Hər axşam işdən qayıdıb kabinetimə daxil oluram. Əlimə kitab alıb oxuyarkən qeyri-ixtiyari təbəssüm peyda olur dodaqlarımda. Gözlərim parıldayır. Kabinetimdə tək-tənha əyləşərək asta səslə oxuyuram. Həyat yoldaşım Zülfiyyə sevimli qəhvəmi gətirib masaya qoyur, məni öpür, bir az söhbətləşir və gülümsəyərək gedir. Qısa müddətlik də olsa gedişini izləyərək dərin düşüncələr aləminə qərq olsam da, başımı yüngülcə yellədirəm və təzədən kitab oxumağa başlayıram. 13 yaşlı qızım qapını taqqıldadıb girmək üçün icazə istəyir, kitabın arasına əlfəcin qoyaraq qapadıram və masamın üstünə buraxıram. Xatirəni dizlərimin üstündə əyləşdirirəm.
Kitabxanama göz atın. Homer "İliada" və "Odisseya". Dante "İlahi komediya". Viktor Hüqo "Paris Nort-Dam kilsəsi" , "Səfillər". Jül Vern "20 000 lye su altında" , "Kapitan Qrantın uşaqları". Aleksand Düma-Ata "Qraf Monte-Kristo" , "Qara zanbaq" , "Üç müşketyor". Teodor Drayzer "Cenni Herhardt" , "Kerri bacı" , "Dahi". Onore de Balzak "Qorio ata" , "Bəşəri komediya". Somerset Moem "Ay və qara qəpik" , “Ledi Frederik”. Erix Mariya Remark "Üç yoldaş" , "Qərb cəbhəsində yenilik yoxdur". Stendal "Qırmızı və qara" , "Napoleonun həyatı". Fyodor Dostoyevski "Cinayət və Cəza" , "Karamazov qardaşları". Lev Tolstoy "Anna Karenina" , "Müharibə və sülh". Cerom Devid Selincer "Çovdarlıqda uçurumdan qoruyanlar" və digərləri. Əlbəttə ki, dünya ədəbiyyatı ilə yanaşı milli ədəbiyyatımızın da nümunələri görünür. Şifahi xalq ədəbiyyatı, dastanlar. Nizaminin "Xəmsə"sindən tutmuş Füzulinin "Qəzəllər"inədək. "Məndə sığar iki cahan" deyən Nəsimi. Sokratın aforizmi ilə "Danabaş kəndinin əhvalatları"nı qələmə alan Cəlil Məmmədquluzadənin "Ölülər"i. Repressiya qurbanı Mikayıl Müşfiq, Hüseyn Cavid və digərləri. Təkcə bədii ədəbiyyatla yekunlaşmır kitabxanam. Rəflərə göz atdıqca tarixi, siyasi, psixoloji, sosioloji kitablara da rast gəlinir. İri miqyaslı araşdırmalarla məşhur jurnallar da var burada. Virtual dillə izah etməli olsam, "Vikipediya"nı xatırladacaq canlı məkandır mənim sevimli kabinetimdəki kitabxanam. Masanın üzərindəki netbuk, pəncərənin önündəki gül dibçəkləri...
Əslində kitablara sevgimin ayrıca bir tarixçəsi var. O qadın. Lavanda ətrinə bəzən özünəməxsus qoxusu ilə yaddaşımda əbədi həkk olunan o qadın. Onu bir dəfə də olsun təbəssümsüz görmədim. Üstəlik gülümsəməsi ovsunlayıcı gücə malik idi.
Yay günlərindən biri idi. 12 yaşım vardı o zaman. Qızmar günəş altında futbol oynayırdıq. Qızlar isə digər tərəfdə idilər. Qocalar çinar ağacının kölgəsində düzəldilmiş taxta skamyada əyləşərək bir-birləri ilə söhbət edirdilər. Evdar qadınlar bir-birlərinin evlərinə "qonaq" gedərək uşaqlıq illərindən tutmuş məişət qayğılarına qədər istənilən mövzunun sandığını açıb pambığını tökürdülər...
Bir həftədən artıq olardı ki, təzə sakinlərin yuva salacağı haqqında söz-söhbət dolaşırdı. Və birdən tünd mavi maşın məhləmizə girdi.Həyat öz funksiyasına "stop" dedi sanki. Bütün gözlər bir nöqtəyə zilləndi, nəfəslər tutuldu.
Ön qapının açılması ilə hardasa 30-35 yaş arasındakı kişi maşından çıxdı. Əynində qısaqollu mavi köynək vardı. Əllərini belində cəmləşdirərək 5 mərtəbəli binalardan birini nəzərdən keçirməyə başladı. Ağsaqqallarımızdan bir neçəsi çəliklərini əllərinə alaraq naməlum adama doğru addımlamağa başladılar.
