İyirmi dörd fəsil (üçüncü hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 22:17 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

Anamın səsi məndə qorxu yaratdı. Heç bilmədim necə çıxdım otaqdan. Onların otağına gəldim. Gördüyüm mənzərə kifayət qədər  qorxulu idi : atam yıxılmış vəziyyətdə, başı anamın dizlərinin üstündə... 

Anam ağlayırdı, mən də atamın yanına qaçdım, gözləri bağlı, bir əli sinəsində, bir əli də yanına düşmüşdü. Cəld atamın köynəyinin yaxasını açmağa çalışdım. Atamın əli qıc olmuşdu, çox qorxdum. Elə bildim atam ölüb. Əlimdən heç nə gəlmədi, çünki nə baş verdiyini bilmirdim. 

Təcili yardım çağırdım. Anam ağlayırdı, mən ağlayırdım. Nəhayət həkimlər gəldilər, müayinəyə başladılar. Həkimin dilindən çıxan bir kəlmə sözə dizlərimin taqəti kəsildi : "İnfartk !" İnana bilmədim, "Ola bilməz!" dedim. Həkim dedi ki, atamı təcili xəstəxanaya çatdırmaq lazımdır. Təcili yardım işçiləri atamı maşına apardılar, anam da tələsdiyindən heç nə götürməmiş, sadəcə ayaqqabılarını geyinib, onların arxasınca getdi. Mən də anam üçün palto götürüb, evdə hər şeyə nəzər salıb çıxdım. 

Pilləkənlərlə aşağı düşdüm, məhəlləyə çıxanda gördüm ki, maşın sürətlə uzaqlaşdı. Atamın sağlamlığı üçün mən maşını saxlatdıra bilməzdim. Onlar getdilər, mən isə maşının arxasınca baxa-baxa qaldım. Yaxşı ki, bilirdim hansı xəstəxanaya gedəcəklər. Anamın yanında olmaq üçün bircə çarə gəldi ağlıma - qonşulardan, maşını olan bir adamdan kömək istəmək. Axşam vaxtı etibar elədiyim adamın qapısına üz tutdum : dükançı Nemətin evinə getdim. O, qapını açan kimi tələsik vəziyyəti başa salıb kömək istədim, "gözlə, gəlirəm" dedi. Gördüm ki, otaqdan nəsə götürüb qayıtdı, yoldaşı da onun arxasınca. "Gedək" dedi. Baxdım ki, yoldaşı da bizimlə gəlir, sözün doğrusu sevindim buna. Düz deyiblər uzaq qohumdansa, yaxın qonşu yaxşıdı. Onlarla birbaşa xəstəxanaya yollandıq. Nigarançılıq içində gəlib xəstəxanaya çatdıq, qəbul şöbəsinə atamla anamın adını dedik. Tibb bacısı bizi anamın yanına gətirdi. Anam hönkürtü ilə ağlayır, dizlərinə vururdu. Gəlib anamı qucaqladım, mən də ağlamağa başladım. Qonşu Firuzə xala anama təsəlli verməyə çalışdı, anam isə bizim hamımızın ümidini qırdı : "gecdi, Firuzə, Vüsal getdi, saxlaya bilmədim, əlimdən heç nə gəlmədi". Gözümün yaşı yanağımda dondu. Əllərim əsdi, hamımız bir-birimizin üzünə baxdıq. Anama bircə sual verdim : "gecdir nə deməkdir, ana?". Sonra gözlərim qaraldı. Qorxduğum başıma gəldi - atamın ölüm xəbərini aldım. Anam qucağımda ağladı, onu elə bərk sıxdım ki, elə aldım ki, onu qollarımın arasına. Həyatımın ən dəyərli varlığını itirdiyim vaxtda anamdan başqa daha kimim qalmışdı ki ? Mən quru sözlərlə ona təsəlli olmaq fikrində deyildim.

********

Nemət dayı bizə yaxınlaşıb dedi ki, getmək vaxtıdır. Bu o deməkdir ki, atamın cansız bədəni ilə birgə xəstəxanadan çıxmaq lazımdır.  Necə əzablı, necə ağır idi bu hadisəni başa düşmək. 

Axşam saat on iki olardı. Biz Nemət dayının maşınında qayıtdıq, arxamızca da təcili yardım maşını. Atam həmişə özü qalxardı bu pilləkənləri, indi isə başqalarının çiyinlərində qayıdırdı evimizə. Allah bir oğul da qismət etməmişdi ki, atam oğlunun çiynində gəlsin. Mənim gözümün nuru, arxa-dayağım qəfil ayrıldı yanımızdan. Bir ana, bir bala qaldıq bu həyatda. Qohum-qardaş ən çoxu 40 gün təsəlli verər, sonra sən yenə tək qalırsan. 

Səhəri gün - cümə günü atam torpağa tapşırılacaqdı. Qonşulara, qohumlara xəbər saldıq, səhər açılınca eşidib bilənlər bizə gəldilər. Qadınlar halva hazırladılar, evdə güzgülərin, televizorun üstünə ağ parça saldılar. Bəzilərimiz köməkləşib otaqları boşaltmağa başladıq, bəzi əşyaları hissə-hissə qonşuların evinə yerləşdirdik.  

******** 

Biz yan otaqda ağlaşırdıq, kişilər də atamın cansız bədəninin  əhatəsində dualar oxuyurdular. Vaxt gəlib çatmışdı, atamı dəfn etməyə aparırdılar. Əmilərim, dayım, bir də əmim oğlu atamı çiyinlərinə götürdülər. Dizlərimin taqəti tükəndi, ayaq üstə dura bilməyib yıxıldım. Firuzə xala qolumdan tutub məni yerdən qaldırırdı.

Atamı apardılar. Gözüm baxa-baxa onu dəfn etməyə apardılar, hələ dünən bir otaqda söhbət etmişdik, hələ dünən mənim bişirdiyim yeməklərdən yeyirdi. Bu gün isə başqalarının çiyinlərində sonuncu mənzilə yola salırıq onu. 

******** 

Məclis qurtarmışdı. Axşam baxdım ki, telefonumda cavabsız zənglər var, mesaj da gəlib. Mehparə dərsə niyə gəlməməyimin səbəbini soruşmuşdu, buklet işini xəbər alırdı. Qrupdan heç kimə atamın vəziyyətini deməmişdim, ona görə Mehparəyə xəbər eləmək üçün zəng vurub atamın ölüm xəbərini çatdırdım. Necə çətin idi o sözləri demək... 

Bu hadisə başqa hadisələrdən deyildi, bu yaranın izi mən ölüncə də silinməyəcəkdi ürəyimdən. Otağıma girdim. Stolumun üstündə ailəvi şəklimiz gözümə göründü, mənim ad günümdə çəkilən, xoşbəxt günlərimin xatirəsi olan o şəkil. Çərçivənin yanında da atamın iki gün əvvəl mənə hədiyyə etdiyi həmin o kitab... 

Sadəcə bir nəfər xəbərsiz qalmışdı atamın ölümündən - Nicat. Bir gün sonra mən Nicatla görüşəcəkdim, amma görüş  yerinə gedə bilməyəcəyim barədə ona xəbər verməliydim. Yəni atamın ölüm xəbərini gözüm yaşlı daha bir adama çatdırmalıydım... 

 

(ardı var) 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0235 saniye