İyirmi dörd fəsil (onuncu hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 16:09 29 fevral 2016 tarixində əlavə olunmuşdur

Uşaqlarla sağollaşdıq. Onlar kinoteatra getdilər. Biz də taksi saxlatdıq ki, evə vaxtında çataq. Tural yenə də yanımda əyləşdi. Mən daha dözə bilməyib, Xatirəyə niyə elə baxmağının, qəribə hərəkətlərinin səbəbini soruşdum. O mənə Xatirənin kim olduğunu deyəndə isə təəccübümü gizlədə bilmədim. 

-Bilirsən, Gülü, Xatirəni birdən elə qarşımda görmək məni çox təəccübləndirdi. Bilmədim necə davranım. Sözün doğrusu bilmədim ki, Türkan ona mənim haqqımda danışıb ya yox. Bir anda ağlımda o qədər sual yarandı ki. Fikirləşdim, birdən məni tanıyar, nəsə deyər, sənin də kefin pozlar, ona görə gizlətməyə çalışdım. Amma görünür, bacarmamışam. 

Tural danışdıqca beynim donurdu. Yenə Türkanın adını eşitmək, Xatirə ilə bacı olduqlarını öyrənmək bütün əhvalımı dəyişmişdi. Ürəyimə şübhə düşmüşdü: "Xatirəni görmək yenə də Türkanı onun yadına saldı. Görəsən onun üçün darıxdımı? Niyə düşündü ki, birdən Xatirə onu tanıyar? Bəlkə fikirləşdi ki, Xatirə Türkana  onun nişanlandığını xəbər edər? Məgər o Türkanın nişandan xəbər tutmasından ehtiyyat edir? Bir dəqiqə, bəs necə oldu ki, Xatirə Turalı tanımadı?" 

-Gülü, fikrə getdin, bir söz deməyəcəksən? 

-Tural, bir şeyi soruşmaq istəyirəm. 

-Soruş 

-Necə oldu ki, sən Xatirəni tanıdın amma o səni tanımadı? Əgər sən onun Türkanla bacı olduğunu bilirsənsə, deməli o da sənin Türkanla sevgili olduğunu bilir. Elə deyil? 

-Bilirsən, Türkan mənə ailə üzvlərinin şəkillərini göstərirdi həmişə, demək olar ki, mən onun bütün doğmalarını tanıyıram. Onun ailədə ən yaxın olduğu adam da elə bacısıdır. Mənə həmişə deyirdi ki, bacısına mənim haqqımda danışmaq istəyir, amma mən icazə vermirdim. İstəyirdim ki, Bakıya qayıdanda ailələrimizə üz-üzə deyək hər şeyi. Yəqin o Xatirəyə heç nə deməyib, ona görə də Xatirə məni tanımayıb. Bu normaldır. Sadəcə ürəyimə bir xal düşdü ki, birdən Xatirə məni tanıyar, Nicat da məsələni başa düşər. Sən mənim xasiyyətimi bilirsən, yad adamlara şəxsi mövzuları danışmağı xoşlamıram. Bircə ailəmə və sənə danışıram hər şeyi. 

-Tural, bir şeyi də soruşa bilərəm? 

-Soruş 

-Xahiş eləyirəm, səmimi cavab ver. Türkanın nişandan xəbər tutması sənə narahatlıq verəcəkmi? Yoxsa heç nə dəyişməyəcək? 

-Əmin ola bilərsən ki, heç nə dəyişməyəcək. Nişandan xəbəri olsa da, olmasa da bu  mənim üçün heç nə ifadə etmir. Onunla aramızdakı hər şeyə nöqtə qoyulub. 

