Troya atı kimidir xəyalların da:
ehtişamlı bir hədiyyə ab-havasında
içindən rəngarəng əzablar çıxan...
Düşünüb uzaqda olduğunu hey
yolların ağına lənət oxudum,
daha pisi varmı ki, deyirdim bunun.
Nə acı inadkarlıq varmış həyatda:
məsafə dediyin uzaqdan ziyadə
bəzən qapalı da olurmuş hətta...
Elə kövrəlmişəm ki, bu karantində...
Görəcək günlərimiz varmış bizim də...
Güləcək günlərimiz də olacaq, inan...
Səndən sonra özümə tək özüm qazancım,
Təəssüf, bircə o mütləqə çatmır inancım
fərdiyyətdən şəxsiyyətə çevrilməyə...
Gəl ki, bir sürü fərdə də can atanlar var:
nə yönə çevirsən, ona üz tutan,
bir də ki, fərdiyyətlər: əllərində köz tutan.
Dəyişən bir şeysə yox kütlədə:
ağızlar və çənələr qaldığı yerdən,
heç nə olmamıştək davam yenidən...
Bir müddət bizim kimi sürdülər ömrü,
Bəs görən, anladılar, duydularmı heç
içə qapananların çəkdiyi zülmü?!
Daha da qapanmağa sövq edir hələ
ağızdan ağıza dolaşıb duran
təzadlı, əcaib nəzəriyyələr...
Çiplənəcəkmişik... Sevinimmi görən?!
Kaş səni də yükləyələr o çipin içinə,
barı dəysin bu köləliyin əziyyətinə...