İyirmi dörd fəsil (səkkizinci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 20:00 25 fevral 2016 tarixində əlavə olunmuşdur

Aidə ilə birlikdə qonaq otağına keçib çayları süfrəyə düzdük. Mətbəxdə olanda Aidənin "qismətin açılıb" deməyi təbii olaraq qonaq otağında anamgilin yanında əyləşməyə mane oldu. Öz çayımızı süfrəyə qoymadım, öz otağıma apardım, Aidə də mənim arxamca otağa girdi. Əlimdəkiləri masanın üstünə qoyub, qapını bağladım. Aidəni sorğu-suala tutmağa başladım. Eləcə gülümsəyirdi, heç nə demirdi. Təkcə onu dedi ki, "qapıdan qulaq as, özün hər şeyi başa düşəcəksən". 

Onun dediyini elədim. Gəlib qapının arxasından anamgilin söhbətinə qulaq asmağa başladım. Sənubər xala danışırdı, anam az hallarda nəsə cavab verirdi: 

-Ay Sənubər, axı siz hamınız şahidsiniz ki, mən indi dərdliyəm, Vüsalın öldüyü hələ iki aydır, mən qızı belə tezliklə nişanlasam, qohum-əqrəba, qonum-qonşu mənə nə deyər? Bəs fikirləşməzlər ki, bu tezlikdə tələm-tələsik qızı köçürtmək eşqinə düşüb? 

-Mən səni başa düşürəm, bacı. Bilirsən, Fikrətlə aramızda olan söhbəti sənə olduğu kimi danışdım. Fikrət deyir ki, mən Turala ancaq Gülanəni yaraşdırıram. Çox istəyir ki, Gülanə bizim gəlinimiz olsun. Elə mən özüm də qızdan çox razıyam. Gözümüzün önündə böyüyüb, Allaha çox şükür sizi də tanıyırıq, qızın da xasiyyətinə bələdik, hər şeydən də vacib odur ki, bilirik ki, necə bir ailənin qapısına gəlmişik. Bizi əliboş qaytarma geriyə. 

-Sənubər, icazə ver, bir müddət fikirləşim. Vallah hələ tezdir. Mən belə tezliklə razılıq verə bilmirəm. Mənim də sizdən yana bir narazılığım yoxdur. Gör neçə illərdir bir-birimizi tanıyırıq, uşaqlar da bir-birini yaxşı tanıyırlar, on bir il bir sinifdə, bir partada əyləşiblər. Amma bir məsələ var ki, mən onu fikirləşib "hə" deyə bilmirəm... 

-Nə məsələdir, bacı? Gizlətmə, ürəyində qalmasın, nəsə demək istəyirsən? 

-Bilirsən, mən eşitmişəm ki, Turalın Ankarada sevdiyi qız var, elə eyni universitetdə oxuyurlar. Bəs əgər sevdiyi varsa Gülanəyə necə elçi göndərib? 

-Mən anayam, bilirəm, oğlumun xoşu gələn qızı da görmüşəm, şəkillərinə baxmışam. Amma onlar ayrılıblar. Daha görüşmürlər. Heç o qızı tanımırıq axı, necə bir ailədən çıxıb, necə tərbiyə alıb? Mən oğluma bilmədiyim qızı almaram, bacı. Mənim evimə elə Gülanə kimi qız yaraşır... 

-Nə deyim vallah, sən ayrılıb deyirsənsə, deməli elədir. 

-İndi sözün nədir? Məni sevindirirsənmi? 

-Nə deyim, bacı, Vüsal da daha həyatda yoxdur, mən də istəyərəm qızım tanıdığım ailəyə gəlin köçsün, arxayın olum ki, ömür boyu xoşbəxt olacaq, bilim ki, onu incitməyəcəklər, gözü yaşlı qoymayacaqlar. Sizi də tanıyıram, hörmətim sonsuzdur. Vüsalsız qərar verməkdə çətinlik çəkirəm, ancaq mən də qızımı sizdən daha etibarlı ailəyə verəsi deyiləm ki... 

-Deməli ? 

-Allah xeyir versin... 

