Lev Tolstoyun "Kreyser sonatası" povestinin təhlili.
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 20:53 04 iyul 2015 tarixində əlavə olunmuşdur

L.Tolstoyun “Kreyser sonatası”- bir tərəfdən povestin qəhrəmanı Pozdnışevin xəyanətə uğraması səbəbi ilə həyat yoldaşını qətlə yetirməsindən, bunun ucbatından sevgiyə, ailəyə qərəzli münasibətindən bəhs edirsə də, digər tərəfdən özülündə yüksək mənəvi-əxlaqi dəyərlərin aşılanması, cəmiyyətdə mövcud kişi-qadın münasibətlərinin təhlili, qadın mənafeyinin qorunması kimi məqamlar durur. Qatardakı söhbət əsnasında Pozdnışev bütün problemlərin kökündə əxlaqi nöqteyi-nəzərdən qeyri-mümkünü, qeyri-normalı adi kimi qələmə verməklə hətta onun vacib olduğunu təlqin edən, övladlarına həqiqi PİS anlayışının nə olduğunu aşılamayan cəmiyyətdə gördüyünü bildirir. Dolayı yolla özünün də bu dar düşüncəli ictimaiyyətin cinayət qanunlarını onsuz əsər-əlaməti qalmayan vicdan adlandıran, baş qaldıran zərrə qədər vicdan işartılarını isə betər yaramazlıqları nümunə çəkməklə susduran, özünə bəraət axtarmayacaq qədər alçalan fərdlərindən olduğunu, hamı kimi heç nəyi yoluna qoymağa cəhd etmədiyini etiraf edir. .” Pozdnışev israrla təkid edir ki, “ Pozğunluq fiziki hal deyil,axı heç cür fiziki eybəcərlik əxlaqsızlıq deyil. Əxlaqsızlıq, əsl pozğunluq özünü bütün mənəvi-əxlaqlardan azad etməkdir” O, yaşadığı çevrədə gənclərin tərbiyəsi istiqamətdə düzgün yönümün olmamasını, əxlaqsızlığın bariz mücəssəmələrinin ən adlı-sanlı, gözün üstə qaşın var deyilməyən, hüzurlarında az qala yeddi qat təzim edilən şəxslər olduğunu, onlarla ünsiyyətın hətta özlərinə qarşı sonsuz iltifat kimi qəbul edildiyini danmır. “Belə ki, bir məclisdə həmin o təmizlik emblemi sayılan cənablardan birisi bacıma yaxınlaşır, həmin anda onu kənara çəkib deməliyəm: “Bura bax, əzizim, axı mən səni tanıyıram, bilirəm necə yaşayırsan. Çıx get! “ əslində bunun tərsi olur. Əgər həmin cənab varlıdırsa, qohum-əqrabası çoxdursa sevinirik. Yəni, mənim qızımı mərhəmət sahibi eləyəcək.”

Əsas obraz nigahı yalan, hiylə adlandırır. Bunun səbəbini zahirən kişilərlə bərabər hüquqları əldə etsə də qadının şəxsiyyətinə hörmət edilməməsində, yalnız bir zövq mənbəyi olaraq görülməsində, bununla da ən alçaq səviyyəyə endirilməsində, onun sərbəst seçim etmək haqqının olmamasında görür. "Heç bir qadın “Məni al!” deyə bilməz." Çünki, qadın seçmək hüququndan məhrumdur. O, bu ehtimalı biabırçı hesab edənlərə “Onda qoy kişilərin də o hüquqları olmasın.” fikri ilə qarşı çıxır. O, hesab edir ki, qadının bu məhrumiyyət boşluğunu doldurmaq istəyi onu daha məkrli yollara sövq edir: “Necə ki, yəhudilər özlərinin istismar olunmalarının əvəzini “Ticarətçi olaq, yaxşı olarıq və biz tacirlər pulla alarıq sizi.” deyərək öz pulları ilə ödəyirlər, qadınlar da “Hə,siz istəyirsiniz ki, biz ancaq şəhvət predmeti olaq, neynək biz elə şəhvət predmeti kimi də sizi əsarət altına alacağıq.” deyə düşünürlər. Kişilər hər zaman onları gözləyən onlarla seçimin olduğunu düşünüb özündən müştəbeh dolanırlar, lakin qadın seçim imkanı itkisinin yerini doldurmaq üçün dəhşətli hakimiyyətinin bariz nümunəsi olan özlərinə xidmət edən dəbdəbə ilə kişinin hissiyatına təsir göstərir və bu cənablar qətiyyən şübhələnmirlər ki, özləri də bilmədən aldana bilərlər.