“KOMMUNİZM VƏHŞƏTİ” QANA SUSAMIŞ “FƏHLƏ”?!
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 12:38 29 aprel 2018 tarixində əlavə olunmuşdur

“KOMMUNİZM VƏHŞƏTİ”

QANA SUSAMIŞ “FƏHLƏ”?!

 

(milli oçerk xarakterli sərbəst vəznli şeir) 

Onun adı ilə

Başladı hər şey,

Guya qurulacaqdı

Fəhlə hökuməti –

- Yalan!

Əlindən, əməyindən,

Dilindən, çörəyindən

İstifadə etdilər.

Tiranlığı qurdular,

Onu basıb keçdilər.

Cəmi bir neçə ayda

Öncə müstəqilliyin,

Sonra da bayrağını

Aldılar ondan.

Yazıq nə deyə bilərdi?!

İstədiyi çörəydi,

Bir azca yaxşı yaşamaq.

Amma olmadı qismət

Rahatca nəfəs almaq...

 

Hər işə qarışdılar,

Qarışqatək daraşdılar

Xalqın olan hər şeyə,

Lap hədlərin aşdılar,

Var-dövlət yetmədi,

Ac gözləri doymadı,

Taladılar hər şeyi,

Kimsədə bir cüt qoyun,

Toyuq-cücə qalmadı.

Əsas tutaraq “adın”

Taladılar xalqın varın-yoxun.

Guya hər şey onundu,

Onunçün edilirdi,.

Amma gerçək budur ki,

Moskvaya gedirdi

Oğurlanan hər qızıl,

Hər gümüşün qramı –

- İşi görən görürdü.

Yaşanırdı fəhlənin

Fonunda

Böyük bir xalqın dramı...

 

İdarə etmək üçün

Həm kiçiyi, böyüyü,

Həm kasıbı, varlını,

Narkoman, nəyşəxoru,

Fahişəni və “voru”,

Həbsxana sistemin

Mülküyə daşıdılar:

“Dedovşina”, oğurluq,

Korrupsiya – hər bi şey

Onlar üçün qanundu.

“Xalqların azadlığı”

Bəhanəsiylə

Yaratdılar ən böyük

Xalqlar həbxanasın.

Buna necə dözsün ürək,

Deyin,

Yoxsa dayansın?!...

 

Hələ bunlar nədir ki,

Adımızı da dəyişib

Bizi yad eylədilər

Doğma olan hər şeyə.

Bu vaxtacan qanı bir,

Canı bir olanları

Ayırdılar,

Bir dinə inananları.

Millət və din bizimçün

Ölüm bəhanəsiydi...

 

Ayağa qalxmayaq deyə,

Anlamayaq deyə,

Bu çirkin oyunu,

Bir-bir həbs etdilər,

Güllələyib keçdilər

Zirehli maşınlarla

Ziyalının üstündən.

Biri “vətən xaini”,

Biri “millət düşməni” –

- Bəhanəsi çoxuydu

Bizə qarşı olanın...

 

70 ilin içində

Nələr itirmədik ki:

İrəvan, Zəngəzurun

Bütün hissəsi getdi,

Qazaxın bir parçası,

Dərələyəz bölgəsi

Verildi erməniyə.

Soruşan lazımdı ki,

Niyə, axı niyə?!

Borçalı, Sığınax

Və s. torpaqları

Niyə verdik gürcüyə?!

Yeni sistem – kommunizm

Kor-koranə işğaldı,

Niyə anlamadıq ki,

Yoxsa

Qanımız halaldı

“Rus” adlı quduz köpəyə?!

Xaltasını kim tutur,

Kim idarə edirdi

Bu boyda “qan dövlətin”?!

Sorular çoxdur, dədə...

 

Hər yeni katib köhnəni

Andırırdı.

Kolxozlar, kommunalar

Fəhləni “qandırırdı”:

Elə bir gün gələcək ki,

Bütün dünya neməti

Bərabər bölüşüləcək

İnsanlar arasında,

Heç bir fərq olmayacaq.

Amma,

Bəli, bu işdə bir “əmma” var!

O zaman nədən

Neftin, qazın hamısı

Rusa peşkəş çəkildi?!

Niyə “zəngin” ölkədə

Çörək növbəsi vardı?!