Yalan deyirdi. Bu sözləri deyəndə mənə yox, pəncərədən yola baxması mənim üçün Türkanı necə sevdiyinin sübutu idi. Biz onunla çox yaxşı dost olmuşuq. Birdən-birə ailələrimiz bizim ailə qurmağımıza qərar verdilər, nə mən Turalı sevmirdim, nə də Tural məni. Amma bir şey məni narahat edirdi. Qızlar sevdiyi oğlanla yox, başqası ilə ailə qurmalı olursa, ailəsinə görə güzəştə gedə bilir, evinin xanımı olmağa çalışır, sevdiyi oğlanı unudub yeni həyata öyrəşməyə çalışır. Amma oğlanlar kimisə həqiqətən sevdisə, nə olursa olsun, onu ürəyindən ata bilmir. Əgər oğlan sevdiyi qızla evlənmirsə, onda ya heç evlənmir, ya da kiminlə evlənməyin onun üçün heç bir fərqi olmur, çünki ürəkdə həmişə bircə qız yaşayır - Türkan kimi bir qız. Mən qorxurdum ki, Tural ailə qurandan sonra da onu unuda bilməsin, axı ürəyi sənə aid olmayan bir adamla yaşamaq, ailə olmağa çalışmaq qorxuncdur. 

********

Evə çatandan sonra anama kömək eləməyə başladım. Müxtəlif şirniyyatlar, dadlı yeməklər bişirib axşama hazırlıq gördük. Anam tez-tez kövrəlirdi həmin gün, gözləri yaşarırdı. Hiss olunurdu ki, atamın bizimlə olmamağı ona çox təsir edir. Tez-tez atamın adını çəkirdi: "Kaş Vüsal da burda olaydı, kaş Vüsal da bu günləri görəydi". Amma hər arzumuz real olmur... Atam yanımızda olmasa da ruhu bizimlə idi. 

Saatlar keçdi. Məqam yetişdi. Çox həyəcanlı idim. Qapının zəngi həyəcanımı bir az da artırdı, ürəyim tez-tez döyünməyə başladı. Qonaqları qarşıladıq, Tural özü də gəlmişdi. Yenə gül almışdı, əlində çox gözəl qızılgül buketi vardı. Aidə mənə baxıb gülümsəyirdi. 

Hər kəs masa arxasında toplaşıb öz yerini aldı. Mən mətbəxə keçdim, Aidə də mənim arxamca gəldi: 

-Gülü, həyəcanlısan? 

-Əlbəttə. Əllərim titrəyir həyəcandan. 

-İnşallah həmişə üzün gülər, mehriban yaşayıb, xoşbəxt olarsınız. 

-Amin, belə bir gündən sənə də nəsib olsun tezliklə. Yeri gəlmişkən sənin sevib seçdiyin kimsə var? 

-Əslində var, amma bu barədə başqa vaxt danışarıq, indi olmaz. Mən keçim otağa, çaylarımızı gətir, gəlin xanım. 

-Baş üstə. 

Çayları hazırlayıb süfrəyə gətirdim. Onsuzda əllərim əsirdi, amma Turalın çayını verəndə bir az da titrədim, az qala dağıdacaqdım çayı. Hamı güldü bizə, ikimiz də çox utandıq.

Fikrət əmi mətləbə keçdi: 

-Aygün bacı, icazə verirsinizsə söhbətə başlayım. 

-Əlbəttə, buyurun. 

-Biz bir-birimizi çoxdan tanıyırıq, uşaqlar da sinif yoldaşı olublar, xasiyyətlərini də az-çox bilirlər. Ümid edirəm ki, həmişə mehriban olacaqlar, bir-birilərinə hörmət edəcəklər. Dünən Sənubər sizdən razılıq alıb, amma üzük taxılmamışdan qabaq yenə də soruşmaq istəyirəm. Adətimiz belədir. Aygün bacı, Allahım əmri ilə, Peyğəmbərimizin izni ilə biz Gülanəni Turalın həyat yoldaşı kimi görmək istəyirik. Siz bu işə necə baxırsınız? 

-Allahın adı ilə başlayan hər işdə xeyir olar. Nə deyə bilərəm ki? Allah xeyir versin. Allah xoşbəxt eləsin. 

-Amin. 

Ailələr razılığa gələndən sonra Fikrət əmi üzüyü qutudan çıxarıb Turala uzatdı. Tural üzüyü barmağıma taxandan sonra böyüklərimiz xeyir-dua verib, xoşbəxtlik arzuladılar. Sonra hamımız birlikdə bir şəkil çəkdirib nişandan yadigar saxladıq. 

