Kölgə (Edqar Po)
Şəfiqə Şəfa tərəfindən "" bolməsinə 14:45 18 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Siz, oxucu, hələ sağsınız, amma mən – yazar çoxdan “kölgələr səltənəti”nə vasil olmuşam.

Bu il, illərdən ən dəhşətlisi idi: qorxudan daha güclü olan hisslərlə doluydu; bunun insan dilində adı belə yoxdur. Yerdə olduğu kimi, göydə də çox möcüzələr və əlamətlər baş verirdi: taunun qara qanadları bütün dünyanı ağuşuna almışdı. Münəccimlər bildirirdilər ki, ulduzlar aləmində Yer üzünün fəlakətini görürlər. Bu ulduzlar aləmi dünyanın təkcə cismani həyatına deyil, onun insanlarının ruhuna, qəlbinə də siraət edə bilir.

Bir gecə, Ptolomey adlı qaranlıq bir şəhərdə biz – yeddi nəfər sarayda, bir neçə qırmızı şərab şüşəsi olan masa ətrafında oturmuşduq. Bizim otağa yalnız bir böyük çuqun qapı açılırdı. İçəridən bağlanan qapı Korinosda1 hazırlanmışdı və xalis sənət əsəriydi. Bizi ayın işığından, sayrışan qorxunc ulduzlardan, boş küçələrin vahiməsindən qoruyan qara pərdələr otağa daha kədərli görkəm verirdi. Amma özümüzü nə qədər kənarlaşdırsaq da dəhşətli mərəzin düşüncələrindən azad ola bilmirdik. Ətrafımızda, qarşımızda sayını dəqiq bilmədiyim  maddi və mənəvi cisimlər var idi: havada nəsə bir ağırlıq, insanın boğulma hissi, qorxu, əsəbi korlanmış insanların əzablı həyatı... Adətən, həssaslıq artanda əqli bacarıq kütləşir və mürgü döyür. Bizi də ölümcül ağırlıq sıxırdı. Bu ağırlıq bizim bütün əzalarımıza, otağın avadanlığına, şərab içdiyimiz qədəhlərə yayılmışdı; sanki hər şey dərin hüznlə əhatələnmiş, çökmüşdü. Bircə bizim ziyafətimizi işıqlandıran yeddi lampanın işığı istisna idi; işıq sanki hərəkətsiz dilini irəli uzatmışdı; ətrafında oturduğumuz qara ağacdan olan dəyirmi masanı elə parlaq işıqlandırmışdı ki, sanasan, güzgü idi və biz hamımız orada solğun üzümüzü, donuq gözlərimizin narahat parıltısının əksini görə bilirdik.

Bütün bunlara baxmayaraq, biz hər şeyi unutmaq üçün özünəməxsus şəkildə əylənirdik: əsəbi halda qəhqəhə çəkir, Anakreonun mahnısını oxuyurduq; qırmızı şərabın bizə qanı xatırlatmasına baxmayaraq, içkiyə ara vermirdik.

Əslində, otaqda səkkizinci adam da var idi: bu, gənc Zoil idi – otağın ortasında onun meyiti uzadılmışdı. Heyhat! O, bizim qonaqlığımızda iştirak edə bilmirdi, bununla belə taunun tanınmaz hala saldığı üzü, baxışlarından hələ də sönməmiş xəstəlik qorxusunun hopduğu gözləri, az da olsa, ölümün kandarında olan adamların kef məclisinə qatıla bilirdi. Baxmayaraq ki, mən, yəni Oinos mərhumun gözlərinin düz mənə zilləndiyini hiss edirdim, yenə də cidd-cəhdlə bu baxışlardakı kədərdən uzaqlaşmaq, onlara əhəmiyyət verməmək üçün təkidlə üzümü masaya çevirib gur səslə mahnı oxumağa davam edirdim. Amma tədricən mahnımın səsi azalmağa başladı, qara pərdələrə dəyən əks-sədası zəiflədi, nəhayət, tamamilə susdum. Birdən mahnı sədalarının donduğu bu pərdələrin arasında kölgə peyda oldu: tutqun, qeyri-müəyyən, ay işığında yerə düşən insan kölgəsi kimi... Yox, bu, insan kölgəsi deyildi, hər halda Tanrının da kölgəsi ola bilməzdi, heç nəyə bənzəmirdi. Pərdələrin arasında titrəyərək dayandı: çuqun qapının səthində dik və aydın görünürdü. Kölgə formasız idi; o, iri qapının üzərində tərpənməz halda dayanmışdı, heç cınqırı da çıxmırdı. Qapı mərhum Zoilin ayaqlarına tərəf idi, kölgə də meyitə şaquli istiqamətdə dayanmışdı. Biz, yeddimiz də pərdələrin arasından düşən bu kölgəni görən kimi, başımızı aşağı salıb stolun üstündəki əksimizə dikildik, gözümüzü qaldırıb kölgəyə baxmağa cürətimiz çatmadı.

Nəhayət, mən cəsarətə gəlib, pıçıltıyla kölgədən haradan gəldiyini, kim olduğunu soruşdum.

– Mən ölüm kölgəsiyəm, Ptolomey şəhərinin katakombalarına3 yaxın yerdə, natəmiz Xaron4 çayını əhatələmiş qaranlıq dərələrdə yaşayıram!  

Biz hamımız dəhşət və qorxudan yerimizdən sıçradıq və karıxmış halda titrəyə-titrəyə bir kənarda dayandıq. Kölgənin səsi bir adamın səsi deyildi; bu, izdihamın səsi idi: qulağımıza çatan bu səs bizə vəfat etmiş minlərlə dostlarımızı, yaxınlarımızı xatırlatdı! 

  

 

1 Korinos – Yunanıstanın şimalında yerləşən şəhər; I Balkan müharibəsindən sonra (1812–1813) şəhər Osmanlı İmperiyasından Yunanıstana keçıb, əvvəllər isə Makedoniyaya aid olub.  

2 Anakreon (e.ə 570-485) – Antik yunan şairi və bəstəkarı; əsasən saraylarda yaşayaraq hökmdarları mədh edib.

3Katakomba (yunan. zirzəmi sığınacağı) – Məbədlərin altında salınmış sığınacaq. Əvvəllər onu yeraltı qəbiristanlıq da adlandırırdılar. Hazırda yeraltı tarixi qalereya kimi ziyarətçilərə açıq olur.

4 Xaron çayı – Yunan əsatirlərinə görə, ölüləri yeraltı dünyanın tanrısı Aidin yanına aparmaq üçün daşıyıcı vəzifəsini icra edən ruh – Xaron (başqa sözlə, Əzrayıl). Ölüləri daşıdığı yeraltı çaya natəmiz Xaron çayı deyilirmiş. 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.027 saniye