Kinotetrda qocalanlar
Aykan Hüseynli tərəfindən "Hekayə" bolməsinə 03:07 10 may 2012 tarixində əlavə olunmuşdur

 Mən zala daxil olanda heç kim yox idi. Onlardan başqa. Onlar kinonu çox sevirdilər. Bir yerdə kinoya baxmağı da. Ona görə bu işi seçmişdilər. Biri Vidadi əmi idi, biri də Aidə xala. Mənim isə adım Aykandır. İlk dəfə idi kinoya gedirdim. Mən bilirdim ki, kinoya elə də çox gedən yoxdur. Amma bu cür də təsəvvür etmirdim. Kino qurtarandan sonra sonradan adını öyrənəcəyim bu iki qoca ər-arvada yaxınlaşdım. Vidadi əmi kinoteatrda kinoların təqdim olunması işinə baxır. Aidə xala isə xadimədir. Senaslardan sonra yerə tökülən popkornları süpürüb, təmizləyir. Onlardan soruşdum:

-         Bura həmişə bu cür boş olur, ay əmi?

Deyəsən, Vidadi əminin yaralı yerinə toxunmuşdum:

-         Hə, bala. Neçə illərdir belədir. Kino veririk ki, gəlib baxsınlar, amma heç kim gəlmir. Bu həftə ərzində 3 nəfər gəlib, biri də sənsən.

-         Sizin cavanlığınızda da belə idi?

-         Yox, bala. Bizim cavanlığımızda heç olmasa, 4-5 nəfər olurdu hər seansda.

Bunu deyib, Aidə xalayla söhbətə başladı:

-         Yadındadır, ay arvad ilk dəfə kinoya gəlişimiz?

-         Yadımdadır – xəyallara daldı. Verdiyim sual bu iki qocanı 50 il əvvələ aparmışdı.

Vidadi dayı o dövrdən bu günə kimi olan dəyişikliklərdən danışdı:

-         Bizim dövrümüzdə 3D, 5D, 7D filan var idi. Amma bizim üçün bunlar o qədər də maraqlı deyildi. İlk dəfə Aidə xalanla “Heyvanxanada əhvalat” adlı bir kinoya baxmağa gəlmişdim. Bizdən başqa 3 nəfər var idi zalda. Bax elə bu zalda idi film. 1ci zalda. Sonra yenə gəldik. Onda bizdən başqa 2 nəfər var idi. Bax  belə... Azala-azala gəldi. İndi də ikimiz qalmışıq. Heç kim gəlmir kinoya. Hər seans başlayanda kinonu fırlayıram başa, təzədən verirəm. Ər-arvad oturub baxırıq. Bax indi sən baxdığın kinoya bu həftə ərzində hər gün 4 dəfə baxmışıq.

-         Yəqin, bu bezdirici olar, hə? – sual verdim.

-         Başqası üçün bezdirici ola bilər. Hər halda gün ərzində eyni kinoya bir neçə dəfə baxmaq yaxşı şey deyil. Amma sağ olsun Aidə xalan, onun yanında olanda darıxmıram. İstəyir lap bir kinoya min dəfə baxım, mənim yenə də xoşuma gəlir. Çünki yanımda o olur. Amma bir şey də deyim, hansısa filmin premyerası olanda böyük maraqla baxırıq.

-         Bəs uşaqlarınız yoxdur? Onlar niyə gəlib baxmırlar?

-         Uşaqlarımız var, bala. 2 oğlumuz, 1 qızımız var. Hamısı da elə incəsənət adamıdır. Biri rejissordu oğlumun. O birisi də yazıçıdır. Qızım isə bəstəkardı, həm də məşhur piano ifaçısıdır. Yəqin, tanıyarsan, Xədicə var e...

   Deyən kimi tanıdım. Hər halda, Azərbaycanın fəxri olan bu mahir pianoçu xanımı tanımamaq olmazdı. Sonra sözünə davam etdi:

-         Uşaqlarımız burada az hallarda olurlar. İşləri ilə əlaqədar tez-tez səfərləri olur. Amma Bakıya gələn kimi gəlirlər bizim yanımıza. Ailəvi oturub kinoya baxırıq, çox gülməli görünsə də, əslində çox da maraqlı olur.

-         Sən əvvəldən bu işlə məşğulsan, Vidadi əmi?

-         Yox, ay bala, sənin valideynlərin, bəlkə də məni tanıyar. Aparıcı idim cavanlıqda, bir neçə verilişim var idi. Elə Aidə xalan da mənim yanımda işləyirdi. Amma artıq yaş o yaş deyil. Biz də dedik ki, qocalıqda ən xoşladığımız istirahəti seçək, gəldik kinoya.

   Kinoteatr mənə bu iki qocanın sevgisi qədər maraqlı olmadı. İnandırım sizi, bu iki qocanı tanımasaydım, bir də kinoya getməzdim. Amma elə onlarla söhbət etmək və birlikdə kinoya baxmaq üçün imkan tapdıqca gedirdim kinoya. Artıq tanışlarımı da aparmağa başlamışdım. Onlar da öz tanışlarını gətirirdilər. Bu cür davam etdi. Artıq 1 ay sonra kinoteatrın zalında boş yer tapmaq müşkül məsələyə çevrilmişdi. Kinoya maraq yaradanlar isə, sözsüz Vidadi əmi və Aidə xala idi. Onlarla söhbət edən və onlara ilk dəfə heyran olan isə mən idim. Məhz bu heyranlığımın təsirindən tanışlarımı da dartıb gətirdim kinoya. İndi hər şey çox maraqlıdır. 1ci zalda kinoya baxmaq üçün hamı növbəyə durur ki, 3 gün sonrakı seansa bilet ala bilsinlər. Amma təəssüf, o biri zallar yenə boşdur. O biri kinoteatrlar da. Axı Vidadi əmi və Aidə xaladan və onların bir-birinə olan sevgisindən bir dənədir. 


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
3+24=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
aykabsu@yahoo.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye