Kişi kimi...
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:23 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                             Kişi kimi...

 

           İş otağımdaydım. Qapı döyüldü. İki oğlan uşağı, səkkiz, on yaşlarında olardı, içəri girib qapıağzındaca dayandılar. Üst-başları toz-torpağın içərisindəydi. Amma dilənçiyə də oxşamırdılar. Bir xeyli onlara baxdım. Gözlədim ki, onlar yanıma nəyə görə gəldiklərini yəqin açıb söyləyərlər.

          Onlar isə əllərini bellərinə qoyaraq, gözlərini mənim üzümə dikərək sakitcə dayanmışdılar. Bir xeyli beləcə maddım-maddım bir-birimizin üzünə baxdıq. Nəhayət, səbrim çatmadığından:

         - Uşaqlar, sizə nə lazımdır? – soruşdum.

         - İşləmək istəyirik! – dedilər.

         - Nə iş? – maraqlandım.

         - Gücümüz çatan nə iş olsa. Atamız rəhmətə gedib. Anamıza kömək etmək istəyirik, - deyə onlardan biri dilləndi..

         - Ananız iş axtardığınızı bilirmi?- soruşdum.

           - Hə, əlbəttə, özü dedi. Dedi ki, gedin axşama, heç olmasa çörək almağa pul qazanın. Boyca o birisindən balaca olan oğlan dilləndi.

             Uşaqların bu sözləri ürəyimi ağrıtdı. Əlimi cibimə saldım, pul çıxarıb onlara vermək istəyəndə, onlanlardan böyüyü:

          - Əmi, elə yox, biz işləyib pul qazanmaq istəyirik, əlimizin zəhmətiylə olsun - dedi.

Fikirləşdim, axı bunlara nə iş buyurum ki, ürəklərincə olsun. Ətrafıma baxdım, otağın küncündə bir neçə iş qovluğu düşüb qalmışdı.

           – Uşaqlar, o qovluqları, gətirin stolun üstünə qoyun! - dedim. Məqsədim, guya ki, onları işlətmək idi. Əslində, uşaqlar özləri də yaxşı bilirdilər ki, gördükləri iş iş deyildir.

           Amma onlar bir söz demədən həmin qovluqları gətirib stolun üstünə qoydular. Çıxarıb onlara pul uzatdım. - Alın! – dedim, - zəhmət haqqınızdır..

             Onlardan biri:

           - Əmi, bu pul çoxdur! – dedi.

           - Eybi yoxdur, elə də çox deyil, götürün! - dedim.

             Uşaqlardan böyüyü:

           - Əmi, onda heç yerdə deməyəcəksən ki, bizə yazığın gəldi.

           -Yox, deməyəcəyəm! - dedim.

             - Kişi kimi?.. – deyə əlini şəstlə mənə tərəf uzatdı.

             Mən də əlimi onun əlinə vurub:

             - Hə, kişi kimi!.. – dedim.

             -Elə isə, sağ olun, əmi! - dedi.

             - Siz də sağ olun!.. - dedim.

Onlar gedəndən sonra elə kövrəldim ki...

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+33=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0195 saniye