Kredit Kartı
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 12:34 12 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Mürsəlova Tamillaya

2001. Onlar Münhenə ya Berlinə uçurdular. Onlar on iki nəfərlik heyətdən ibarət idilər. Şagirdlərin sayı 10 nəfər, müəllimlər isə 2 nəfər idi. İki müəllimə və on nəfər yeniyetmə şagird Almaniyaya linqvistik seminarda iştirak etmək üçün yola düşmüşdülər. Onların bu səfərini maliyyələşdirən ölkənin ilk özəl orta məktəbi idi. Elə onlar da bu məktəbin şagirdləri və müəllimləri idilər. Almaniyadakı linqvistik seminarda iştirak etmək və şagirdlərin bu cür dil öyrənilməsini stimullaşdırmaq üçün orta məktəb öz fondundan pul ayırırdı. Əlbəttə, ölkədə hər bir orta məktəb bu cür elmi-praktik səfərləri maliyyələşdirən fonda malik deyildi. Orta məktəblərdə fondun yalnız adı vardı. Fond pulu adı ilə nə qədər pullar oğurlanırdı. Amma bu tamam başqa mövzunun söhbətidir.
Beynəlxalq səviyyəli bu seminarda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən gənclər gəlirdilər. Seminar iki həftə davam edəcəkdi. Müəllimlərimiz ayrı oteldə, uşaqlarımız isə “ Die Jugendoste” hotelində yerləşdilər. Şagirdlərə nəzarət edən və cavabdeh gözəl müəllimələr, yad alman şəhərində olmaqdan məmnunluq və fərəh hissi duyan şagirdlərlə seminara qədər şəhərə gəzməyə çıxdılar.
Şəhərin küçələrində gəzdikcə onlar özlərini nağıllar aləmində hiss edirdilər. Şəhəri çox gəzdikdən sonra şagirdlər qarşılarına çıxan paltar mağazalarından birinə girib, şopinqlə məşğul olmağa başladılar. Mağaza dünya markalarıyla dolu idi. Müəllimlər, sadəcə maraqla baxırdılar, qızlar həyəcan və sevinclə paltarları qucaqlayır, geyinir, dəyişir və onlara yaraşanları alırdılar, oğlanlar isə sadəcə, xoşuna gəldiklərini alırdılar. Elə bu vaxt, hamının başı alış-verişə qarışdığı zaman aldıqlarının pulunu ödəmək üçün şagirdlərdən biri kassirə qızılı rəngdə olan kredit kartı uzatdı. Gənc kassir qız kreditə baxıb heyrətləndi, gözlərinə inana bilmədi. Onu təəccübləndirən bu yaşda oğlanın bu cür bahalı kredit kartına sahib olması idi. 9-cu sinif şagirdi olan bu oğlan aldıqlarının hamısını bu kartla ödəmək istəyirdi, onun nağd pula ehtiyacı yox idi. Kassir qız kartı pos-terminalda yoxlayıb ekrandakı rəqəmə, sonra isə oğlana baxdı. Qız oğlandan bir dəqiqə gözləməyi xahiş edib harasa telefonla zəng elədi. Uzunsov ağ sifətli, hündürboy arıq bir adam gəldi. Çox güman ki, o, mağazanın administratoru idi. O, kassanın arxasına keçdi və qızın pıçıltıyla dediklərinə qulaq asmağa başladı. Məsələni aydınlaşdırmaq üçün düşünməyə başladı. Bir karta baxdı, bir də oğlana. Kredit kartını qaytarmamaq üçün özündə saxladı və düşündü ki, oğlan oğrudur. Onların düşüncəsinə görə, bu yaşda oğlanda bu cür kredit kartı ( kredit kartında nə qədər məbləğdə pul olduğu bizə məlum olmadı, amma müəllif təxəyyülünü işə salıb deyir ki, kredit kartında minimum bir neçə yüz min dollar olardı ) ola bilməzdi. Heç bir alman öz uşağına bu cür kredit kartı bağışlamır. Valideyn sadəcə, övladına günlük tələbatını ödəmək üçün gündəlik pul verir. On səkkiz yaşına kimi, azad və sərbəst böyüdülmüş gənclər öz həyatlarını quracaqlar və qurduqları yeni həyata görə özləri məsuliyyət daşıyacaqlar.
Bu böyük mağazada bir kredit kartı problemə çevrilmişdi. Oğlan görəndəki ona kartını qaytarmırlar və ona deyirdilər ki, sən bunu oğurlamısan, onda dili bilməyən oğlan əl-qol hərəkətləri ilə inadkar almanı başa salmağa çalışdı ki, bu kart onun özünündür, başqasının deyil. İnadkar və dəqiq alman buna inanmadı və anlaşılmaz ifadələrlə onu anlamayan oğlanı sorğu-sual atəşinə tutdu.
-Wie heiβt du?... Woher nimmst du diese Karte?... Ja, diebst du?... ( Adın nədir?... Bu kartı hardan götürmüsən?... Hə, oğurlamısan?... – almanca )
Alman elə tez-tez danışırdı ki, oğlan heç nə başa düşmürdü. Birdən oğlan onlardan uzaqda dayanan alman dili müəlliməsini göstərdi. Onlar heç nədən xəbəri olmayan müəllimənin yanına gedib baş verən bu qəribə hadisəni ona danışdılar.
Əlliyə yaxın yaşı olan alman dili müəlliməsi öz gözəlliyini qoruyub saxlaya bilmişdi. Yaşından on yaş gənc görünürdü. İşgüzardı. Nikbindir və gözəl xasiyyətə malikdir. Ona görə də, şagirdləri onu daha çox sevirdilər. Və bu alman dili müəllimi məsələni aydınlaşdırmaq üçün məsul şəxs olan bu almana izah etməyə başladı ki, bu uşaqların valideynləri ölkənin nüfuzlu, vəzifəli şəxsləridir. Ataları hökumətin başında dayanıb dövləti idarə edirlər. Bu cür kredit kartını burda hər bir şagirdə valideynləri veriblər.
Bunları eşidən səliqəli administrator oğlanı tutub saxladığına və oğru hesab etdiyinə görə pərt oldu. Hər şey aydınlaşandan sonra təəccüblənmiş məyus alman kredit kartını cavan oğlana qaytarıb dedi:
-Entschuldigen Sie, mein Herr! ( Üzr istəyirəm, mənim ağam! – alm. )
Oğlan kredit kartını götürdü. Müəllimlərlə uşaqlar mağazadan çıxdılar. Ölkənin ən zəngin adamlarının uşaqları qarşılarına çıxan bu ilk mağazadan 1000 avroluq şey-şüy almışdılar. Və onlar-uşaqlar onlar üçün ayrılmış “ Die Jugendoste” hotelinə qayğısız həyatın rəngarəng görünən yalançı xoşbəxtliyini hiss edərək sevinə -sevinə qayıtdılar. Müəllimələr isə öz otellərinə.
Səhəri gün isə şagirlərin aldıqları pal-paltarların hamısı zibil yeşiyində idi. Aldıqları bu bahalı paltarlar onların xoşuna gəlməmişdi, ya da sadəcə, bir anlıq həvəs idi ki, bu həvəsi onlar 1000 avroya öldürmüşdülər. Onlar yoxsul xalqın varlı dövlətinin vətəndaşları idilər.
İki həftədən sonra onlar geriyə - Bakıya qayıtdılar.

2010-2012


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+18=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0292 saniye