Könüllər sultanı
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 17:57 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bır gün bir nəfər Həzrəti-Əlidən utana-utana soruşur: «Ey Allah Rəsu­lunun Xəlifəsi! Nə üçün belə köhnə və yamağı olan əba ilə gəzirsən?» -«Qəlbi dünyanın bəzək-düzəyindən təmizlənmiş adamlar möminlərə nümunə olur» — deyə Həzrəti-Əli cavab verir.

Möminlərin ağası Həzrəti Əli üstünə gəlməkdə olan bir heyvanı görərkən kənara çəkilərək yol verdikdə, yanındakılar — niyə belə etdin?- deyə soruşurlar. O, düşünmədən belə cavab verir: «Onun buynuzları, mənim isə ağlım vardır.»

Bir gün Həzrəti-Əli Əleyhissəlam, mübarək yumruğunu sinəsinə vuraraq belə demişdir: «Bu köksümdə bir çox gizli elmlər vardır. Ah! Kaş ki, bu elmlərlə yüklənib, onları apara biləcək ər-övladlar tapa biləydim.» Və əlavə etmişdir: «Əgər istəsəm, cəmi yeddi ayədən ibarət olan Fatihə surəsinin təfsiri ilə 70 dəvəni yükləyərəm.»

Bir gün Həzrət-Əli Əleyhissəlamdan soruşurlar: «Rəbbini gördünmü?!'' — cavab verir: «Görmədiyim Allaha ibadət etmərəm!» Bu dəfə: «Qnu necə gördün?» — deyə soruşanda Həzrəti-Əli Əleyhissəlam cavab verir: «Gözlər onu görə bilməz. Ancaq qəblər iman haqqı ilə Onu görə bilərlər!''

Elm və hikmət sahibi olan Həzrəti-Əli həm də sadəliyin mücəssəməsi idi. Bir gün Kufə bazarından aldıqlarını evinə apararkən birisi yaxınlaşaraq: «Ey möminlərin Əmiri, əlinizdəkiləri mənə verin aparım evinizə. Beləliklə, Əhli-Beytə xidmət etmiş olaram. — Ailə başçısı bunları daşımağa hər kəsdən daha layiqdir!» — deyə Həzrəti-Əli razı olmadı. Adam yenə israr etdi: «Ya Əmirəlmöminin! Siz Allah Rəsulunun Xəlifəsisiniz. Bunu Sizə və mövqeyinizə yaraşdırmadığımdan bazarlığınızı daşımaq istədim. » — «Kim olursa olsun, öz ailəsinə aid əşyanı daşımaq kişiyə nöqsan gətirməz!»

Könüllər sultanı olan Həzrəti-Əli bir dəfə belə demişdir: «Geyimim sadə, şüarım Allah qorxusu, məskənim məscid, azuqəm aclıq, miniyim ayaqlarım, qəndilim — Ay, oturub-durduqlarım - elm sahibləri, dünya malından heç bir şeyə malik olmadan günlərim keçir və mən bunlardan xoşnud oluram. Bu günüm sabaha qalsın deyənlərdən də deyiləm. Əvvəl-axır əcəl şərbətini içəcək adam üçün bunlar da çoxdur.» Bu sözlərdən sonra Peyğəmbərimiz: «Ey Əli! Allah qullarından heç kəsi səni sevdiyi qədər sevməyir. Bu sevgi Allah məqbul olan nəfsinə hakim olmadığından irəli gəlir. Bu nəfsə hakimlik səndə varkən nə sən dünyadan, nə də dünya səndən bir şey ala bilməyəcək! Nəfsinə hakim olduğundan, Əli hökm verməkdə hamınızdan üstündür.»

Səhabələrdən Əhməd İbn-Qeys xatırlayır: «Bir gün Həzrəti-Əlinin evinə getmişdim. Tək oturub iftar açmışdı. Süfrəsində bir parça arpa çörəyindən başqa heç bir şey yox idi. Heyrət etdiyimi görüb buyurdular: Dövlət hakimlərinə yoxsulların qidaları ilə qidalanmaq vacibdir ki, kasıblar şikayət etməsin, varlılar isə öz var-dövlətləri ilə qürrələnməsinlər! Ertəsi gün Əmirəlmöminat üçün bir tabaq dolusu yemək apardım. Həzrəti-Əli nur çöhrəsindəki məmnuniyyət təbəssümləri ilə: «Bu Allah ruzisinin rəngi də gözəldir, ətri də gözəldir. Yəqin ki, dadı da gözəl olmalıdır. Ancaq çox təəssüf ki, nəinki yeməyəcəm, heç dadmayacağam da. Sonra nəfsim alışar, həmişə istəmiş olaram!» — deyə buyurdu. Təsəvvür edirsiniz? Bir dövlət rəisi ona halal buyurulmuşlardan imtina edərək, xalqın yoxsullarını düşünərək nəfsini hər cür nemətlərdən məhrum edir.

