Keçmiş dirijor və təmizlikçi
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:06 23 aprel 2015 tarixində əlavə olunmuşdur

Bir zamanların məşhur dirijorlardan biri idi. Möhtəşəm orkestrə sahib idi. Amma indi təmizlikçiliklə məşğul olur. Bir vaxtlar alqışlandığı bu məkanda indi təzə nəsili dinləyirdi. Məmnun idi, sözün düzü. Əgər başqa yerdə təmizlikçi olsaydı, həyata çoxdan küsmüşdü yəqin. Amma səs qammalarının cəmləşərək ruhu harmoniya ilə təmin edən məkanda təmizlikçi olmaq bəzən onu incidirdi, varlığını didik-didik edirdi. Zirvədəykən sındırılan, getdikcə yaddaşlardan silinən, həyatı sönükləşən keçmiş əfsanəni artıq kimsə axtarmırdı.

Budur, gənc dirijor əlinə çubuq alıb orkestri ilə məşqə start götürdü. Əlindəki təmizlədici vasitəni yerə buraxıb əllərini yuxarı qaldırdı, sanki gənc dirijor ilə yerini dəyişdirmişdilər. Gözlərini yumub açanda əfsanə orkestrini hazır vəziyyətdə görüb xəfifcə gülümsündü. Harmoniyanın kulminasiya zirvəsinə yetişmək üçün çubuğu ilə əlini tərpətdi. Ətrafı cənnətlik işıq bürüyürək küllərindən doğan simurq quşu kimi canlandırıldı. Möcüzə dayanmadan işinə yüksələn-enən sürətlə davam edirdi.

Ta ki...Bir telefon zəngi və lənət!!! Bütün gözəllik param-parça oldu.

Gənc dirijor çevrilib məzəmmətlə ona baxdı. Tələsik uzaqlaşaraq cavabladı.

-İlahə, axı nə qədər deməliyəm ki, işdə mənə zəng vurmayasan, hə?-bezgincəsinə soruşdu.

-Nicat, evə gələndə kələm alarsan,-həyat yoldaşı onun sözlərini eşitməməzlikdən gəldi.

-Yaxşı, yaxşı,-deyib qapatdı.

“İlahi! Bunu mesaj şəklində yaza bilməzdi?!”

Elə yenicə çevrilmişdi ki, qarşısında gənc dirijoru tapdı. Əllərini belinə qoyub boğazını arıtladı.

-Nicat əmi!

-Bəli, Seymur bəy...

-Sizin mənimlə, ya da orkestrimlə probleminiz var olmaya?

-Xeyr.

-O zaman niyə hər dəfə sizin telefon zəngləriniz ucbatından yarımçıq kəsməli oluram?!

***

Keçmiş “əfsanə” dirijor Nicat dükana girib kələm alarkən birdən ayaq saxladı.

-Rasim?

Səsə geriyə dönən şəxsin də durumu Nicatdan fərqlənmirdi.

-Gözlərimə inana bilmirəm! Nicat? Doğrudan sənsən?

Rasim Nicatın orkestrində skripka ifaçılarından biri idi. Və eyni zamanda möhkəm dost idilər. Budur, üzbəüz dayanaraq keçmiş günlərini xatırlayıb bərk qucaqlaşdılar. Gözlər yağışa hazır buludtək dolu idi.

Ah, keçmiş, keçmiş!!! Dostluqlar, sevgilər, sevinclər, uğurlar. Bütün çətinliklərə sinə gərmələrinə rəğmən param-parça oluşları fraqment kimi canlandırılaraq keçmiş yaraya duz basdı. O gündən bəri heç kimdən səs-soraq çıxmadı. Sanki günah keçisi kimi barmaqla göstəriləcəklərindən qorxdular. Qarşılaşmalardan bacardıqları qədər qaçdılar. Salamlaşmadan bir-birlərinə yadlaşdılar. Uzaqdan görünən kölgələrinə xəyanət edərək bir-birini təqib etmədilər. Çünki artıq zaman o zaman deyildi. 30 ilə yaxın idi...

***

Hər ikisi bomboş kafedə əyləşib çay sifariş verdilər. Nicat Rasimə, Rasim də Nicata baxdı. Artıq ikisi də xeyli yaşlanmışdı. Saçların böyük qismi ağarmış, dodaq və göz kənarlarında qırışlar peyda olmuşdu.

