Kasıblar haqqında ballada
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 16:57 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ehtiyac məngənəsində çırpınanlar,qaranlıq vadidə iztirablara məhkum edilənlər,yoxsulluğa yenik düşənlər,bu dünyadan necə zövq ala bilərlər ki?Ədalətsizliyin tüğyan etdiyi çağdaş zamanda,kasıbların sayı sürətlə artmaqdadır.Yuxarıda özünə yer edən boynu yoğunlar,ətrafında günbəgün artan boynu bükükləri görməzdən gəlməkdədirlər.Yoxsul zümrənin acılarından zövg alan pozağanlar da az deyil.Bu,insan sifətində görünən, fəqət, insanlıqdan zərrə qədər nəsibini almayan pozağan sürüsü,fərqində deyil ki,onların haram yolla topladıqları sərvətlərində məzlumların haqqı var.Haqqı olmayanlara zorla sahib olanların amansızlıqları ucbatından çevrəmizdə böyük bir kasıblar ordusu yaranıb.Kasıblıq günah və qəbahət olmasa da,həyatın yaşam şərtləri üçün tam bir mənəvi əzabdır.

Gözləri həsrətlə qapıda qalan fidanlar hər gəlişində kasıb atalarının əllərinə baxar.Ümidləri puç,arzuları kəm ata yenə əli boşdur.Ana,hələ ki,həyatı anlamayan övladlarına təsəlli verməkdədir.Nə zamana qədər!? İşsiz ata,imkansız ata,kasıb ata haqqını aramaq üçün boynu yoğun,qəlbi daş, imansızlardan iş tələbi havadan asılı qalan çarəsiz ata,bu yükü hara kimi çəkib aparacaq!?Peysəri yoğun, millət qanı əmən,insafsız və idraksızlar əyləncələrinə ara vermədən öz işlərindədir.Kasıb ataların iztirabları onlar üçün əhəmiyyətsizdir.

Gözlərini ocaqda qaynayan qazandan ayırmayan məsum körpələr, qayğılı halda ocaq başında qazandakı xörəyi qarışdıran ana,dərdli-dərdli masa başında düşüncələrə qərq olan imkansız ata acılar içərisində çarəsiz qalan kasıb ailə tablosunu xatırladır.Mənzilə ölü sükut hakimdir.Kimsə danışmır,hər kəs öz səssizliyi ilə dərdləşir,hər kəs iztirablarının qarşısında oyuncaqsız qalmış uşaqlar kimi kövrəlir.Kasıbların soyuq yuvasını isti nəfəsləri hənirləndirir.

Bir tərəfdə,hər gecə əyləncə məclisləri qurduranlar, rəqqasələrin köbək atmasına zövqlə tamaşa edənlər,şərabın təsirindən dəmlənib arabir rəqqasənin sinəsinə bəxşiş qoyanların yaşam tərzləri,digər tərəfdə,qul bazaranda boynunu büküb iş gözləyənlər,ümidlərinə bərk-bərk sarılanlar,ailəsinə bir tikə çörək aparmaq üçün mücadilə edənlər var.Bütün bunlar eyni dünyada,eyni zamanda baş verir.Dünyanın gözəlliklərindən zövq alanlar,dünyanın iztirablarına qatlananların haqqlarını mənimsəməklə əldə etdikləri imkanların fərqində deyillərmi!?Əlbəttə ki,fərqindədirlər.Məzlumları yoxsulluğun girdabına atan,kasıblar haqqında ballada yaradan da,elə onlar deyilmi!?


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0457 saniye