“ Qəribə işdir,gözəl adamın gözəl olduğu qədər də xeyirxah olması necə böyük xülya, illuziya imiş. Dinib-danışmayanda, səfeh, rəzil sözlər söyləməyəndə, bütün gözəlliyi ilə dayanıb duranda, o saat qət eləyirsən ki, o, son dərəcə ağıllı və əxlaqlıdır.” Bu isə kişilərin yanılmasına səbəb ola bilir. Nəticədə kişi ancaq formal olaraq seçir, əslində seçən qadın olur. Sadəcə, daha xəbis yolla. Bu cür şəraitdə ani soyuqqanlılığını itirən kişi “tələ”yə düşür. Bəli, Pozdnışevin nəzərlərində NİGAH-TƏLƏDİR. O, vaqondakı qadının “Məhəbbətsiz nigah- nigah deyil, nigahı yalnız məhəbbət müqəddəsləşdirir.” Fikri ilə razılaşmır, bununla belə Allahın qarşısında borc yerinə yetirdiyini düşünən, yaxud ailəvi ittifaqı əsrarəngiz hesab edənlər arasında mövcud ola bilmə ehtimalını inkar etmir.
Baş qəhrəman mülahizələrində irəli sürdüyü bəzi aspektlərdə mövcud dünyada ali məhəbbətin qeyri-mümkünlüyünü əsaslandırmağa çalışır: “ Heç bir məqsədimiz yoxdursa, əgər həyat bircə ancaq yaşamaq üçün verilibsə, onda yaşamağa dəyməz.Yox, əgər həyatın məqsədi varsa, o, əldə ediləndən sonra həyat dayanmalıdır. Pozdnışev bəşəriyyətin məqsədini Peyğəmbərlərin dediyi kimi insanların məhəbbətlə birləşməsində görür, lakin hədəfə gedən yolda maneə heyvanı hissləri hesab edir. Düşünür ki, insan öz daxilindəki bu duyğuları məhv etsə, hər kəs yüksək məhəbbətlə birləşər, bəşəriyyət istəyinə nail olar və onun yaşamasına ehtiyac olmaz. Bu günki gün üçündə çağdaş nəsil amalına ona görə çatmayıb ki, doğulacaq yeni nəsil və təbii ki, həmin nəslin məqsədə çatma ehtimalı da var. Bir növ Tanrı hər növbəti nəslin timsalında insaniyyətə məqsədini həyata keçirmək üçün daha bir şans yaradır.Əgər o, bəndələrini bu hisslərdən məhrum yaratsa bir çox minilliklər sonra onlar məqsədə çatmadan ölər, yaxud ölümsüz olsalar belə məqsədlərinə çatarlar və qarmaqarışıqlıq yaranar. Podnışev demiş: “Bəs bundan sonra Tanrı insanları neyləsin? Hara qoysun onları? Ən yaxşısı hər şeyin elə indiki kimi olmasıdır”
Hərçənd əsərin qəhrəmanı şərhində daha uyğun, ağlabatan nəticəyə gələ bilmədiyindən məcburən bu qaçılmaz, dəyişilməsi müşkül olan reallığın üzərində durur. Ətalətin elə ən doğru qərar olduğunu səsləndirsə də, bir müddətlik olsa belə heyvanı hisslərə təslim olmanın ağlın sonrakı üsyanı ilə sonlanaraq qəzəbə çevrildiyini və bu hirsin öz cinayət ortağına- həyat yoldaşına yönəldiyini, bununla da məhəbbətin əsl qaranlıq üzünün aşkar edildiyi həqiqətini öz nigahından kəskin narazılıqları, davaları nümunə gətirməklə sübut etməyə çalışır.
