Könlümü...
Füzuli aşiqinin sən şair simasısan,
Bəlkə sən anlayasan içi viran könlümü.
Qəm oylağı qəlbimin yaraları qan ağlar,
Bir təsəlli edəsən, çeşmi-giryan könlümü.
Mən qaçdıqca kədərdən o, məni qovdu heyhat!
Yazan belə yazıbdır, edibdir qan könlümü.
Nə qədər qüssə eylər bir yumruq boyda ürək?
Bürüyübdür fələyə qarşı üsyan könlümü.
Qapandım tənhalığa əldə qələm, gözdə yaş,
Gəl aşikar eyləyək sirri pünhan könlümü.
Atəşi od salıbdır cana, tabım qalmayıb
Gəlib bir söndürəsən içi yanan könlümü...
Al sevgi ağuşuna, qəzəlinlə sar məni!
Qıyma, tənha odlana sən bu cavan könlümü.
Sən bir eşq dəryasısan, aşiqlərin nehrindən
Gəl, sənlə qovuşduraq, eşqi ümman könlümü!
Şair, əlacım sənsən, həmdəm deyirəm sənə,
Bəlkə qəbul edəsən, sənə mehman könlümü?
Cisimdən fayda yoxdur, təkcə ruhun bəs eylər,
Səni deyib gəlmişəm, etmə peşman könlümü.
Şəfadır qəzəllərin bu xəstə ürəyimə,
Bəlkə sağalda ancaq dahi loğman, könlümü!