Arxa qapı açıldı və içəridən "o" çıxdı. Şabalıdı saçlarını əli ilə düzəltdi. Əynində sarı rəngli və kiçik ağ güllü yay donu vardı. Bu...bu...bu...Dilim söz tutmurdu. Bu, adicə qadın deyildi, ilahə idi, gözəllik abidəsi idi, göydən yerə enmiş, qanadlarını gizlədən mələk idi. Təkcə mən deyildim onun sehrinə aludə olan...
Bu cütlük bizim məhəllədə məskunlaşmaları ilə başqa ab-hava gətirdi. Vüsal mühəndis olsa da, fəhlə işləyirdi. Səhərlər gedir, axşamlar gəlirdi. Firəngiz isə işləmirdi. Düzdür, ali təhsilli idi, filologiyanın bakalavr və magistrini oxuyub bitirmişdi. "Amma"sı onda idi ki, o, kor idi. Bəli, kor idi. Anadangəlmə yox, sonradanqazanılma kor. Hər gün qonşusu Mirvari xalanın yardımı ilə 4-cü mərtəbəni enərək onunla birgə gəzinti təşkil etməyi çox sevirdi. Əlində hər zaman çəliyə bənzər ağ əl ağacı vardı. Məhəllənin evdar qadınları ilə az ünsiyyətə girirdi.
Firəngiz magistri bitirən kimi Vüsalla nişanlanmışdı. Günlərin birində Vüsalın maşın idarəçiliyi qəza törətdi. Olay nişanlı qızın korlaşması ilə bitmədi, qəza ərəfəsində bir qoca və bir uşaq dünyalarını dəyişmişdilər. Vüsal 5 illik hökm geyinərək məhkumluq həyatını yaşadı. Firəngizin həyatını, gələcək arzularını məhv etdiyi üçün özünü bağışlamırdı. Hətta nişanı pozmaq istəmişdi də. Firəngiz onu gözlədi. Heç kəs onu fikrindən döndərə bilmədi.
Bir yay axşamı ərəfəsində Firəngiz işıqlandırılmış məhəlləmizin skamyasında əyləşdi. Mirvari xalaya nəsə pıçıldadı. Qadın onu bizlərə əmanət edərək tələsik evinə yönəldi. Mən, Fuad, Rəşad və Tofiq bu gözəllik abidəsinə səssiz-sədasız baxmağa başlamışdıq ki, onun mehriban səsinə vurulduq.
-Uşaqlar, kitab qurdu varmı aranızda?
Nə cavab verəcəyimizi bilmədik. Hətta Fuadla Rəşad gic gülməklərini zorla saxlaya bildilər. Onlara tərs baxış atıb yumruqlarımı bərk sıxdım.
-Yox.
-Niyə?-təbəssümü qəmginliklə əvəzləndi.
-Nə bilim.
-Amma...Belə olmaz axı,-səsində inciklik sezilirdi.
Dostlarım gülməmək üçün özlərini güclə saxlayarkən mən özümü çox pis hiss edirdim. Gözlərimin qarşısında babamın "kitabxanası" canlandı.Bir tək bacım oxuyurdu, vəssəlam. Mən-tənbəl və avarada oxumaq həvəsi yox idi.
-Gəldim,-Mirvari xala əlində kitab qaçıb gələrək Firəngizin yanında əyləşdi.-Uşaqlar, təşəkkür edirəm. Gedə bilərsiniz indi. Hə, Firacan, deməli belə...-kitabın qatlanmış vərəqini düzəldərək oxumağa başladı.
Dostlarım uzaqlaşdıqları halda mən yerimdən tərpənmək bilmirdi. Sanki daşa dönmüşdüm. Bəlli nöqtəyə zillənərək saf təbəssümünü əskik etməyən Firəngizə baxırdım. Mirvari xalanın oxuduqları mənə çatmırdı.
Gecəni yata bilmədim. Gözlərimi tavandan çəkmədən ağır-ağır nəfəs alıb verirdim.Qalxıb əyləşdim çarpayımda. Hər an boğulma təhlükəsi yaşanılırdı içimdə. Asta addımlarla pəncərəyə yaxınlaşıb ulduzlara baxmağa başladım. Çevrilərək yuxusunda hansısa ədəbi personajları görən bacıma nəzər saldım. Məryəm məndən 2 yaş böyük idi. Anam evdə həmişə onu əlində kitabla görərkən ev işlərini yadına salırdı ki, bu da Məryəmin evdən qaçmasına səbəb olurdu.