-Ay səni şad xəbər olasan. Allah həmişə üzünü güldürsün, bacı, dərdli günlərin geridə qalsın, gözəl günlər qismət olsun, Allah balalarımızın toyunu görməyi qismət eləsin, Amin! 

-Amin! Ancaq, bir xahişim var, Sənubər, qurban olum, toyu eləməyə tələsməyin, Vüsalın ili tamam olmadan mən qızı köçürən deyiləm. 

-Sən necə deyirsən elə olsun, bacım, təki Gülanə bizim evə qismət olsun. Gülanə demişkən, qızım bir şirin çay hazırlasın bizə, sevincimizi qeyd edək. 

Aidənin sevincinin həddi yox idi, mən isə təəccüb içində idim, əvvəla uşaqlıq dostumun ailəsi mənə elçi gəlmişdi, bu mənim ağlıma da gəlməzdi, həm də ki, anam elə ilk gəlişlərində onlara razılıq vermişdi. İndi mən otaqdan çıxıb onlara şirin çay hazırlamalıydım. Üzümdəki bu təəccüb dolu nəzərlərlə mən onların qarşısına necə çıxardım axı? Anam məni səslədi. Düşüncələrdən ayrıldım. Aidə qolumdan tutdu, qonaq otağına gətirdi, məni görən kimi anamgil ayağa qalxdılar. Yaxınlaşıb əvvəl Sənubər xala ilə görüşdüm. Üz-gözümdən öpüb, "Allah xoşbəxt eləsin, qızım, Allahıma şükür sənin kimi gəlin qismət olub bizə. Xeyirlisi olsun" dedi. Anam da alnımdan öpdü, xoşbəxtlik arzu elədi.

Aidə şirin çayları hazırlamağa kömək elədi. Beləcə, mən artıq Turalla nişanlanmış sayılırdım. Anamgil öz aralarında söhbət edirdilər, çox güman ki, nişan gününü təyin edirdilər. Mən o qədər təəccüblənmişdim ki, qulaqlarım heç bir şey eşitmirdi, nə danışdıqlarını başa düşmürdüm. Aidə neçə dəfə məni səsləyibmiş, eşitməmişəm, sonra qəfildən ayıldım sanki. Onun sualı məni çox çaşdırdı:

-Gülanə, nə olub sənə? Neçənci dəfədir səsləyirəm səni, bacı, xoşbəxt deyilsən? Sevinmirsən? 

-Otaqda olanda mənə niyə demədin ki, Turala görə elçilik edirsiniz? 

-Mən... Bilmirəm, fikirləşdim sürpriz olsun sənə, məgər ürəyincə deyil? 

-Mən çox təəccüblənmişəm, mən bunu gözləmirdim, ağlıma gəlməmişdi. Heç Tural da mənə heç nə deməmişdi axı. Necə olub ki, bunu məndən gizlədib? 

-Gizlətmək deyəndə ki, Tural çox güman ki, hələ bu dəqiqələrdə öyrənib bizim sənə elçi gəlməyimizi, evdə kişi xeylağı yoxdur deyə, atam belə məsləhət bildi ki, əvvəlcə anam gəlsin danışsın sizinlə, sonra nişan eləyib, bütün qohumları dəvət edərik. Doğrusu, Tural özü bizim elçi gələcəyimizi bilmirdi. 

-Necə yəni? Aidə, belə olmaz, bax sənə deyirəm, başqa heç kimə demə, amma Turalın Ankarada sevdiyi qız var, onu çox sevir, aralarında nə problem olursa olsun, Tural onu sevir.  Ondan soruşmamış mənə elçi gəlmək nə dərəcədə doğrudur? Anam artıq razılığını verib, bəs birdən Tural istəməsə? Aidə, insanların arasında rüsvay olacam. Belə olmaz. 

-Nə danışırsan, Gülanə, belə şeyləri fikirləşmə. Tural səndən yaxşı qızı hardan tapacaq? İllərdir bir-birinizi tanıyırsınız, elə qardaşıma yaraşan qız sənsən. O ki qaldı Türkana, mənim xəbərim var ondan. Qardaşım danışıb mənə. Türkan heç bir səbəb göstərmədən onu atıb gedib, daha qayıtsa da Tural onu qəbul eləməyəcək. 

