalın yanına çağırsın deyə. Amma Aidənin planı baş tutmamışdı. Otaqdan gec çıxmağı şübhələrimi doğrultmuşdu. Çıxandan sonra qapını bağlayıb, başı ilə mənə işarə etdi ki, "alınmadı". Qırılmış ümidlərim Aidənin sözlərindən sonra yenidən dirçəlmiş, amma planın baş tutmaması ilə yenidən qırılmışdı. Bundan sonra daha heç kim məni inandıra bilməzdi ki, Tural mənimlə danışmaq istəyir. Amma bu eqoistlikdir. O ancaq özünü fikirləşirdi. Mən isə hətta özüm olmaqdan da çıxıb yalnız onu fikirləşməklə məşğul idim. Aidə ilə baxışmalarımız evdəkilərin diqqətini çəkmişdi. Fikrət əmi məsələni soruşanda, Aidə hər şeyi açıqladı - Turalın məni görmək istəmədiyini dedi. Fikrət əmi qolumdan tutub məni qaldırdı, "gəl, birlikdə gedək, mən məsələni aydınlaşdıraram" dedi. Əslində daha ümidim qalmamışdı, amma Fikrət əminin sözünü yerə salmayıb, onunla birlikdə otağa keçdim. Tural çarpayısında uzanıb gözlərini tavana dikmişdi. Fikrət əmini görəndə qalxıb yerindəcə oturdu. Onun arxasınca mənim də gəldiyimi görəndə yenə baxışlarını yayındırdı. Fikrət əmi Turalın yanında oturub əlini onun əlinin üstünə qoydu. Sonra elə bir ata-oğul söhbəti başladı ki, mənə atamın həyatda olmamağının əzabını yenidən yaşatdı. Hətta Fikrət əminin məni otağa niyə gətirdiyini artıq hesab elədim. Çünki onlar danışır, mən isə qulaq asırdım. Amma sonra Fikrət əmi söhbəti elə sonlandırıb, mövzunu elə bir şəkildə bizim üzərimizə gətirdi ki, nə özü, nə də Tural gözünün yaşını saxlaya bilmədi. Fikrət əmi ayağa qalxıb, fikrini tamamladı:
-Bu, alın yazısıdır, Vüsalın qisməti beləymiş. Amma əgər o dünyasını dəyişməsəydi mən elə onun sağlığında qızına elçi düşərdim. Axı biz əvvəlcədən bilmirik, başımıza nə gələcək. Siz bilmirsiniz, amma mən sizin elçiliyinizdən sonra Vüsalın qəbrinə gedib, ona kişi kimi söz vermişəm ki, onun qızı mənim gəlinim kimi dünyanın ən xoşbəxt gəlini olacaq. Nə mən, nə də mənim ailəmin hər hansı bir üzvünün onu incitməyə ixtiyarı yoxdur. Mən kişi kimi söz vermişəm, ölənə qədər də sözümün üstündə durmalıyam. Allaha şükürlər olsun ki, san salamatsan, yaşayırsan, belə bir günahla ölməmisən. Əgər sən ölsəydin, biz heç birimiz bu hərəkətə görə səni bağışlamazdıq, heç Allah da bağışlamazdı. Allah böyük Allahdır ki, səni həyatda saxladı. Qoymadı bu cür ölməyə. Əvvəla şükür elə, sonra da tövbə elə... Bir də ki, mənim ailəmə Gülanədən yaxşı gəlini hardan tapacaqsan? Onu belə incitməyə haqqın yoxdur. Sakit başla, təmkinlə söhbət eləyin, aranızdakı problemləri həll edin. Sizi heç vaxt küsülü görmək istəmirəm. Çünki sizə yaraşdırmıram.
Sözünü tamamlayan kimi Fikrət əmi otaqdan çıxdı. Hələ bir neçə dəqiqə otaqda sakitlik hökm sürdü. Nə mən danışmaq istəmədim, nə də Tural səsini çıxarmağa risk eləmədi. Sonra nəhayət elə özü sakitliyi pozdu:
-Mənə görə çox ağlamısan?
Səsi titrəyirdi. Bu mənasız suala cavab vermək istəmədim. Bunu soruşmaq nəyə lazım idi axı? Guya bilmirdi ki, mən onun üçün necə narahatam?
-Niyə mənə cavab vermirsən?
-Məgər sən bilmirsən ki, biz hamımız sənin üçün necə narahatıq? Məsələ mənim ağlayıb-ağlamamağımdadır? Əsas məsələmiz sənin bu hərəkətindir. Tural, mən səninlə açıq danışmaq istəyirəm. Əminəm ki, məndən inciməyəcəksən.
-Gülü, qoy birinci mən danışım, atamla söhbətimizə özün şahid oldun ki. Qoy ürəyimdəkiləri deyim, xahiş eləyirəm. Ondan sonra istəsən lap sən də danla məni.
