Kleptoman
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:03 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Yenə də oğurladım, amma “tapdım” olacaq. Onsuz da məndən şübhələnən yoxdur. Hər kəs tərəfindən “ağıllı” qız kimi tanınırdım. Dərslərimdə fəallıq nümayiş etdirirdim, qiymətlərim “əla” idi, hamı məndən kömək istəyirdi. Amma hamıda olan məndə yox idi. Çünki imkanımız yox idi. Mən də ata-anamdan bu sözləri eşitməkdən bezmişəm. Hər dəfə filan şeyi istəyəndə geri çevrilirdim, ağlayaraq ayaqlarımı döyürdüm, valideynlərimə səsimi qaldırırdım. Nifrətimi bildirməmək üçün qapını çırpıb qaranlıq otaqda ağlayırdım. Az müddət sonra ikisi də içəri daxil olaraq məndən üzrxahlıq edərcəsinə nəyisə başa salmağa çalışırdılar. Atam rəngsaz, anam dərzi idi. Qazancları güclə kirayəyə çatırdı. Mən isə onları anlamaq istəmirdim. Cinayətlərini heç vaxt bağışlamayacağam.

Oğurluq xəstəliyinə 5-ci sinifdə tutulmuşdum. Birisinin rəngli qələmini, birisinin gözəl dəftərini, birisinin üzüyünü, birisinin güzgüsünü, birisinin dodaq parıltısını...oğurlayırdım. Evdə onları qutuda gizlədirdim, qutudan isə heç kimin xəbəri yox idi. Hər gün çarpayımın altından çıxardıb heyran—heyran baxaraq bir az istifadə etdikdən sonra tez gizlədirdim. Çünki mənim sirrim idi, heç kim də öyrənməməli idi. Sonuncu dəfə “Bədən tərbiyəsi” dərsində bir qızın jaketini, başqa qızın isə bədii kitabını “qapmışdım.” Necə də xoşbəxt idim, az qala qanad açıb uçmaq istəyirdim. Hələ dünən birisində içi pulla dolu cüzdan görmüşəm. Gözqamaşdırıcı idi. Nəfəsimi tutub saxlamışdım. Az qala hər kəsin gözü önündə oğurluğumu edim. Amma o da mənim olacaq.

Təbii ki, “qeybə çəkilən”lər haqqında məktəbdə söhbətlər getməyə bilməzdi. Hər kəs bu barədə danışarkən, mövzunu müzakirə edərkən mən yenə də ənənəvi işimdə idi. Şübhə çəkmirdim. Bu isə məni olduqca məmnun edirdi. İclaslar keçirildi, narahatçılıqlar dilə gətirildi, amma “mən” tapılmadım. Eqosentrikliyimdən zövq alırdım. Kleptoman olmaq mənə motivasiya verirdi.

2-ci ilimi tamamlayacaqdım, amma yaxalandım. Dərsdən evə təzəcə qayıdaraq otağıma girmişdim ki, ayaqlarımı hiss edə bilmədim. Anam dizüstə döşəmədə əyləşərək qarşısındakı qutuya matdım-matdım baxırdı. Özümü itirməklə özümdən çıxmaq arasında qalmışdım. Anamın gözləri hər şeydən xəbər verirdi. Necə oldusa, anamın ağzını açmasına imkan vermədən qutunu qaldırıb divara çırpdımsa, “Mən tək uşağam, məni hərtərəfli təmin etməli idiniz” deyə bağırdım. Anam isə özünə gəlməyə çalışırdı. Sonra birdən utandım, özümdən utandım, etdiklərimdən utandım. Əllərimlə üzümü örtüb ağlamağa başladım.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0396 saniye