-Bu məsələ çox qarışıqdır, Aidə, bilmirəm nə deyim. 

-Gülü, qurban olum, sevincimi ürəyimdə qoyma, sənin kimi gəlini qardaşım heç yuxusunda da görə bilməzdi, Allah şahidimdir ki, anan razılıq verdi deyə çox sevinirəm, sənin də üzün gülsün bacım, iki günə Tural Ankaraya qayıdacaq, sən də bilirsən. Qoy sənin sevincinlə qayıtsın Türkiyəyə. Əminəm ki, siz birlikdə çox xoşbəxt olacaqsınız. 

-Mən... Bilmirəm nə deyim. Bir saatın içində belə bir ciddi qərar qəbul elədik. Allah sonumuzu xeyirli eləsin... 

-Amin... 

********

Sənubər xalagil gedəndən sonra anam məni səslədi. Oturub sakitcə söhbətə başladıq. 

-Qızım, mən səndən soruşmadan Sənubərgilə razılıq verdim, məndən inciməmisən? 

-Yox, ana, səndən incikli deyiləm, ancaq çox təəccüblüyəm, bilirsən, onların mənə elçi gəlməyi, ilk gəlişdən sənin onlara razılıq verməyin... Bunlar hamısı elə qəfildən oldu ki, mən hələ də təəccüb içindəyəm. Elə bil ki, hələ də başa düşmürəm ki, nə baş verir. Yuxudayam sanki... 

-Səni başa düşürəm, ancaq bilirsən, mən o ailədən çox razıyam, atan da həyatda yoxdur daha, mən tək qadınam, o ailədən daha etibarlı bir yer təsəvvür edə bilmirəm ki, səni əmanət edəm. Mən də bu gün varam, sabah olmaya da bilərəm. Heç olmasa bilim ki, sən bu həyatda tək qalmayacaqsan, Tural da yaxşı oğlandır, arxayınam ki, səni xoşbəxt edəcək. 

-Deməli, mən artıq nişanlı sayılıram, eləmi? 

-Doğrudur, qızım, bu gündən hərəkətlərin, danışığın da dəyişəcək, daha mənim o şıltaq Gülanəm deyilsən, sən artıq nişanlı qızsan. Bu gündən Sənubərlə Fikrət sənin valideynlərindir, Aidəni də doğma bacın kimi qəbul eləməlisən. Mənə qarşı necə münasibət saxlayırsansa, o ailəyə də elə münasibət saxlamalısan. 

-Ana, sən də məni atıb getmə, atam kimi sən də məni qoyub getmə, yalvarıram... 

-Nə qədər ki, nəfəs alıram, o müddətdə səni tək qoymayacam. Mənim gözəl balam... 

******** 

Qarışıq, təəccüblə dolub daşan bir günün ardınca yorğun halda uzanmışdım. Turaldan mesaj gəldi. Elçilik məsələsini danışdıq. O da təəccüblü idi. Amma onun bir cümləsi məni daha da heyrətləndirdi. O Türkanın səbəbsiz gedişindən sonra bir daha evlənmək istəmədiyini, lakin evlənəcəksə, məndən daha real bir namizəd olmayacağını etiraf etdi. Ailəsinin məni gəlin kimi görməyinə sevindiyini gizlətmədi. 

"Gülanə, mən Türkanı sevib seçmişdim, onunla bağlı xəyallar qurmuşdum, amma o neylədi? Məni atıb getdi. Daha qayıtsa da mən onu qəbul edə bilməyəcəm. Artıq xeyli vaxt keçib, mənim həyatımda heç kim olmasa da, necə əmin olum ki, bu müddət ərzində onun həyatında heç kim olmayıb? Amma sən elə deyilsən. Səninlə bağlı hər şeyi bilirəm. Nicat məsələsini də sabahkı görüşümüzdə həll edərik. Sabah görüşüb ətraflı danışarıq bu barədə. Onsuzda elçilik məsələsindən sonra səninlə danışacağımız çox şey var".

ardı var... 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0233 saniye