Uhud savaşında Həzrəti-Əlinin kürəyində, ürək nahiyəsində kafirin zəhərli oxu qalmışdı. Təbiblər Həzrəti-Əliyə israr etdilər: «Ya Əli! Oxu kürəyindən mütləq çıxarmalıyıq! Ağrısına dözə biləcəksənmi? — Bu işi mən namaz qıldığım zaman etməlisiniz, ancaq namazda ikən dözə bilərəm. Həzrəti-Əli min vəcd ilə namaz qılırdı: Allahu Əkbər! Allahu Əkbər!» Ox parçası çıxarıldı və yara bağlandı. Həzrət-Əli salam verib namazı qurtardıqdan sonra yanındakı loğmanlara: «Nə oldu, oxu çıxarmadınızmı?» Namaz vəcdi içində o heç bir ağrı duymamış, heç nəyin fərqində olmamışdır. Təbiblərin gözləri heyrətdən açılı qalmışdır: «Ya Əli! Heç ağrı duymadınızmı? — Qəfəsdəki quş uçub gedəndən sonra, həmin qəfəsi sındırıb parçalasanız, quşun bundan xəbəri olarmı ?»- deyə Həzrət-Əli cavab verir.

Xeybər savaşında Həzrəti-Əli div kimi bir kafiri yerə sərdi və köksünün üstündə oturdu. Qılıncını qaldırıb başını gövdəsindən ayırdığı məqamda, əlini-qolunu tərpədə bilmədiyindən quduran kafir Həzrətin nur üzünə tüpürdü. O zaman Həzrəti-Əli dərhal qılıncını yerə endirdi və hayqırdı: «Ey kafir! Mən səni Allah üçün öldürəcəkdim! Sən murdarçılıq edib nəfsimi incitdin. İndi bu halda mən səni öldürsəm, öz nəfsim üçün öldürmüş olaram! Qalx ayağa! Rədd ol burdan!» Bu mənzərə qarşısında kafir heyrət və dəhşət içində qalmışdır. O, Həzrəti-Əlinin qarşısında diz çökərək Əmirəlmöminə biət gətirdi. İslamı qəbul edib müsəlman oldu.

Xəndək savaşında bütün Ərəbistanda öz qəhrəmanlığı və şücaəti ilə məşhur olan pəhləvan Əmr İbn Əbdül öz atına minib xəndəyə yaxınlaşdı, uca səslə təkbətək döyüşə çıxmağa pəhləvan çağırdı. O, cavab gəlmədiyini görüb özünü tərifləyir, müsəlmanları xəndəkdə gizlənən qorxaqlar adlandırıb yamsılayır, istehza və təhqiredici atmacalar söyləyirdi. Əmr o qədər məşhur pəhləvan idi ki, onunla çarpışmağa hər müsəlman ürək etmirdi. Bu zaman Peyğəmbərin əmisi oğlu Əli İbn Əbutalib peyğəmbərə yaxınlaşaraq onun xeyir-duasını aldı. O, xəndək kənarına gələrək Əmrə müsəlmanlığı qəbul etmək təklifini verdi. Əmr bu təklifi rədd etdi. Əli birinci zərbəni vurmaq üçün növbəni Əmrə verdi. Əmr öz qılıncını qaldırıb elə bir qəzəbli qüvvə ilə Əliyə endirdi ki, onun qalxanı iki hissəyə bölündü. Gücünü itirmiş qılınc Əlinin başında dayandı. İndi növbə Əlinin idi. Qeyzə gəlmiş Əli qılıncını yuxarı qaldırıb Əmrin başına yox, onun sol qıçına endirib yerindən üzdü. Bu gözlənilməz ağır zərbədən Əmr yerə yıxıldı.Əmr məğlub olduqdan sonra qüreyşilər Hz. Əli ilə təkbətək döyüş üçün daha üç pəhləvan göndərdilər. Lakin bunları da Hz.Əli bir-bir məğlub etdi.

