Gəlirəm şövqünə, ey yar, gecə pərvanə kimi.
Yanıram eşqin ilə sübhü-obaşdanə kimi.
Nur edər zülməti bir an içrə rüxsarın,
Yayılıb zülf ətirin cənnətü-rizvanə kimi.
Neçə müddətdi sənin həsrəti-camalın olub,
Gəzirəm hər tərəfi mən dəli-divanə kimi.
Üzünün nurudu ki, sevgilini dərdə salan
O gözəllik aparar aşiqi zindanə kimi.
Sevgimin müddəti yox, amma soruşdun, deyirəm:
“Ömrümün ulduzunun batdığı son anə kimi”.
Tanrının lütfü ilə dünyaya gəldin, Elnur,
Uyma yardan savayı, özgə bir cananə, kimi.