Bu gün səhər "Osmaniye Qatar stansiyası"nda qatar gözləyərkən təxminən 65-70 yaşlarında girdəsifətli,üzü nazik ağ saqqallı,ağzında ruhunu mədəyə təslim etmiş və bir-birindən küsmüş kimi biraz aralı duran 2 diş olan,başında mollaların qoyduğu papaq,əlində əsa,balacaboylu,enlikürək,stansiyadakı gözləmə skamyalarından birində oturan bir baba "gel hele,gel otur!" deyərək məni səslədi. Özümə "Yeni macəraya xoş gəldin!" deyərək babaya yaxınlaşdım və yanına oturdum. Salamlaşdıq və dialoq başladı:
-Nereye gidiyorsun,yeğenim? Yolcumusun? Bir şit zarafat edərək "Yox,elə-belə otururam!" deyəsim vardı,çünki səhər saat 8:00 civarında,doğru-düzgün geyimli olan biri qətiyyən bomj deyildi və qatar gözlədiyini hər kəs təxmin edə bilərdi. "Baba,bir az qocalmısan!" demək istəyərkən,soruşduğu sualın cavabının bu olmadığının və bu suala maksimum fikirləşib-cavab vermə müddətini geridə qoyduğumun fərqinə vardım. Sonunda cavab verdim. -Evet,yolcuyum,Adanaya gidiyorum! -Aa,çok güzel. Ben de. Beynimə "Macəraya xoş gəldin!" cümləsi xəbərdarlığını daha öncə verib-vermədiyimə dair axtarmaq əmri göndərdim,sözü ağzımda saxlayan cavab gəldi və baba davam etdi: -Okuyomusun? -Evet. -Orta okul mu,lisemi? -Üniversite. -Ooo,baya memur olmuşsun sen-deyərək,iyrənc zarafatının komik olduğunu düşünüb qəh-qəhə çəkdi,dişləri hələ də barışmamışdı, -Gel bi öpeyim seni- deyərək yanağıma yapışdırdı ağzını. Çox iyrənc səhnədə baş obrazı canlandırdığımın fərqində idim. Üzümdə ergenlik dövrümdən qalan sızanaqların qabardığını hiss etdim. Lakin buna qarşı qoyacaq zaman tapa bilməmişdim. Və babanın beynindən sanki,“öpmək” punktu silinmiş,yerinə “gəmirmək” punktu keçmişdi. Sonunda "öpüşmə" səhnəsi bitdi,baba davam etdi. -Çok tatlısın ya! Beynim çox gözəl qarışmışdı. Bir yandan da ilk başda beynimə doğru xəbərdarlıq verdiyim üçün qürur duyurdum özümlə. -Kaç yaşındasın?-deyərək baba məni o gözəl hislərdən aldı. Özümü 2 ay böyüdərək "19" dedim. -Tren kaçta gelir? -Kurallara uyulursa,8.47-de gelmesi gerek. -Haha,ben sevdim seni,ya-deyərək əlimi əlinə aldı. Halbuki,çox da seviləcək bir cavab verməmişdim,kobud dildə desək,rəsmən babanı qırmağa çalışırdım,lakin fərqində deyildi. Qocalıq düşməmişdi babaya,bəlkə də bilərəkdən özünü elə aparırdı. Məqsədinin nə olduğunu düşünmək belə istəmirdim,qovalayırdım beynimdən. Lakin yenə də Cəfər Cabbarlı heykəlinin yanında bir kəsin insafa gələrək köşkdən tum alıb,onlara atmasını gözləmək məqsədi ilə heykəlin üstündə dövür edən quşlar kimi düşüncələr beynimin ətrafında uçuşurdu. Quşların bir səslə daha da qorxub uzaqlaşmaq əvəzinə bir az daha yaxınlaşdığını hiss etdim. Çox sırtıq quşlar idi. Onlar ilə sonra danışacaqdım. İndi isə səs gələn tərəfə-babaya dönmək zamanı idi. -Efendim,duymadım,ne diyordunuz? -Kaç çocuksunuz,yavrum? "Yavrum mu?!" Heç də xoş xitab kimi gəlməmişdi,baba məni özünə övlad kimi mi görürdü,yoxsa mən mi səmimiyyətin dozasını artıq etmişdim?! Bu suallara cavab axtarmaq üçün zamanım olmadığının fərqinə vararaq-Tek oğlanım,ıhtıyar!-dedim və hələ də əlimin babanın əlində olduğunu gördüm. Yolu keçərkən anasının əlindən əlini xilas edib yola qaçaraq maşın vurduğu uşağı xatırladan bir tərzdə əlimi əlindən qurtardım. Bu gözlədiyimdən asan olmuşdu. Ya babanın gücü yox idi,ya övlad sözü sadəcə söz kimi çıxmışdı ağzından,ya da diqqətsiz idi. Asanlıqla əlimi əlindən azadlığa buraxdım,amma şansıma yolda maşın yox idi. Daha doğrusu,yola falan qaçmamışdım. Heç bu yol məsələsinin hardan çıxdığının da cavabını dəqiq bilmirdim. Mən bunları düşünərkən yanımda bir tərpəniş hiss etdim,ixtiyar nəsə mızıldanaraq qalxdı və getdi. Üzümə bir təbəssüm qondu və bir şeydən qorxub qaçar kimi yenidən havalandı. Üzümün bir az əvvəl "gəmirmə təcavüzünə" uğradığını xatırladım.
Hər nəysə,artıq baba getmişdi. Lakin onun məqsədini heç vaxt dəqiq bilməyəcəyimə üzülürdüm. Niyə elə qəfil getdiyini də bilmirdim. Bəlkə də sondakı "ıhtıyar" xitabımdan küsmüşdü,qocalığını qəbullənməmişdi . Lakin özümü bu bəlkəyə inandırmağım heç də yaxşı olmazdı. O məndən küsmüşdüsə,mütləq könlünü almalı idim,yoxsa rahat olmazdım. Könlünü almaq üçün isə onu tapmam və yenidən ünsiyyət qurmağım gərəkirdi. Bu da heç sərf etmirdi. Ən yaxşısı bu bəlkəni görməzdən gəlmək,digər bəlkələrə bağlanmaq idi. Bəlkə də məni öldürəcəkdi,sonda tək oğlan olduğumu eşidib insafa gəldi. Bəlkə də şəkər xəstəsi idi,dərmanını məndən almaq istəyirdi. Bəlkə də mən yanlış anlamışdım,sadəcə çox səmimi idi. Bəlkə də o küskün sandığım dişlər zəhər daşıyırdı və üzümü öpmə adı ilə gəmirərkən zəhərini bədənimə keçirmişdi və indilərdə öləcəm.