İllərin dostları indi nişanlı cütlüyə çevrilmişdilər: mən və Tural. 

Nişandan sonra yemek yedik, xeyli söhbət etdik. Həmin gecə Turalın Bakıdakı son gecəsi idi. Səhəri gün dərslərinə görə yenə Ankaraya qayıdacaqdı. Hisslərim çox qarışmışdı. Nə baş verdiyini hələ də anlaya bilmirdim. 

********

Səhəri gün yağışlı bir havada gözlərimizi açdıq səhərə. Nişanlı olmağın həyəcanından, ya nədəndir, bilmirəm, gözlərimi açan kimi ilk ağlıma gələn Tural oldu. Telefonu əlimə aldım, baxdım ki, mesaj yazıb, saat 6:30-da: 

"Sabahın xeyir. Bu gün məni sən yola sal. Səni görməmiş getsəm, çox darıxacam." 

Düzdür, mənim üçün darıxacaqdı. Amma nişanlısı olduğuma görə yox, sadəcə yaxın dost olduğumuza görə. Əlbəttə ki, mən də onun üçün çox darıxacaqdım. Görəsən bizim bir-birimizi sevməyimiz üçün bizə nə qədər vaxt lazım idi? Hərçənd o məni heç sevməyəcəkdi. Məni də ən çox incidən elə bu idi. Biz nişanlandıq və mən Turalı yenidən o qızın olduğu şəhərə , o qızın oxuduğu universitetə yola salıram. Birdən orada qarşılaşsalar? Birdən Turalın sevgisi ürəyindən heç silinməsə? Dəli olurdum. Tezliklə o mənim həyat yoldaşım olacaqdı. Nə olursa olsun həyat yoldaşımı başqa bir qadınla paylaşmaq - hətta bunu düşünmək çox qorxulu idi. Təbii ki, eyni şeyi Tural da istəməzdi. O mənim Nicatı ürəyimdən sildiyimə əmin olmaq istədiyi kimi, mən də eynisini istəyirdim. Məncə haqlı idim. 

********

Saatlar keçdi. Tural zəng vurub xəbər verdi ki, bir saatdan sonra çıxacaq. Xahiş elədi ki, mən də onunla birlikdə hava limanına gedib onu yola salım. Hazırlaşmağa başladım. Sonra evə zəng gəldi, anam telefona cavab verdi. Sonradan başa düşdüm ki, zəng vuran Sənubər xala olub, anamdan xahiş eləyib ki, mənim Turalla getməyimə razılıq versin. 

Həmin gün uzun ayrılığa hazır olmalıydıq. Uzun müddət bir-birimizi görə bilməyəcəkdik. 

Getmək vaxtı gəlib çatdı. Tural zəng vurub dedi ki, aşağıda məni gözləyir. Anamla sağollaşıb həyətə düşdüm. Tural tək dayanmışdı: 

-Tural, niyə təksən? Sənubər xalagil hanı? 

-Evdədilər .

-Bizlə getməyəcəklər? 

-Yox .

-Niyə? 

-Gülü, biz nişanlanmışıq axı. Anamgillə evdə vidalaşmışam. İstədim hava limanına səninlə gedim. Təklikdə olaq. Neçə ay səni görə bilməyəcəm axı. 

-Yaxşı. Onda gedək, çox gecikməyək. 

Tural yenə taksi çağırmışdı, yenə yanımda əyləşdi. Sanki hələ indi başa düşdüm ki, Tural gedir, ondan ayrı qalmaq çətin olacaq, hələ bir neçə ay işdən çıxanda evə tək qayıtmalı olacam. 

Yağışın damlaları pəncərəni isladırdı. Mən artıq indidən darıxmağa başlamışdım. Yenə Turalın üzünə baxa bilmirdim. Sonra o pıçıltı ilə danışmağa başladı: 

-Dünən soruşmuşdum, amma zarafatlaşdıq, mövzunu dəyişdin. Ona görə yenə soruşuram. Darıxacaqsan mənim üçün? 

