-Xeyir ola,hara getmişdin?
-Banka kreditimi ödədim.
-Gələn həftə mənim də ödəməm var.
-Nə deyim,Allah yardımçın olsun.
-Amin!
Şəhər ətrafındakı inşaatda fəhlə kimi çalışan Kamal və Mahmud arasında baş verən,bu qısa söhbət,artıq sıradan olan insanların gündəlik həyatlarında hal-əhval sormanın önünə keçmışdi.Məmləkətdə bank-vətəndaş münasibətləri,ən üst səviyyədə qərarlaşmışdı.Orta statistik ölkə vətəndaşlarının iki yerə məcburi borcu vardı:Allaha olan can və banklara olan pul borcu.Müşküllərini həll etmək üçün banka əl açanlar kədər dənizində dəli dalğalarla boğuşan balıqçılar qədər dərdli idi...
Məryəm ana ağır xəstəliyə mübtəla olan 19-yaşlı oğlu Camal üçün döydüyü qapıların sayını belə unutmuşdu.Boynu yoğun “bağır beyin”lərin laqeyidliyi,ümidlərini puça çıxaran şəxsiyyətsizlərin onu “zövqlə”aşağılaması,Məryəm anada ətraf mühitə qarşı izahı olmayan ikrah hissləri yaratmışdı.Çarəsizlik qarşısında dörd bükülmüş,iztirablarına vaxtından əvvəl yenilmişdi.Oğlunun baş ucunda əyləşib göz yaşlarını qəlbinə axıdırdı.Yataqdakı övlad çəkdiyi ağrılarını cəsurluğunun arxasında gizlədirdi ki,anası çox əndişə etməsin.Bir ananın göz görə-görə gənc yaşlarında torpağa övlad verməsini sözlə ifadə etmək çox çətindir.Oğul iztirablar məngənəsində qalan anasına son dəfə nəzər saldı.Dili danışmasa da,baxışları demək istədiklərini anladırdı.Son nəfəsində anasından halallıq istəyirdi çarəsiz gənc.Məryəm ana övladını anlamışdı.Oğluna yaxınlaşıb şəfqətli əlləri ilə yavrusunun saçlarını tumarladıqdan sonra əyilib gözlərindən öpdü.Anasının halallığını alan övlad xoş duyğularla əbədiyyətə yolçuluq etdi...
Cəmil 11 il idi ki,şəhər Məşğulluq İdarəsində işsiz iş-axtaran kimi qeydiyyatdaydı.Günlər ayları,ayları illəri əvəz etsə də,ali təhsilli,zəngin bilik və bacarığı olan Cəmill üçün,hələ də,işsizlik tilsimi sınmamışdı.Uzun illərdən bəri,böyük səbr və ümidlə yaşayan Cəmilin artıq arzuları tükənmək ərəfəsindəydi.Sonuncu dəfə Məşğulluq İdarəsində olarkən,o,idarənin göndərişi ilə şəhərdə yeni fəaliyyət göstərən firmalardan birinə yönləndirildi.
Firma təmsilçisi ilə aralarında söhbət belə başladı:
-Əvvəllər harada işləmisiniz?
-Mədəniyyət və Turizm sahəsində.
-Bəs sonra?
-Sonra Universitetə daxil oldum və əyani şöbəni seçdiyim üçün işdən çıxdım.
-Bəs təhsilinizi başa vurduqdan sonra bir daha işləmədinizmi?
Xeyir,təəssüf ki,bu günə kimi işlə təmin olunmamışam.
-Neçə ildir işsizsiz?
-11-ildir ki,işsizəm.
-Deməli,sizin iş təcrübəniz də kifayət qədər deyil?
-Üst-üstə 6 il 3 ay əmək stajım var.
-Neçə yaşınız var?
-40 yeni tamam oldu.
-Əfsuslar olsun ki,bu yaşda olanları firmamızda işə cəlb edə bilmirik.
-Necə yəni,mən çoxmu yaşlıyam?
-Qaydalara görə,bizim şirkət 30-yaşın üstündə olanları qəbul etmir.
-O zaman,bu sorğu-suala nə gərək vardı?
-Sadəcə prosüdur qaydası üçün.
Cəmil qarşısında əyləşdiyi,özünü firma təmsilçisi kimi təqdim edən adama acı təəssüf hissləri ilə nəzər salıb otağı tərk etdi. “Dinamik inkişaf”a doğru mətin addımlarla yürüyən məmləkətdə 30-35 yaşın üzərində olan işsizlərin üzləşdiyi sıxıntıları anlamaq çox çətin idi.Deyəsən,onun yaşda olanların təqaüdə çıxma zamanı yetişmişdi?Belə olan halda,geriyə iki yol qalmışdı:ya mühacirət,ya da ki,misgin talehlə barışıb gözləmək.Təəssüf ki,Cəmil üçüncü yolu seçdi.Qarşılaşdığı haqsızlıqlar qarşısında iradəsinə yenik düşən 40-yaşlı Cəmil,bir payız axşamı özünü sürətlə hərəkət edən avtobusun altına ataraq yaşamına son verdi.Həyata erkən vida edən,bu bəxti qaraldılmış gəncin sonu, küləyin sovurduğu cansız xəzan yarpağı kimi kədərə boyun əymişdi...