Həzrəti Əlidən nə səbəbə görə məzarlığa tez-tez getdiyini soruşduqda: «İki səbəbi vardır» — demişdir. «Anlatdıqlarıma etiraz etmirlər və qiybətimi qırmırlar.»

Həzrəti-Əli namaz qılarkən İbn-Mülcəm adlı birisi zəhərli və iti qılıncı ilə onu başından ölümcül yaralayır. Ağır yaralanmasına baxmayaraq, namazını qılıb qurtarmış Həzrəti-Əli oğlanları İmam Həsənə və Hüseynə, naiblərinə üz tutaraq söyləyir: «Onu həbs edin, yemək və içmək verin! İncitməyin! Ey Əbdül-Mütəllib oğulları! Əgər mən ölərəmsə, siz də onu öldürün, ancaq mən öləndən sonra. Möminlər Əmiri öldürüldü — deyə, onun ailəsindən və mənsub olduğu qəbilədən bir adamın belə burnu qanamamalıdır.»

Əli əleyhissəlamın öz vəsiyyətinə əsasən onun övladları Həsən və Hüseyn onun pak bədənini ərəblərin Nəcəf dedikləri hündür bir yerdə dəfn etdilər və başqa heç bir kəs həzrətin dəfn olduğu yeri bilmədi. Buna görə də Əmirəlmöminin dəfn edildiyi yer təxminən 150 il gözlərdən örtülü və gizli qalmaqda idi. Təkcə imamlar və onların xüsusi şagirdlərindən bir qrupu dəfn yerini bilirdilər.

Bir gün şiələrə qarşı amansızlığı ilə fərqlənən və İmam Musa Kazım əleyhissalamı neçə il Bağdad dustaqxanasında saxladıqdan sonra zəhərləyərək şəhid edən Harun-ər Rəşid Kufənin ətrafındakı geniş çöldə ceyran ovlamağa getmişdi. Onun fərmanı ilə ceyranları hər yandan hürküdərək xəlifənin oxlarının tuşuna qovurdular. Birdən xəlifənin gözü bir sürü ceyrana sataşdı. Onları izlədi, onun ovçuları da ceyranların qarşısını alsınlar deyə itləri və şahinləri buraxdılar. Ceyranlar sürətlə bir təpəyə dırmaşıb orada yatdılar, dincəldilər. Ovçular və Harun-ər Rəşid gördü ki, itlər və şahinlər hündürlüyə çatarkən hərəsi bir yana tullanırlar. Bu vəziyyət üç dəfə təkrar olundu. Ovçular təəccübləndilər, Harun da heyran qaldı. Harun əmr verdi ki, orada onun üçün bir çadır qursunlar və Kufəyə gedib bu yerin vəziyyətindən xəbərdar olan yaşlı bir kişi gətirsinlər. Bəni-Əsəd qəbiləsindən bir qoca kişi tapıb Harunun hüzuruna gətirdilər. Harun qocadan soruşdu: — Bu yer haqda bir şey bilirsənmi və ya keçmiş adamlardan bir zad eşitmisənmi? Qoca dedi: — Əgər xəlifə bu yerin və mənim amanda qalmağıma təminat verirsə, bildiklərimi söyləyərəm. Harun dedi: — Allah (c.c.) şahid olsun, mənim tərəfimdən sənə və bu məkana heç bir zərər çatmayacaqdır. — Atam mənə nəql etmişdir ki, atasının yaşadığı zaman şiələrin əqidəsincə bu hündür yer Əmirəlmöminin Əli(ə.) həzrətlərinin dəfn edildiyi məkandır. Allah buranı əmin-amanlıq sahəsi etmiş və buraya sığınanlar amanda qalacaqlar — deyə qoca bildirdi. Harun dərhal atdan düşdü. Su istədi, dəstəmaz alıb həmin yerdə namaz qıldı, sonra yerə yıxılıb üç gün orada ağladı, zarıldadı. Harun əmr elədi, o pak türbənin üzərində bir günbəz tikdilər və Kufəyə gələrkən hər dəfə Əli(ə.) həzrətlərinin məzarının ziyarətinə gedirdi. Bununla da, Əmirəlmöminin məzarı İmamın düşmənlərinin əlilə tapıldı və hamının ziyarətgahına çevrildi.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0208 saniye