Bakı axşamları. Getdikcə soyuqlaşan payız. Göy üzünü zəbt edən buludlar. Yağış qoxusu.
Cəmilə metrodan çıxıb qol saatına nəzər saldı. 8-in yarısı olacaq az sonra.
Addımlarını sürətləndirib getməyə başladı. Çiynindəki çantasını rahatladıb küləyin dağıtdığı uzun saçlarını səliqəyə salırdı.
Pilləkanları çıxarkən kürən pişik balasını gördü. Həmişəki kimi tək idi. Sol tərəfdə açıq və qapalı restoran olduğundan arabir insanlar bu pişik balasına yemək atırdılar və kənarda durub onu necə yeməsinə tamaşa edirdilər.
Amma pişik balasının bu dəfədəki halı Cəmilənin əhvalını pozdu. Bir küncə qısılaraq yumrulaşan pişik balasının üşüyünü düşündü. Yaxınlaşıb sığal çəkməyə başladığında pişik balası gözlərini qaldırıb ona zilləndi.
İlahi! Pişik balası sanki küsmüşdü. Ətrafdakı insanların laqeydliyi, soyuqluğu onu incitmişdi. Gözləri bunu açıq-aşkar büruzə verirdi.
Cəmilənin əlacı olsaydı kürən pişik balasını evinə aparardı. Onsuz da nə anasını, nə də bacı-qardaşlarını görən olmuşdu. Tənha kürən pişik balası bu ərazinin müvəqqəti sakini sayılırdı. Böyüyən kimi qoşulacaqdı digər küçə pişiklərinə.
Amma tələbə qızın anası evdə heç bir heyvanın saxlanılmasına tərəfdar deyildi. Cəmilənin qardaşı Murad balıqlara vurğun olsa da, evin xanımı buna heç vaxt imza qoymayacağını bəyan etməkdən yorulmurdu.
Cəmilə ətrafa baxdıqda boş karton qutu sataşdı gözünə. Cəld onu əlinə alıb pişiyi içinə yerləşdirdi. Yaxınlıqda yerləşən mağazaya yönəldi.
Oradan çıxarkən əlində doğranmış kolbasa və bir plastmas stəkan süd vardı. Kürən pişik balasının nuşi-can etməyinə xəfifcə tamaşa edərək xəfifcə gülümsədi.
Pilləkanda özünə seçdiyi yerə dəftərin ortasından qopartdığı vərəqləri sərib əyləşdi. Dizlərini qucaqladı. Çənəsini dizlərinə qoyub günahkar baxışlarla kürən pişik balasına zilləndi. Süd içməyində çətinlik çəkdiyini görcək südü ovcuna töküb ona uzatdı. Pişik balası ona baxdı.
Cəmilə başını qaldırdıqda insanların onun ətrafında cəmləşib tamaşa etdiklərini gördü...