Çox “böyük” maaş idi

O “150 manatlar”,

Onun bəhanəsinə

“Partkoma” çalışırdı

Tələbələr, qadınlar.

Deyən lazım, azadlıq

Bu idimi görəsən?!...

 

Fəhlənin adın tutub

Taladılar milləti,

Hər kəs pampıq yığmaqda,

Hanı bu xalqın qeyrəti?!

Yoxsa rusa “donbalmaq”

Ləzzət eləyir ona?!

 

Yox!

Bu qədər qeyrətsizlik olmaz!

Ta 1920-dən bu yana

Canını fəda edən

Minlərlə Türk igidi:

Generalı, əsgəri

Savaşdı dayanmadan.

Hətta nəslin sildilər,

Amma onlar dönmədi

Fikrindən, niyyətindən.

Çünki and içmişdilər

Bu torpağa, vətənə,

Süngülərin soxdular

Kommunistlərin “bir yerinə”.

Neçə bəy və zadəgan

Qoşuldu haqq savaşına,

Əli silah tutan kəndli,

Sənətkar, əsgər ilə birlikdə.

Gəncə ayağa qalxdı,

Qarabağ üsyan etdi,

Zaqatala titrədi,

Şəki “azadlıq!” dedi.

Lənkəran, Şamaxıda,

Göyçayda və Xızıda

Dirəniş, savaş oldu,

Neçə kommunist köpək

Gecə-gündüz vuruldu.

İl ili səslədi və

“Məhkəmələr” quruldu:

Ard-arda represiya,

“Kulak” və s. bəlalar

Bu xalqa düçar oldu,

Ancaq savaş bitmədi

Və nəhayət,

“Fəhlə” höküməti

Yerlə-yeksan edildi

70 ilin sonunda...

 

Neçə-neçə oğullar

Can qoydu

Vətən uğrunda:

Pişnamazzadə-

- O, böyük vətən oğlu –

- Dini təriqətsiz, məhzəbsiz

Qəbul edən əsl dindar.

Əli bəy Ziziski –

- Düşmənə qan udduran

Quba əsilzadəsi.

Ləyaqət, əyilməzlik

Simvoludur bizimçün

Kərbəlai İsmayıl.

Bir də Bəhlul Behcət-

- Zəngəzur qazisi,

Divan tutmuş düşmənə-

- O murdar erməniyə.

Gəncə üsyana qalxdı

O rəhbərin adıyla –

- Millətinin öz oğluydu

Cahangir Kazımbəyli.

General Cavad bəy Şıxlınski,

Məhəmməd Mirzə Qacar,

Xoylu Hüseynqulu,

Əmiraslan Xan kimi

Daha neçə igidlər –

- Əmir Kazım Mirzə Qacar,

Qardaş Türkiyəmizin

Cəsur hərb rəhbəri

Bizim üçün gəlmişdi –

- Səməd bəy Rəfibəyli.

Əşrəf bəy Qarxunlu,

Bəhram bəy Nəbibəyli,

Emin Ağa Acalov,

Möhübəli Əfəndi Kuzunvi

Və s. igidlər

Bu torpağı sevdilər,

Vətən üçün, xalq üçün

Canlarını verdilər,

Adları çəkilməyən

Yüzlərlə kəslər...

 

Çox dərinə getmədən

Qısacası deyim ki,

Bir az təhlil eyləsək,

Tarixə səfər etsək,

Hər şey aşkar olunar:

O vaxt çox qan içibdir

Adı “fəhlə” olanlar,

Əziyyətin çəkibdir

Özü fəhlə olanlar.

İndi sən de, əzizim,

Dəyərli oxucum mənim,

İllərlə təriflənən,

“Yerə-göyə sığmayan”

Sovetmiydi fəhlənin, kasıbın dadı?!

Yoxsa xalqın imdadı

Musavat igidləri,

Ruhu peyğəmbəranə

Olan böyük öndəri –

- Bütün soyunu qurban

Verdi bu xalq, vətənçün,

Gör, necə dəhşətdir ki,

Qürbətdə verdi o can...

 

(ardı var...)

 

ELŞƏN İSMAYIL

Gənc ədib və kino insanı

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.037 saniye