2014-cü ilin yay ayları idi. Havalar çox isti keçirdi. Bilirəm, yay isti olmalıdır, amma bu dəfə istidən daş da buxarlanırdı. Günəş elə bil yer üzünə qəzəblənmişdi. Göydən yerə od yağdırırdı. Artıq dənizlər, çaylar, göllər buxarlanıb qurumuşdu. İnsanlar, heyvanlar, quşlar, bitkilər, bir sözlə bütün canlılar istidən əziyyət çəkirdi. Məhv olma təhlükəsi getdikcə artırdı. Kölgə havanın həddən artıq isti olduğunu görüb Günəşin yanına getdi. Günəşin insanlara hirslənməsinin səbəbini soruşdu. Günəş cavab verdi ki, insanların istini yox, kölgəni sevməsindən xoşlanmır. Ona görə də hər tərəfi belə külə döndərib. Amma Günəş bilmirdi ki, yer üzünün ona ehtiyacı çoxdur. O,olmasa yer üzündə hər şey məhv olardı, həyat silinərdi. Kölgə bütün bunları Günəşə desə də, o, bunlara inanmırdı. İşi belə görüb Kölgə dostlarını çağırdı. Onlar birləşib nəhəng kölgə yaradaraq Günəşin qabağını kəsdilər. Az da olsa Yer kürəsi sərinlədi. Kölgə Buludu çağırdı ki, o yer üzünə yağış yağdırsın. Bulud dostlarını topladı və onlar bütün Yer üzünə o qədər yağış yağdırdılar ki, dənizlər, çaylar, göllər sudan içib özlərinə gəldilər. Meşələr yaşıllaşdı. Lakin kölgəli günlər uzandıqca hər tərəfi mamır basmağa başladı. Kölgə çox uzun qaldığından insanlar həddən artıq üşüdülər. İnsanlar Günəşin yer üzünü isitməsini istədilər. Kölgə Günəşə dedi ki, “Bax, sən olmayanda Kölgə də heç bir işə yaramır. Bu dəfə də hər tərəfi mamır basır. Hər şeyin öz yeri, öz vaxtı var. Hava çox isti olduğu üçün insanlar yayda Kölgəni, çox soyuq olanda isə Günəşi arzulayırlar. İsti olmasa heç bir bitki yetişməz. Meşələr, tarlalar olmaz, insanlar qidalana bilməz və həyat məhv olar. Günəş hər şeyi başa düşdü. Yenidən sevinə-sevinə öz şüalarını saçmağa başladı və başa düşdü ki, kölgə onun düşməni yox, yaxın dostudur.