-Evə girəndə heç başını qaldırıb üzümə də baxmadın sən. Bilirsən, Tural...
-Qurban olum, qoy mən danışım, üzr istəyim səndən. Atam, anam, bacım bəlkə də məni bağışlayar, çünki qanımız birdir, ətlə dırnaq kimiyik, nə səhv eləsək də bir-birimizi atan deyilik. Onlar məni bağışlayar, amma sən mənə olan əsəbindən məni bağışlamaya da bilərsən, mən də bundan qorxuram. İstəyirəm məni bağışlayasan.
-Sən dəli olmusan? Tural, sən mənim nişanlımsan, gələcək həyat yoldaşımsan. Mən səni sevirəm, həm uşaqlıq dostum kimi, həm ən yaxın sirdaşım kimi, həm nişanlım kimi... Sənə ailə üzvlərindən hər hansı birini əvəz edə bilmərəm bəlkə, buna görə haqlısan, amma mən də sənin ailən olacam axı... Sənin səhvlərini bağışlamağa, sənin hər addımda yanında olmağa hazıram mən. Bilirsən sənə görə necə narahat idim, demək olar ki, üç gündür yuxusuzam. Gözümü yuman kimi sən gəlirsən xəyalıma. Tural, bu günə kimi yaşadığım itkiləri sən hamıdan yaxşı bilirsən. Əgər sənə bir şey olsaydı, mən də səninlə ölərdim.
-Niyə məni bu qədər sevirsən?
-Necə yəni?
-Yəqin ki, ağlından keçər də intiharımın səbəbləri. Yəqin ki, variantların var bu barədə.
-Deyək ki, variantım var, nə olsun?
-O olsun ki, Türkan mənə rahatlıq vermirdi. Hər dəfə mesaj, hər dəfə zəng... İmkan vermirdi ki, onu yaddan çıxarım. Universitetdə hara getsəm yoluma çıxırdı, məndən üzr istəyirdi. Ordakı dostlarımdan eşidib ki, nişanlanmışam. Gəldi yalvardı ki, onu bağışlayım. Bağışlaya bilmirdim. Amma yadımdan çıxara da bilmirdim. Sənin gözündə gücsüz görünmək istəmirəm, Gülü, amma inanıram ki, məni başa düşürsən. Sənin yanında onun barəsində danışmağıma görə də üzr istəyirəm, elədiyim hərəkətə görə də üzr istəyirəm, səni incitdiyim hər şeyə görə səndən üzr istəyirəm. Məni bağışla.
-Tural, nişan üzüklərimiz taxılanda da, sən əlində gül buketi ilə mənim iş yerimə gələndə də, taksidə yanımda oturanda da, səni Ankaraya yola salanda saçlarımdan öpəndə də mən ürəyində təkcə bir adın olduğunu bilirdim. Mən onsuzda Türkanı ürəyindən ata bilmədiyini bilirdim. Sən hər dəfə mənə yalan deyirdin. Guya hər şeyə nöqtə qoymusan, guya siz daha birlikdə ola bilməzsiniz. Sən mənə sürpriz edib ad günümə gələndə dünyanın xoşbəxti idim, bunu bilirsən? Sənin hər baxışında, hər üzümə gülüşündə eyni saxtalığı görmək, eyni yalanı tutmaq nə deməkdir, sən bilməzsən bunu.
-Nə demək istəyirsən?
-Onu demək istəyirəm ki, mən sənin ürəyindəkini səndən daha yaxşı bilirəm. Amma buna təəssüf edirəm. Kaş bilməyəydim, kaş bunu başa düşməyəcək qədər axmaq olardım, sənin yalanlarına inanıb, axmaq xəyallar qurardım... Gələcəklə bağlı planlar qurub, sənin yolunu gözləyərdim... Bilirsən, elə ümidlənmişdim ki. Fikirləşirdim, bəlkə sən də məni sevməyə çalışarsan. Bəlkə cəhd eləyərsən, həyat yoldaşın kimi qəbul eləyərsən məni. Amma hər dəfə sənə baxanda sənin saxtakar, yalançı gülüşlərin ürəyimə dağ basırdı.
-Gülanə...
-Dayan, sözümü qurtarmamışam. Səni sevən bir adamın ümidindən istifadə eləmək, "onsuzda mənə inanır" deyib, yanında olub, əlindən tutub, amma arxasından ona yazıq kimi baxmaq mənim nəzərimdə alçaqlıqdır.
-Gülanə...