Səhər ailəm qəlyanaltı edərkən mən qayğanağa baxaraq əlimdəki çəngəli fırladırdım. Eynəkli bacım mənim "anormal" durumumu fərq edərək nəsə soruşdu. Qulaqlarımda bir uğultu vardı. Heç kimi eşidə bilmirdm. Gözlərimin önünü yavaş-yavaş tor bürüməyə başlayırdı. Atamla anamın dodaqlarının tərpənişlərini ən son xatırladığım səhnə oldu. Huşumu itirdim...
Babamla nənəm mənim kitab oxumaq istəyimi azacıq təəccüblə qarşılasalar da, sevinclərinin həddi-hüdudları yox idi. İlk oxuduğum kitab "Səfillər" idi.2 gün evdən çıxmadım, bütün diqqətim möhtəşəm klassik əsərdə cəmləşmişdir. Məryəm sevinirdi mənim adıma. Dostlarım qapımızı döyüb məni oynamağa çağırırdılar, mənsə başımı bulamaqla etirazımı bildirirdim. Mənim məşğuliyyətimi öyrəndiklərində təəccüblü gözlərini məndə çəkmədilər.
Əsəri bitirdiyimdə axşam düşmüşdü. Boynumu ovxalaya-ovxalaya eyvana çıxdım. Hər zamanki məhəlləmiz. Nərd, şahmat, domino oynayan kim, deyib-gülən kim, söhbətləşən kim. Gözlərim bir nəfəri axtarırdı. Budur, skamyaya söykənib gülümsəyirdi. Yanında heç kəs yox idi. Ürəyim az qala sevinc hissindən partlayırdı. Tələsik pilləkanları enərək yaxınlaşdım.
-Kimsən?-deyə soruşdu...
Hər şeyin başlanğıc götürdüyü axşam söhbətləri beləcə başladı. Düzdür, günün 24 saatını kitab oxumaqla keçirtmirdim. Futbol oynayırdım, atamla bir yerdə maşını təmir edirdim, anamla bazara gedib gəlirdim, bacımla sevimli verilişə baxırdım. Amma onun yanına gələrkən əlimdə kitab olurdu. Onun məsləhəti ilə kitabları seçirdim. Və mənə emosional oxu mədəniyyətini öyrədirdi. Bu zaman məhəllədə hamının diqqəti bizdə olurdu. Axşam saat 10-na qədər davam edirdi. Onun qoxusundan az qala bihuş olurdum. Eynən Patrik Züskindin "Ətriyyatçı: Bir qatilin tarixçəsi" əsəri kimi.
Dərs ilinin başlanması barmaqla sayılası günlər qalarkən başqa şəhərə köçdük. Dünyam bir anlığa param-parça oldu. Göz yaşlarımı güclə tutub saxlayırdım, əslində dəli hönkürmək istəyi içimdə üsyan qaldırırdı. Axı niyə? Mən bir daha onu, onun təbəssümünü görməyəcəm yəni? Hə, mən aşiq olmuşdum ona. 12 yaşlı uşaq 26 yaşlı ərli qadına aşiq olacaq qədər bağlanmışdım ona. Onun qoxusu üçün dəli kimi darıxdırdım. Özümə yer tapa bilmirdim. Bəzən özümü dərin boşluqda hiss edirdim. Amma heç kimə demirdim. Bu, mənim kiçik sirrim idim. Mən heç vaxt onu unutmadım. Əlimə aldığım istənilən kitabda onu xatırlayırdım. Tətil-bayramlarda babamgilə qonaq gələrkən onu da görürdüm. Mənim yerimi kimsə tutmuşdu. Düzü desəm, qısqanırdım, amma bir tərəfdən də sevinirdim ki, tənha deyil. Mənimlə başlayan yetirmələri məndən heç də geri qalmırdılar. Növbəti illərdə 2 körpəsinin dünyaya gəlməsinin xəbərini eşitdim. Tələbə olarkən tez-tez gedib onu görürdüm. Heç dəyişməmişdi. Təbəssümü, hələ qoxusu heç dəyişilməmişdi. Əlini bərk-bərk öpüb sinəmə sıxırdım. Digər əli ilə yanağımı sığalladı.Gözlərim yaşarmışdı bu an. İllər sonra Bernhard Şlinkin “Qiraətçi” romanını oxudum və italyan gözəli Monika Belluçini dünyada tanıdan "Malena" filmini izlədim.
Və əminliklə qeyd edirəm ki, mənim bir nəşriyyatçı kimi formalaşmağımda onun rolu misilsizdir. Kitab çapına başlamamışdan əvvəl onunla telefon əlaqəsi qurarək əsərdən parçalar oxuyuram. Hələ də davam edir...