Lost and forgotten
tərəfindən "Şeir" bolməsinə 14:35 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Bəlkə dənizlərdə yaşamaq lazımdı yalnızlığı?
Bəlkə ulduzları içmək lazımdı sırayla...?
Hər dostluqda vicdanımdan bir parça unuduram
Hər şeir bir vəsiyyətnamə kimidi
Hər dəfə yeni bir yaramı qanadıram
Kimsəsiz bir uşaq kimiyəm küçələrində, Bakı
Kimsəsizliyim də sənin hündür binaların kimidi
O böyüdükcə mən kiçilirəm...
Siz şərab, mən şeirlərimi içirəm
Yazısını unutmuş baş daşı kimiyəm
Bir gün ölüb getsəm
Adım da xatırlanmayacaqmış
Bir gün içib getsəm Bakını
Ardımca heç kəs gəlməyəcəkmiş
Ey qəm pərisi, lal dünyamın hayqırtısı,
Ey susmuş xoşbəxtliyimin qatarı,
Gedirsən, apar məni də buralardan
Gör neçə misramın günahını gəzdirirəm boynumda
Gör neçə sevgini basdırmışam 
Səssizliyə gömülmüş ruhumda
Gedirsən?
Apar məni də buralardan
Mən siz deyiləm
Bakının çökəkliyində böyümüşəm mən
Azyaşlı "gəlinciklərin" puç olunmuş taleyiyəm mən
Azadlığı saçlarından asılmış
Hər səhər qurtum-qurtum ölüm içən
bir şairəm
Xoşbəxtlik dilimini
qurdlara yem elədim mən
Sevgilim, gedirsən?
Apar məni də özümdən
Qaçır məni ucsuz-bucaqsız ölüm arzularından
Unutdur mənə silinmiş taleyimi...
Ey göy qübbəsinin yanıqlı səsi,
Ey bütün şairlərin ilham pərisi,
Nədir dilimdəki bu zəhərli sözlər...?
Hansı tanrı öyrətmişdi bizə xoşbəxtliyi?
Hansı şeirin qovuşduracaq səni tanrıya?
Gedirsən, hə?
Mən yalnızlığı öyrədirəm şeirlərimə
Doyunca ağlamaqçun minlərlə künc lazımdır mənə
Ürəyimin hansısa "başıboş" otağında unutdum xoşbəxtliyimi
Sən məni götür get
Gələcəyəm dalınca
Gələcəyəm bir gün
Bəlkə bir az qandalsız
Bəlkə bir az xoşbəxt
Qayıdacam, hə...


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0124 saniye