-Dayan dedim. Türkana görə canına qəsd eləmiş adamsan, Allah xatirinə özünə haqq qazandırma. Bilirsən, onsuzda sənin Türkanı sevdiyini bilirdim, amma bu qədər çox sevdiyini, hətta ona görə özünü öldürə biləcəyini təsəvvür eləməmişdim. Kimin nə dediyi məni maraqlandırmır, kimin nə fikirləşdiyi vecimə deyil, nə eləsən də mən səni sevirəm. Amma istəmirəm, Fikrət əminin arzusu ilə evlənəsən mənimlə. Mənim yanımda oturanda, əlimdən tutanda, ya da saçlarıma əl vuranda başqa bir adamı xəyal edəcəksənsə mənə belə evlilik lazım deyil, Tural... Çox maraqlıdır, bilirsən...
-Nədir maraqlı olan?
-Eyni şeyi mən sənə qarşı eləsəydim...
-Axmaq-axmaq danışma!
-Niyə axmaqlıq olsun ki? Olanı deyirəm. Eyni şeyi mən sənə eləsəydim, nişanlı ola-ola başqa bir adamı fikirləşsəydim, ürəyimdə başqası olsaydı...
-Dedim ki, axmaq-axmaq danışma!
-Tural, sən hətta məni öldürərdin belə eləsəydim.
-Səni hətta öldürərdim! Əlbəttə...
-Onda səni hələ də sevdiyimə şükür elə...
-Bu söhbət çox uzandı deyəsən.
-Qısaltmaq fikrindəyəm.
Bunu deyib, ayağa qalxdım. Nişan üzüyümü çıxarıb, Turalın ovcuna sıxdım.
-Bu nə hərəkətdir? - deyib o da ayağa qalxdı.
-Tural, dedim axı, istəmirəm Fikrət əminin sözünə görə evlənəsən mənimlə...
Sözüm yarım qaldı. Fikrət əmi qonaq otağından məni səslədi: "Gülanə, qızım, zəhmət olmasa ikiniz də bura gəlin." Tural üzüyü yenidən barmağıma taxıb: "mənə nə istəsən elə, amma məni belə cəzalandırma. Bir sən varsan etibar elədiyim. Dostumsan, sirdaşımsan. Məsələ onda deyil ki, səninlə evlənməyimi atam istəyir. Məsələ ondadır ki, evləndiyin insan həm də sənin dostun olmağı bacarmalıdır. Ona görə xahiş eləyirəm, dostluğumuzu mənə çox görmə" dedi. Sonra qonaq otağına getdik. Baxdım ki, Aidə süfrə hazırlayıb. Fikrət əmi ikimizə də oturmağı işarə elədi. Sanki hələ də küsülü olmağımız, əsəbi olmağımız üzümüzdə yazılmışdı. Təbii ki, hamı bunu hiss edirdi. Amma heç kim bunu üzümüzə vurmazdı.
********
Axşam düşəndə, anam getmək üçün ayağa qalxdı. Səhər ikimizdə işdə olmalı idik. Mən də mətbəxdən çıxıb evdəkilərlə sağollaşmaq istədim. Tural məni otağa çağırdı. Əslində onunla yenidən mübahisə eləmək istəməzdim, amma evdəkilərin yanında onun sözünü yerə salmaq istəmədim. Otağa keçib, qapını örtdüm. Əlləri cibində dayanıb, diqqətli baxışlarla mənə baxırdı.
-Nə deyəcəksənsə tez de, anam gözləyir, getməliyik. Çox qalmayım, ayıbdır.
Mənə yaxınlaşıb, əllərimdən tutdu:
-Gündüz biz söhbət eləyəndə ağır sözlər dedin. Özün də başa düşürsən ki, başqası haqqında danışmaq, qısqandırmağa çalışmaq kişiləri nə qədər qəzəbləndirir. Bir də belə eləmə.
-Mən səni qısqandırmaq fikrində deyildim. Mən elədiyin səhvi sənə başa salmağa çalışdım. Dedim bəlkə elə desəm başa düşərsən nə hiss elədiyimi.
-Başa düşürəm. Sənə qarşı, ailəmə qarşı günahkaram. Üzr istəyirəm. Əslində özümə haqq qazandırmaq fikrim yoxdu bu dəqiqə. Amma başqa heç nəyə görə yox, sadəcə o sözlərinə görə sən haqsızsan. Bir də belə eləmə.
-Getməliyəm.
-Dayan, bağışlamamış gedirsən?
-Tural...
-Gülüm, məni bağışla sonra get.
-Bağışladım, Tural, rahat oldun?
-Əlbəttə...
-Getməliyəm.
-Dayan.
-Yenə nə oldu? Tural, anam gözləyir, ayıbdır...
Məni dayandırdı, amma heç nə demədi. Eləcə üzümə baxıb, sonra başını aşağı saldı. Əllərimi buraxıb "get" dedi...
(ardı var)
Gülzarə Hüseynova