-Niyə mənə elə baxırsan, Rasim?

-Bizim günahımız nə idi axı, hə?

-Bilmirəm.

Çaylar gəldi.

-Nicat, əgər onun dediyi kimi hərəkət etsəydik, necə olardı səncə?

-Etməzdik, qardaşım, edə bilməzdik. Başa düşürsən? O insanlara xəyanət edə bilməzdik...

-Hə, haqlısan...

-Bilirsən, hərdən düşünürəm ki, nə bilim, bəlkə təzə rəhbərin əmrinə tabe olsaydıq, necə olardı görəsən? Amma sonra özümdən, bu axmaq situasiyadan utanıram. Yox, lap başıma silah dayasaydılar, boğazıma bıçaq çəksəydilər, məni ailəmlə təhdidi etsəydilər belə, yenə də onun əmrinə tabe olmazdım. Məni qınaya bilərsən, Rasim. Yəni, necə ola bilər ki, mən orkestri ailəmdən də üstün tuturam-filan, amma bu, məni yolumdan döndərə bilməzdi. Həm də qətiyyən.

Çaylar buğumlanırdı. Nicat gözlərini bir nöqtəyə zilləyərkən Rasim onu diqqətlə “süzgəcdən keçirirdi”...

-Bəs qızından nə xəbər?

Anidən verilən suala diksinib Rasimə baxdı.

-Sofi klarnet ifaçısıdır Fransada.

-Neçə yaşı var görəsən? 25 yoxsa 26?

-27,-Nicat zorla bildirdi.

-İlahənin hələ xəbəri yoxdur, eləmi?

-Hə...Həm necə deyim axı? Əgər övladımız olsaydı, bəlkə deyərdim, amma o da yoxdur.

-Qız atasını tanımır,-Rasim kədərli tonla söyləyib çayından qurtumunu aldı.

Keçmiş dirijor əlini masaya çırpdı.

-Rasim, məndən istədiyin nədir, hə? Həyat yoldaşımı öldürüm? Yoxsa Sofinin qarşısına çıxıb “atan mənəm” deyim? Bəlkə keçmiş orkestrin üzvlərini bir-bir tapım? Nə, Rasim, nə?

-Nicat, nəyin var sənin?

-Bilmirəm, bilmirəm, inan ki, bilmirəm. Bağışla məni, özümdən çıxdım əməlli-başlı. Mən eqoistəm sadəcə.

-Bir dəqiqə! Bu axmaqlıq da haradan çıxdı? Sən və eqoist? Yox, dostum, özünü yaxşı tanımırsan, həm də heç. Əgər həqiqətən də səndə “eqo” deyilən bir şey varsa, o vaxt düşünmədən orkestrini bir kağız parçası kimi ortadan cırıb zibil qutusuna atardın. Amma etmədin.

-Rasim, nə işlə məşğulsan?-deyə soruşub mövzunu dəyişməyə çalışdı.

-10 ilin fəhlə babasıyam. Nədir ki? Utanmalıyam?

-Mənsə təmizlikçi. Bilirsən harada? Bir zamanlar çubuğumla orkestrimi dilə gətirən məkanda indi sil-süpürlə məşğulam, bax belə, əzizim. Məni tanımırlar artıq. Yaşasın yeni nəsil! Məhv olsun köhnə nəsil!

-Bunu niyə edirsən?

-Rəhbərin sözü ilə oturub durmaq lazım idi bəlkə. Bəlkə orkestri yeniləmək lazım idi. Bəlkə də milliyətçi ruhundan olmalıydıq. Kosmopolitə, tolerantığa aludə olub milli-dini ayrı-seçkiliyə qarşı çıxmamalı idik. Ha, nə olsun ki, burada doğulublar? Nə olsun? Bura ki, onların “vətən”i sayılmır qanuni yolla? Eh! Bilmirəm, Rasim, heç nə bilmirəm. Mən bu zəhrimar həyatdan nəsə öyrənmişəm ki? Odey, bir qızım var Fransada, cavanlığım, axmaq cavanlığımın səhvi ucbatından. Onu da gec öyrəndim, 10 ildən sonra. Bir anası bilir, bir sən, bir də mən...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0242 saniye