-Əlbəttə darıxacam. 

-Bəs daha çox dostun üçün yoxsa nişanlın üçün darıxacaqsan? 

-Bu dəfə nişanlım üçün daha çox darıxacam, amma nişanlım eyni zamanda mənim ən yaxşı dostumdur axı ... 

-Yaxşı ki, sən gəlirsən məni ötürməyə. 

-Gəlməyə bilməzdim axı. 

-Sənin üçün çox darıxacam oralarda. İmtahanlar bitsin, səhəri gün bütün əşyalarımı yığıb qayıdacam. Mən gələndən sonra hər şey daha yaxşı olacaq. Söz verirəm. 

-Əlbəttə. 

Hava limanına çatanda gözlərim doldu. Turalın gəlişi sayəsində üzüm gülmüşdü, çətinliklərimi unutmuşdum, ağrılarım azalmışdı. Amma indi yenidən gedirdi. Ağlamayım deyə özümü çox sıxmışdım. Buludlar mənim əvəzimə ağlayırdı. Boş yerə ayrılıqlar yağışlı havalara təsadüf etmir. Qızlar ağlayanda gözlərinin yaşı bilinməsin deyə yağır bu yağışlar. 

Taksidən düşdük. Maşından bir az aralanıb üz-üzə dayandıq. Tural kövrəldiyimi gördü, gözlərim dolmuşdu. Çiynindəki çantanı çıxarıb yerə qoydu. Əllərimdən tutdu. Həyəcandan titrəməyə başladım. Havanın soyuğu da əlavə olunduqca buz kəsdi əllərim. Tural əllərimi sıxıb, üzüyümlə oynadıqca başını qaldırıb üzümə baxa bilmirdi. Deyəsən indi onun üçün də çətinləşirdi getmək. Bilmirəm. Dözə bilməyib, ağlamağa başladım. Sakitcə üzümə baxdı. Sonra yanaqlarımdakı göz yaşlarımı silməyə başladı. Ağlama deyib təsəlli olmağa çalışdı. Axı mən bilirdim ki, onun ürəyi mənimlə deyil. Ağlamaya bilməzdim. Getdiyi şəhəri, ürəyindəki qızı xatırladıqca daha da kədərlənirdim. Məni unudacağından, qayıdanda nişanı pozmaq istəyəcəyindən elə qorxurdum ki. Məsələ onda idi ki, o mənim ən yaxın dostum və sirdaşım idi, birdən evlənmək istəməsəydi, nişanı pozmaq istəsəydi, mən onunla əvvəlki kimi dost olaraq da qala bilməyəcəkdim. Beləcə yeganə dostumu da itirmiş olacaqdım. Boğulmağıma az qalmışdı sanki. Özümdən asılı olmadan elə sıxdım ki, əllərini. Ürəyimdən keçdi ki, getməsin deyə yalvarım ona, deyim ki, "mən dostumu itirmək istəmirəm, ora getmə" . Amma deyə bilmədim. Doğrusu nəsə deməyimə ehtiyac qalmadı. Dilim sussa da gözlərim hər şeyi demişdi ona. O da susdu, gözlərimə baxdı. Baxışlarımız danışırdı bizim yerimizə. Amma gözlərimin yaşını tuta bilmirdim, ağlayırdım, yenə sildi gözlərimi, yenə əlləri isitdi yanaqlarımı. Sonra birdən qucaqladıq bir-birimizi. Soyuq və yağış bizi qorxuda bilmədi, ürəyimiz və əllərimiz isitdi bizi. Qulağıma pıçıldayıb "mən orda sənin xətrinə dəyəsi bir iş tutmaram. Mən orda olanda heç nəyə görə ağlama, kefini pozma. Yaxşı?" deyib gözlərimə baxdı. Sonra saçlarımı öpdü. Çantasını götürdü və məndən  uzaqlaşdı. 

Xoş gəldin ayrılıq... 

(ardı var) 

Gülzarə Hüseynova 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+5=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0352 saniye