Dünən axşam universitetdən qayıdarkən təcavüzə uğradıldım. Kim (?), niyə (?) və harada(?) tipli suallar beynimdə dolaşdıqca dolaşır. Hələ də çatmır mənə. Uzanıram, ağlamaq istəyirəm, amma sanki “dünən”dən etibarən ağlamağı yadırğamış kimiyəm, gözümdən heç nə süzülmür. Məchul nöqtəyə kilidlənərək dizlərimi qucaqlayıram...
Neçə nəfər idilər? 3? 4? Bəlkə 5? Xatırlamıram, olayla bağlı heç nə xatırlamıram, tək bir şeydən savayı-səsimi.O səs ki, hələ də qulağımdadır.
Neçə saat ölü kimi uzanıb qaldığımı, neçə evə gəldiyimi-yox, burasını da unutmuşam. Anam məni görəndə nitqi qurumuşdu, bax, bu, yadımdadır...
Titrəyirəm. Anamla atamın mənə yaxınlaşmalarına, qucaqlamalarına dözə bilmirəm. Hər dəfə onlar kobud şəkildə itələyirəm, səsim gəldikcə bağırıram. Qardaşım hələ də məni görmək istəmir...
Hər dəfəsində xatırlayarkən utanıram, alçaldılıram, əsəb hissi keçirdirəm, izlənilirəm. Çənəm titrəyir, dişlərim bir-birinə dəyir. Sanki onlar məni axtarırlar. Etdiklərini bir daha (!), bir daha (!), bir daha (!) təkrar etmək üçün. Deyəsən, bu, onlara ləzzət verirdi. O səsləri aldığım hər nəfəs pıçıltısında eşidirəm. Təmiz olmadığıma işarə vururlar. Dəyərsizləşirəm, tullantı məmulatından elə də fərqim yoxdur bu an içində...
İsti duşun altında 4 saat dayandım ki, üzərimdəki çirk tamam təmizlənsin, yaddaşım silinsin. Olmadı. Güzgüyə baxmaqdan nifrət edib əlimdə qayçıyla uzun saçlarımı kobudcasına qısa kəsdim. Yenə olmadı. Güzgünü sındırıb hönkürtü ilə ülgücü biləyimə yaxınlaşdırdım, anam səsə gəlib mane oldu. Yenə də olmadı...
Telefonumu söndürmüşdüm. Heç bir rəfiqəmin səsini eşitmək istəmirdim. Onlar məndən fərqli olaraq təmizdirlər. Yəqin ki, bir kafedə əyləşib məni bir-birlərindən soruşurlar. Başıma gələnləri eşitdiklərində nə kimi reaksiya verəcəklər görəsən?...
Digər otaqdan atamın qəzəbli səsi yüksəlir. Beynim dumanlı olduğundan yalnız “polis” sözünü aydın seçirəm. Anamın ürəkparçalayan hönkürtüsünü eşidirəm. Kimsə qapını çırpıb evdən çıxdı. Deyəsən, qardaşımdır...
Sabah, birisigün artıq xəbərim çıxacaq. Bir çoxlarının şüuraltında “O, edə bilibsə, mən niyə etməyim?!” fikri formalaşacaq, mənə işarə edərək “Yaxşı qız olsaydı...” misalı çəkəcəklər. Sonra media və KİV olayı qabartdıqca qabardacaqlar...
Mən bir daha əvvəlki həyatıma qayıda bilməyəcəm. Ən çox hamilə qalmaqdan qorxuram. Təcavüzkarın uşağını bətnində daşımaqdan qorxulu nə ola bilər ki?! İllər ötəcək, qorxularım, kabuslarım, ağrılarım hər zaman var olacaq, yaşadıqlarım kinolenti kimi gözümün önündə canlanacaq, hər dəfə eyni təhlükəni hiss edəcəm, bulantı və qusmalarım olacaq. Gün ərzində 3-4 dəfə, bəlkə daha çox...