Böyük bir sükutun astanasında
Həsrətimin də bitdiyi bir yerdəyəm...
Düşüncələrim də daha uzağa getməz,
Bundan belə yaşayıram bəxtimə nə yazılıb
Beynimin sol küncündə
bir ülgüc gizləmişəm,
Sağ küncündəsə sənin şəkillərin asılıb
Mən sənə bağlı deyiləm tək hiss dalğalarıyla,
Məni də çaşdırmışdı bunun açıqlaması
Səndə mənə aid olan duyğu hissəcikləri var,
Bu səbəbdəndir ruhumun sənə doğru sıçraması
Hər kəsin bir azarı var ruha qənim kəsilən;
Bəzilərinin sadə məişət dolanışığı,
Mənim dərdim-sərim də
Bu kvant dolaşığı...
Bəzən xatırlayıram:
Necə də yatqın idi
Sənin hisslərin sadə fizika qaydalarına,
Mənimsə duyğularım
Kvant mexanikasına...
Fizikaya pənah gətirirəm səni yaxında duyunca
Fotonlar şahidim olsun,
Sənə toxunmağım da
Hər şeydən daha real, hətta an məsələsi
Yalnız onu bilirəm ki, bütün həyatım boyunca
Bircə təsəlli sevmişəm,
O da kvant təsəllisi...