Keçmiş müdirə əlindəki fotolara baxıb masaya buraxmaqdan bezmişdi. Sənədlərlə dolu qovluğu siyirtmədən çıxardıb masaya buraxaraq açdı. Əlinə keçən ilk kağız parçasında adlar və nömrələr sıra ilə bir-birinin ardınca düzülmüşdü. Əlini uzadıb mobil telefonunu götürdü. Titrək barmaqları ilə nömrələri yığmağa başlamışdı ki, telefonu zərblə masaya çırpdı. Başını əlləri arasına alıb saçlarına barmaqlandı. Varlığını titrəyiş bürüdü. Yayxanıb gözlərini yumdu. Açdıqda göz qarası balacalaşmışdı. Təzədən yumub açdı. Ayağa qalxıb kabinetdə gəzişməyə başladı. Alnını bürüyən tər pulcuqları üzüaşağı doğrulanırdılar. Əlini alnına qoyub divara yaslandı. Gözlərinin önündə keçmişi canlandı.
Uşaq evinin müdirəsi idi. Yaşı 30-a yaxınlaşırdı. Yarım il öncəsinə qədər qısır olduğu üzə çıxandan sonra həyat yoldaşının ailəsi onu boşatdırmışdı. O vaxtdan etibarən uşaqlara nifrət etməyə başlamışdı. Onları görməyə gözü yox idi. Əlinə fürsət keçən kimi tərbiyəçilərə şvabra ilə döydürür, karserə salaraq 2-3 günlük həbs edirdi. Onların göz yaşlarından, yalvarışlarından zəhləsi getdiyi qədər də sevinclərinə, dostluqlarına da nifrət edirdi. Tez yatmağa göndərər tez də oyandırardı. Məktəbə yola salmamışdan öncə onların gözünü qorxudaraq xəbərdarlığını bildirərdi. Odur ki, heç bir uşaq dinmirdi, dinə bilmirdi. Hətta yaşca böyük olanlar da kiçiklərin xətrinə susmağa məhkum idilər. Digər şagirdlərdən gen gəzirdilər, onların deyib-gülmələrinə qarışa bilmirdilər, simalarında həmişə dərin sükut sezilirdi. Bacardıqları qədər dərslərindən yüksək qiymət almağa çalışırdılar. Yaşları 18-ə çatanların isə canını bir qorxu bürüməkdə idi: Nə edəcəklər?! İşçilər qızlara psixoloji basqı edərək onları məcburi ərə verdirməklə canlarını qurtarmış və savab iş gördüklərini zənn edirdilər həmişə. Oğlanlara gəlincə isə onları filan qohumun yanına göndərərək məvacibsiz və böyük həvəslə “iş”lədirdilər. Amma təbii ki, heç də bütün qızlar və oğlanlar onların təklifləri ilə razılaşmırdılar. Və belə olan halda istər fahişəlik etsinlər, istər narkoman olsunlar, istər orqan mafiyasının qurbanına çevrilsinlər, istər bomja çevrilsinlər - veclərinə də almazdılar. Uşaq Evindəki bu cür an-havanın yaranmasında uşaqlara nifrət edən müdirənin böyük payı var olduğunu unutmaq olmazdı. Düzdür, əvvəllər uşaqları qanı qaynamırdı, amma uşağı olmadığından ötrü boşandıqdan sonra nifrət öz yerini daha da möhkəmləndirmişdi. Arabir siması döyülən uşağa yazığı gəlirmiş ifadəsi alsa da, sərtlik özünü büruzə verirdi. Uşaqların ona yalvarmaların iyrənirdi.
Təbii ki, dəhşət təkcə bununla yekunlaşmırdı. Uşaq Evinə təşrif buyuran orta imkanlı “kişi” görünüşlü şəxslər qız uşaqların bəzilərini cinsi istismara məruz qoymuşdular. Balaca qızlar bunu o qədər də yaxşı başa düşməsələr də, ağrı və kobudluqdan qışqırmağın həddinə yüksəlsələr də, ağızları qapadan iri əllər əngəl törədirdi. Sonra isə canalıcı baxışlara görə susmağa məhkum qalaraq utanclarını heç kimə bildirmirdilər. Amma yaşca böyük qızlar isə bunu dərhal müəssisə işçisinə çatdıran zaman şillə-yumruqla üzləşirdilər, hədə-qorxu ilə dilləri möhürlənirdi. Hətta hamilə qalanlar da olurdu. Belə hallara qarşı tibb otağında gizli abort guşəsi yaradılmışdı. Qaşıqla qaşındıqlarında qızların müqavimət göstərməmələrindən ötrü əl-ayaqları qayışla bağlanmışdı olurdu. Amma cinsi istismar təkcə qızlara tətbiq olunmurdu, oğlanlar da hədəfə alınırdı. Pedofil şəxslər külli-miqdarda məbləğ ödəyərək seçdiyi qurbandan həzz alırdı. Oğlanların da əlləri-ayaqları qıfıllanırdı ki, artıq-əskik hərəkət etməsinlər.
Bu və sadalanmayan digər faktları susdurmaq üçün Uşaq Evinin seçdiyi metod işə yarayırdı həqiqətən. “Kim inanacaq, hə? Hansı axmaq burada belə halların varlığına inanar?”-söhbət metodu ilə uşaqların psixologiyasını çökdürürdülər. 18 yaş həddini keçənə qədər onlara davamlı mənəzi təzyiqlər göstərilirdi. Və sonrası “sənlikdir, əzizim” deyib qarşılarına 2 seçim qoyurdular. Ya ər-iş, ya da küçə. Burada heç də hamısı ər-iş təkliflərinə razılıq verməyərək öz seçimlərinə imza atırdılar. Küçə həyatı, fahişəlik, oğurluq, cinayətkarlıq, bomj, dilənçi...
Amma günlərin birində komissiya hər şeyi ifşa edərək olayı ölkənin gündəmi halına gətirdi. Müdirə başda olmaqla hər işçi neçə ilin hökmünü geyinib dəmir barmaqlıqlar arxasında min bir əzab-əziyyətə məruz qaldılar. Keçmiş “uşaqlar”ın naməlum taleləri haqqında rezensiyalar yazıldı. Uşaq Evi şəhər sakinlərinin hiddətli ifadələrinin təzyiqi altında buldozerlərə qurban gedildi. Uşaqlar isə başqa müəssisə obyektinə köçürüldülər.
İndi isə 5 ilə yaxındır ki, həbsxanadan çıxmışdı. Orada rahatlıq nədir, bilmirdi. Qadın məhbuslar onu incitməkdən xüsusi zövq alırdılar. İlk əvvəl müqavimət göstərmək səyləri çoxluq tərəfindən sındırıldıqdan sonra hər şeyə “könüllü” razılıq vermişdi. Sidik suyundan tutmuş saçlar olan yeməyə qədər dözüm göstərmişdi. Amnistiyadan ona pay düşəndə 25 ilini geridə qoymuşdu. Bozumtul saçları ilə oranı tərk etmişdi. Arxasınca fısıltılar, lağlağılar eşidilirdi. Evi qalaq-qalaq tozlar içində üzürdü.
Uşaq Evinin “sağ qalmış” uşaqlarından bəziləri haqqında məlumat toplamaq üçün neçə-neçə insanın təhqirli ifadələrinə məruz qalmasına rəğmən ağız açmışdı. Onlardan üzr istəyəcəkdi. 5 ilini qurban verdikdən sonra artıq bəzi adlar və nömrələr əlinin altında idi...