Heç görünməyən mənzərələrin pəncərələrindən yazıram sənə.. Heç görməyən "adəmciklərin" gözlərindən baxıram. Səsini duymaq üçün necə çırpınıram.. Hansı ki vardı e, gecələr layla oxuyub, yatırdırdın.. Vardı e, saçlarımı hörüb, alnımdan öpürdün.. Varxı axı, bir gecə yuxunda kabus gördüm deyə yanıma gəlib, o xırda çarpayıda mənlə yatdın.. Səhərsə cənnət qoxusunu duyub oyandım.. Sonra "günaydın, mənim balaca qızıma" deyib, gözlərimdən öpüb, bəyaz donumu geyindirib, masanın başında oturdardın. Kimə əsəbləşsən də mənə bildirməzdin.. İlk dəfə məktəbə gedəndə əlimdən bərk bərk tutmuşdun.. Elə sevinirdin ki. Hər dəfə yüksək qiymət alanda sənin o gül qoxulu saçlarına tac taxırdım sanki..
Dərslərimdə yardım edirdin, ev işlərində də mən sənə.. Hətta ilk yumurta bişirməyimi xatırlayırsan? Yandırıb, kül etmişdim.. Sənsə heç danlamadın məni. Eh.. Sən mənim ən yaxın dostum idin. İlk dəfə məktəbdə birindən xoşum gəlmişdi.. İlk gəlib sənə demişdim. Sənsə mənlə dostca danışdın. Həm ciddi, həm bilmədiyim narahat bir ədayla..
Nə idi o, ana? "Mən də yaşamışam, keçəcək, ağıllı balam. Sən dərslərinə fikir ver"- demişdin. Eh.. Canım anam, sənin yerin tamam ayrı idi.. Heç kim tutmazdl yerini.. Dostum idin mənim. Evləndiyim gün də ağlamışdın... Hələ bir həftə mənlə yatmışdın.. Sənin balaca mələyini aparırdılar... İndi ana, rahat uyu, mən yaxşıyam.. Biz yaxşıyıq.. Qızım da səni çox istəyir.. Mən də... Ana...
* * *
Heç tanımadığın insanların gözlərindən baxıram bu dəfə sənə. Heç incitmədiyin qızının göz yaşlarından yazıram sənə.. Yadındadı, sən çox əsəbi idin.. Mən sənə " anacan, bu gecə mənlə yat" deyəndə danlamışdın məni. Analı yetim qalmışdım sanki... Saçlarımı darayırdın. Onda daha çox sevirdim səni.. Amma sonra "dur , get day" deyəndə ağlayırdım.. Sən görmürdün, amma sən pis olanda, mən otağımın içindəki şkafda ağlayırdım.. Sən görmürdün, amma mən "Allahım, anamın dualarını qəbul et. O daha çox yaşasın" deyirdim. Səhərlər " Ay qız, dur daa day, bu qədər yatmaq olar?" deyəndə belə incimirdim səndən.. Ana idin. Ərkin vardı üstümdə. Birinci sinifə gedəndə sevindin. Amma bildim niyə... Qurtulmuşdun məndən. Yox, yox, mən özümü müdafiə etmirəm. Sadəcə deməyin vaxtıdır. Mən ilk dəfə sevgi sözünü dilimə gətirəndə döydün məni. "Qız nədi, sevgi nədi- dedin. Qız uşağı başın salar aşağı dərsin oxuyar- dedin. Atan kimə versə ona gedəssən dedin." Ağlayırdım mən hər gecə... Amma sən görmürdün... Sonra məni zorla evləndirdin. Məndən çox böyük bir əclafla.. İlk öncə inandırdım özümü.. Hər şey yaxşı olacaq dedim. Amma nə fayda? Mən artıq ölü idim... İndi də sən xəstəxanadasan. Pəncə pəncəyəsən ölümlə. Dua edirəm səninçün. Səni çox istəyirəm mən... Düzələcək, bilirəm.. Mənsə artıq gedim. Şikəst qız görüb, əsəbləşmə... Yuxun şirin olsun, anacan...
İndi bir an gələr... Yox, o an gəlməsin...