KİM DAHA BƏDBƏXTDİR!?
Aybəniz Həsənova tərəfindən "Hekayə" bolməsinə 22:41 06 iyun 2014 tarixində əlavə olunmuşdur

Gedirəm...Amma, hara getdiyimi bilmirəm. Yağış yağır. Çətirimi açmaq gəlmir içimdən, yağış damlaları başımı döyəcləyərək saçlarımdan aşağı süzülür. Üzümə düşən damcılar dodaqlarımda ilişib qalır. Və mən elə hey gedirəm, hara? Bilmirəm... Yağış güclənir, damcılar yerə dəydikcə əks-səda verir, bu xoşuma gəlir... ruhum sakitləşir.

Başımı qaldırıb ətrafa baxıram, evimdən çox uzaq olan bir parkdayam. Bu qədər uzun müddət yeridiyimin fərqinə varmamışdım. Bütün yolu düşüncələrə dalıb getmişdim. Ətrafda heç kim görünmür. Ətrafda heç kim görünmür. Birdən gözüm küncdəki oturacaqda cırcındır bir şala bürünərək oturmuş qoca qadına ilişir. Yəqin ki, evsiz – eşiksizdir, yoxsa belə yağı.da burda oturmazdı. Bir anlıq bütün düşüncələrimi unuduram. Ona yazığım gəlir. Gedib yanına otururam. Boş gözlərlə mənə baxır, gülümsəyir. Gözlərinin dərinliyindəki kədəri görürəm. Ürəyim ağrıyır, içimdən bədbəxt qadın deyirəm.
Qadın başını çevirib yağışa baxır. Burda niyə oturduğunu soruşuram, niyə evinə getmədiyini soruşuram. Niyə soruşduğumu özüm də bilmirəm. Üzümə baxaraq gülümsəyir- bura mənim evimdir,-deyir, yenə üzünü çevirir. Ağlını qaçırdığını düşünürəm, ona daha çox acıyıram. Kimin-kimsən yoxmu, deyirəm. Yenidən üzümə baxır, gözləri parıldayır. Oğlunun, nəvələrinin olduğundan danışır. Birdən tam qarşımıza bir sərçə qonur, o susur, təbəssümlə quşcuğaza baxır. Yağışın artıq yağmadığının fərqinə varıram. Qadın yanındakı torbadan bir tikə quru çörək çıxarır, ovalayıb torpağa səpir, quş həvəslə dənləməyə başlayır. Yenidən söhbətə qayıtmaq istəyirəm, - bəs niyə oğlunla, nəvələrinlə yaşamırsan? Dönüb təəccüblə üzümə baxır, -oğlum kimdir?,-deyir. Susuram. Üzünü çevirib təkrar sərçəyə çörək qırıntıları səpir. Üzündə qəribə bir təbəssüm var, sanki balaca körpəsini yedizdirir. Bir az öncə danışdıqlarımızı unutduğunu anlayıram, yazıq qadın, deyə düşünürəm.
Artıq hava qaralıb, evə qayıtmalıyam. Qadını orda özüylə baş – başa buraxıb yola düzəlirəm. Ayaqlarım getmir, amma çox gec oldu qayıtmalıyam...
Evə çatıram, qapını açıb əlimi işığın düyməsinə aparıram, yanmır. Yəqin ki, lampa qırılıb, evdə şam da yoxdur. Qaranlıqda çarpayını tapIb otururam. Yenə hər şey təkrarlanır, tənha, qaranlıq otaqda təkbaşıma oturmuşam, xatirələrim məni rahat buraxmır. Düşüncələr beynimi yeyib-bitirir. Keçmiş qara kölgə kimi üstümə çöküb. Divarlar üstümə gəlir. Düşüncələrimi dağıtmaq, xatirələri beynimdən qovub çıxarmaq istəyirəm. Unutmaq istəyirəm, hər gün, hər gecə unutmağa cəhd edirəm olmur-unuda bilmirəm. Birdən kimsəsiz qadını xatırlayıram, bir anlıq ona paxıllığım tutur, hər şeyi necə də tez unudur... Hər yer onun evidir, bütün quşlar onun körpələridir. Mənimsə ancaq iztirab verən xatirələrim var...


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+12=
Hesaba giriş
Müəllif

Aybəniz Həsənova
Haqqında

Əlaqə
E-mail:
aybenizh@inbox.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0265 saniye