Köhnə pəncərə
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 15:41 28 may 2014 tarixində əlavə olunmuşdur

Köhnə pəncərə

Nəfəsdən dumanlı, yağışdan islaq,
Bayırdan üşüyən, içəridən yanan
şüşəsi çatlaq
köhnə pəncərə...
Yayda qızmar günəş,
Qışda buz sazaq
əymiş formasını,
Bu yandan göz yaşı, o yandan yağış
illərdir islatmış
cansız camını.
İçində nə qədər “ləkə” saxlayır ?!
Sabaha ümidsiz, dünənə küskün,
Bu günkü üsyankar
ahı, qarğışı,
göz yaşı hopmuş
tutqun şüşəsinə, çərçivəsinə...
Gedənin ardından yellənən əldən,
öpülən şüşədən
dodaq şəklində,
axan göz yaşından cığır izində
xatirə qalmış
köhnə pəncərədə...
Bəzən şən nəğmədən, xoş sədalardan,
Bəzən lənətdən, nifrətdən cingildəyərək,
Dəcəl uşaqların topuna dözüb,
Cılğın aşiqlərin kağız bükülü
boz daşlarını qoynuna düzüb,
Güllü pərdəsini üstünə çəkib,
İlləri keçirib
nələr görərək ?...
Küncdə unudulmuş bir kağız qutu,
Yanında şamdan,
Bir küncdə gil dibçək,
Bir də sahibənin qara xalı tək
xal salmış pasdan
dəmir haşiyəli yuvarlaq güzgü...
İllərdir sirdaşdır bir-birlərinə...
Hərdən bu sıraya bir gözü qəmli,
Bir gözü yuxulu qadın qoşulub
nə vaxtdır bəzəyir solğun fonunu...
Yenə də yerləşib köhnə yerinə –
pəncərə önünə...
Gözləri seyr edir yolların bitən,
Üfüqə birləşən uzaq sonunu...
Nəfəsdən dumanlı, yağışdan islaq,
şüşəsi çatlaq
köhnə pəncərə...
hələ çox şahidlik edər kədərə...

 


... dəfə oxunub
Qiymət: 5/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0278 saniye