Pozdnışev murdar həyatın yeganə bəraəti olaraq övladlarını hesab edir, ancaq xəyanətin alçaltdığı qüruru hədsiz idealizmə qapılmasına, ali valideyn övlad sevgisinin belə onun nəzərlərində nigaha bəraət qazandıra bilməməsinə başlıca səbəb olur.
Pozdnışev həmsöhbətinə danışıq əsnasında onu tədricən dolayı yolla cinayətə sövq edən amillər siyahısından bəhs edir. ” Bədbəxt adamlar iri şəhərlərdə yaxşı yaşayırlar” deyən qəhrəman bu ardıcıllığa şəhərin mövcud problemləri aşkar görməyə imkan verməyən baş dumanlandıran yaşayış şəraitini, həyat yoldaşına növbəti dəfə ana olmağı qadağan edən, bununla da onun gənclik cazibəsini qaytarmasına səbəb olan həkimləri, ədalarında saxta, zahiri nikbinlik olan Truxaçovla yoldaşına təhlükəli dərəcədə yaxınlaşmağa imkan yaradan incəsənəti, bu skripkaçının ailəsinin bünövrəsini silkələyəcəyini intuitiv olaraq hiss edib, buna baxmayaraq onu uzaqlaşdırmağı özünə yaraşdırmayan, əksinə onu evlərinə qonaq çağırmağa təhrik edən qürürunu əsas arqument kimi daxil edir. Şəksiz, Betxovenin piano və skripka ifası üçün nəzərdə tutulan “ Kreyser sonatası” da cinayəti şərtləndirənlər siyahısına daxil idi. “Musiqi insanın qəlbini nə yüksəldir, nə də alçaqlara endirir, adamın ürəyini yerindən qoparıb oyadır.” Pozdnışev məhz bu cümləsi ilə ziyafətdə Trukaçev və həyat yoldaşı tərəfindən səsləndirilən sonatasının onun daxili enerjisini çuğladığını, ehtizaza gətirərək daxilindəki potensial cinayətkarı oyatdığını təsdiqləməyə çalışır.
Düşüncəsinə hakim kəsilmiş, daxilini qurd kimi yeyən fikirlər onun səyahətini yarıda qoymasına səbəb olur. Nəhayət, qayıdanda gecə saatlarında xanımı ilə musiqiçinin qonaq otağında bir süfrə başında şam etməsi onun hiddətini pik həddə çatdırır. Truxaçov qaçmağı bacarır, Pozdnışev isə ayaqyalın- ayaqqabısız onun arxasınca qaçmağı mənliyi qarşısında cılızlıq hesab edir. Qadının sözlərinə, yalvarışlarına əhəmiyyət verməyən Pozdnışev iş otağından götürdüyü xəncər ilə qadına ölümcül xəsarət yetirir.
Qulluqçuların çevrəsində, ölüm ayağında olan qadını görəndə Pozdnışevin fikrindən keçən bir cümlə onun özünün nanəcib düşüncələri ilə bağlı qatardakı müsahibinə dediklərini möhür tək təsdiqləyir: “Onu bu vəziyyətdə görəndə mən başa düşdüm ki, o da insandır.” Bu mənə başqa romandan bir sitatı xatırlatdı. : “ Aşiq olmuş kişi üçün bütün qadınlar – sadəcə qadındır. Bircə aşiq olduğundan başqa: O, kişi üçün insandır. “
Həqiqətən sevirdimi Pozdnışev ?
Eyni zamanda qadını əcəl haqlayanda, ölüm ayağında Pozdnışev ağlında dolanan bu fikir həm də onun qəlbinin dərinliyindəki peşmançılıqdan xəbər verirdi. Qatarda yol yoldaşı ilə dialoqunda övladlarının xalalarının himayəsinə verilməsini söyləyərkən bu aşkar sezilir.
Bəli, Pozdnışev üçün ailəsinin namusu əziz idi, lakin azadlıqda qalmış, heç nədən məhrum olmamış, canını cəld tərpənib qaçmaqla qurtarmış qorxaq Trukaçova, yoxsa skripkaçının “cinayət ortağı” qadınamı görə dəyərdimi?
Günlər keçmək bilməyən qazamatda 12 il çürütmək. Yeni arzulara, məqsədlərə, ailəyə, cəmiyyətə həsr oluna biləcək itirilmiş sonsuz 12 il.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0283 saniye