Kaş ki yağış olaydım
Kaş ki yağış olaydım...
Yağaydım damla-damla, tələsmədən – aramla.
Yağaydım gecələrə, yağaydım gündüzlərə,
Dərələrə, düzlərə, meşələrə, dağlara,
Yaxına, uzaqlara.
Yağaydım dayanmadan,
Hələ gün oyanmadan
istinin qovurduğu qupquru səhralara
sərinlik gətirəydim,
Kədərin qarsıtdığı cadarlı ürəklərə
təskinlik gətirəydim.
Siləydim simalardan dünənin gileyini,
Nurlu, xoş sabahlara əminlik gətirəydim.
Kaş ki yağış olaydım...
Toxunaydım həsrətin qurutduğu dodağa,
Bir qızın gözlədiyi yollara səpiləydim,
Dönəydim baxışlarda donub qalmış leysana,
Töküləydim yanağa, axaydım yana-yana.
Süzülən hər damlamda bir ümidə dönəydim,
Cücərəydim həyatdan küsənlərin qəlbində,
Dönəydim nəğmələrə sevənlərin dilində.
Kaş ki yağış olaydım...
Elə hər şeydən öncə ayrılığı siləydim
insanların ömründən.
Dönüb bir coşğun selə nifrəti, xəyanəti,
Yalan məhəbbətləri yuyub təmizləyəydim.
Hər damlam su yerinə səadət daşıyaydı,
Sevgi dolu damcılar hər yana yayılaydı,
Nağılladakı kimi – xeyir qalib gəlincə,
Yağaydım tükənincə!