Şortik geyinirsiz?
Bu sual həm oğlanlara, həm də qızlara ünvanlanıb…
Mən geyinmirəm. Daha doğrusu geyinə bilmirəm. Kompleksim var. Çox təəssüf…
Amma geyinmək istərdim. Hər halda kim istəməz ki, istidə daha rahat, daha sərin bir geyim geyinsin?!
1-2 gün bundan əvvəl paltar satılan dükana girmişdim. Qəşəng şortiklər var idi. Baxdım, baxdım… və Baxdım… Almadım. Ala bilmədim. Özümü bir anlıq həmin şortikin içində təsəvvür elədim və fikirləşdim ki, mənə yaraşmaz. Amma yaraşıq vacibdir mi? Rahat olmaq kifayət etmirmi? Məncə, edir. Kompleksi olmayan insanlar da yaraşıq və dəbi yox, məhz rahatlığı düşünürlər. Ona görə də kostyumla idman ayaqqabısı geyinib velosipedlə işə gedirlər… Mən isə Beşinci sinifdən sonra şortik geyinə bilmirəm…
Bir avropalı tanışım var idi. 1-2 ay bundan əvvəl Bakıda görüşmüşdük. Mənə Bakıda qarşılaşdığı qeyri-adiliklərdən danışdı: “Sizdə çox az oğlan saçını uzadır; Sizdə polislər hər addım başı insanların rahatlığına mane olur” və s. Soruşdum: “Hansı rahatlıq, məsələn?”. Cavab verdi: “Keçən gün bulvarda gəzəndə bir qız və bir oğlanı gördüm. Sevgili idilər. Öpüşürdülər. Polis gəldi birdən və onlara mane oldu. Nələrsə dedi. Onlar da çıxıb getdilər”. Güldüm və soruşdum: “Siz tərəflərdə belə deyil?”. Dedi ki, yox. Bizdə sərbəstlikdi. Küçədə nə istiyirsən, elə.
Sonra söhbəti dəyişdim. Məncə, polis düz eliyib. Bu cür hərəkətlər yaraşmaz bizə. Hər halda etdiyimiz hərəkətlərə harda etdiyimizdən asılı olaraq sərhədlər qoymalıyıq. Bura Avropa deyil! Bunu avropalı tanışıma başa salmaqda çətinlik çəkəcəyimi bilirdim. Ona görə də daha çox Bakının tarixi abidələri haqqında danışmağa başladıq.