Kənan Hacı, "Ədəbiyyatın kulisi"
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 21:38 26 yanvar 2016 tarixində əlavə olunmuşdur

Müasir Azərbaycan ədəbiyyatına müraciətimdə iri həcmli əsərlərə nisbətən kiçik yazılara üstünlük verirəm. Hekayə, esse, povest. "Yanlış anlaşılma olmasın" deyə açıqlamağı özümə borc bilirəm: Texnologiya əsrinin 3-cü dünya dövlətlərindən biri atəşkəs şəraitində dırnaqarası inkişaf edir, amma eyni zamanda da özünü qəliblərə sığdıran, mental tabuları olan cəmiyyətdə yaşayırıq, deyilmi? Dumanlı görüntüdən qurtulmalıyıq, xoşagəlməz qoxunu ləğv etməliyik, özümüzü inkişafa həsr etməliyik. Amma necə?! Hər şeyə sıfırdan başlanılmalıdır. Zirvə üçün özüllər qoyulmalıdır. Özüllər isə heç də hər zaman mükəmməl olmamalıdır. Çünki təcrübəsizdirlər. Atılan ilk addımlarda səhvlərin olması mütləqdir, labüddür. Səhvsiz insan övladı olmadığı kimi insan yaradıcılığı da səhvsiz deyil, hətta ola da bilməz. Zaman-zaman təkmilləşəcək. Geridə isə sadəcə yaşanılmış ömrün fraqmentləri qalacaq. Ədəbiyyatımızın da tam buna ehtiyacı var.    

"Ədəbiyyatın kulisi"ndə nələrdən bəhs edilmir?! Kənan Hacını davamlı izləyənlər və üslubuna bələd olanlar onun avtobioqrafikliyə meylindən xəbərdardırlar. Hətta düşünmədən deyərdim ki, belə bir toplu hər bir yazarın borcudur. Ancaq və lakin (!) həqiqətən belədirmi?! Avtobioqrafiya, memuar yazmağı hər kəs bacarmaz. Çünki burada insandan da böyük qüvvə özünü göstərir. Zaman, şərait, cəmiyyət. İnsan təkbaşına bu 3 qüvvə ilə mübarizə apara bilməz, acizdir. "Kütlə psixologiyası" tezisi burada özünü dəfələrlə göstərib, göstərir, göstərəcək. Avtobioqrafiya yazmaq bütün həyatı çılpaqlaşdırmaq deməkdir. Yaşadıqlarını yaddaşından silməmək deməkdir. Yazı texnikasının da, bədii süzgəcin də arxa fonda qaldığı memuarın gücü budur.

Bir yazarın həyatı necə olmalıdır? O, nələr yaşamalıdır, nələrə şahidlik etməlidir? Müstəqillik dövründə yaradıcı insana dövlət səviyyəsində qiymət verilmirsə, həyatını necə qurmalıdır? Yaşadıqlarına rəğmən əbədi mühitə olan dərin bağlılığının sirri nədir?

Təkcə memuar deyil. Ayrı-ayrı adamların psixoloji portretləri, eskizləri, cizgiləri "Ədəbiyyatın kulisi"ndə özünü tapıbdır.

Oxuduqca, gözlər sətirlərdə qaçdıqca, səhifələr çevrildikcə sanki canlı şahidə çevrilirsən.

Ədəbi mühitin son dövrləri üçün ən vacib əsərdir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0236 saniye