Mario Varqas Lyosa: “Atam kitaba, mən atama nifrət edirdim”
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 04:01 14 may 2012 tarixində əlavə olunmuşdur

"İnsan haqlarının pozulduğu ölkədə yaşayırsızsa, yazıçı kimi nəsə etməlisiz"


2010-ci ildə ədəbiyyat üzrə Nobel mükafatçısı, Perulu Mario Varqas Lyosa dünya ədəbiyyatının canlı klassikidir. O, "Şəhər və itlər", "Yaşıl ev" "Pantaleon və qonaqlar", "Xuliya xala və cızma-qaraçı", "Maytanın tarixi" və başqa romanların müəllifidir.
O, bu günlərdə verdiyi müsahibəsində atası ilə çətin münasibətlərindən, siyasətdən və yeni romanı "Keltin yuxusu"ndan danışıb.
Roman XIX və XX əsərlərdə yaşamış real insan irland Rocer Casementin Afrikada diplomatik xidməti zamanı müstəmləkə siyasətinə qarşı mübarizəsindən bəhs edir.


- Cənab Lyosa, on yaşınıza kimi atasız böyümüsüz. Uşaqlığınız necə keçib?
- Uşaqlığımı həyatımın "qızıl era"sı adlandırardım. Anamın ailəsi ilə yaşayırdım. Atasız böyüsəm də, çoxlu atam olub: babam, dayılarım. Bu qədər atamın olmasına görə xoşbəxt idim.
- Niyə atanız sizinlə yaşamırdı?
- Mənə onun öldüyünü demişdilər. Ailəm qatı katolik idi və valideynlərimin boşandığı üçün xəcalət çəkirdi. Atamın göylərdə olduğuna inanırdım. Hətta onun evdə fotosu da vardı. Onların ayrılmasının kədərli tarixçəsi var. Atam yaraşıqlı kişi olub və anam onu tanıyanda, o təyyarədə dispetçer işləyirdi. Anam onu görən kimi vurulumuşdu. Ailəsi anama deyirmiş ki, "Dorita, gözlə, tələsmə". Amma anam çox tərs idi, gözləməyi bacarmayıb. Onlar evlənib Limaya köçdülər. Anamın həyatı tezliklə kabusa çevrildi, çünki onlar çox fərqli idilər. Anam dərhal hamilə qaldı. Bir neçə ay sonra isə atam nəsə xoşagəlməz bir hərəkət etdiyinə görə Boliviyaya getdi. Anama isə ailəsinin yanına qayıtmağı məsləhət gördü. Sonra o yoxa çıxdı, məktublara cavab vermədi, zəng etmədi və nəhayət, boşanmağı tələb etdi.
- Onun sağ olduğundan necə xəbər tutduz?
- Günlərin birində anam məni gəzintiyə aparanda dedi: "Mario, bilirsən ki, atan yaşayır?" "Yox, bilmirəm" dedim. O, "sən babanla nənənə bu barədə bir kəlmə də demə. İndi biz onunla görüşəcəyik" dedi. Anam məni bir otelə apardı. Orada fotodakı adama az bənzəyən cənabla görüşdüm. O tamamilə keçəl idi. Mən çox çaşmışdım. Dedi ki, bizi şəhərə gəzintiyə aparacaq. Biz mavi avtobusa mindik. Amma şəhəri gəzmək əvəzinə onu tərk etdik. Bir müddət sonra soruşdum ki: "Ana, baba və nənə narahat olmayacaqlar?" Onda ilk dəfə atamın hökmlü səsini eşitdim. Bu səs gəncliyimin kabusuna çevrildi. O dedi: "Övlad öz valideynlərinə qulaq asmalıdır, deyilmi?" Həmin andan hər şey dəyişdi, anam və mən o gündən onunla Limada yeni həyata başladıq.
- Bu dəyişiklik nə dərəcədə dramatik oldu?
- Mən qorxu və tənhalıqla tanış oldum. Heç vaxt döyülməmişdim və birdən atam tərəfindən amansızca döyüldüm. Bu insan mənə tamamilə yad idi və dərhal ona nifrət etməyə başladım. O məni çox sevdiyim babamdan və nənəmdən ayrımışdı.
Yaşantılarım mənim üçün yalnız şəxsi yox, həm də yazıçı kimi təcrübə verdi. Atam çox avtoritar və hətta amansız idi. O kitabla bağlı olan hər şeyə nifrət edirdi. Anamın ailəsində mən istedadlı uşaq sayılırdım. Bir şeir və ya hekayə yazanda onu bayram edirdim. Atam bundan xəbər tutanda dedi: "Yazıçılar pozğun və ya homosekaualdırlar". O mənə yazmağı qadağan etdi və hərbi məktəbə göndərdi. Bununla da o ilk romanım üçün material verdi.
- Atanız istəmədən sizi yazıçı etdi.
- Elədir. Xəlvətdə yazmaq və oxumaq bu insana qarşı mənim yeganə üsyanım idi. Düşünürəm ki, mənim diktatorlara belə nifrət etməyimin əsas səbəbkarı atamdır. Totalitar rejimdə diktator nə deməkdisə, ailəmizdə də atam o idi.
- Yazmaq sizin üçün qurtuluş oldu?
- Yazmaq atamla yaşadığım zaman itirdiyim azadlığımı geri verdi. Yazanda həyatımın bütün xəyal qırıqlıqları, uğursuzluqları aradan qalxır. Düşünürəm ki, bir sənətkar üçün bu əladır: sənin həyatının uğursuzluqlarından istifadə edib onu ədəbiyyata çevirirsən. Bu böyük qurtuluşdur.
- Atanızla sonradan barışdız?
- Günlərin birində artıq məşhur olanda, o "Time" jurnalında da haqqımda bir məqalə görür. Bu onun üçün gözlənilməz idi. O çox əmin idi ki, mən uğursuzam. Həyatının son illərində o mənimlə yaxınlaşmaq üçün ehtiyatlı cəhdlər edirdi. Amma çox gec idi.
- Əsərlərinizin humanizm və sosial tutumu güclüdür. Həm də yeni "Keltin yuxusu" romanında siz bir idealistin faciəvi mübarizəsindən danışırsız.
- Mən liberalam, sözün klassik anlamında demokrat liberalam. Amerikada liberalizmi tez-tez sosializmlə eyniləşdirirlər. Amma bunları qarışdırmaq olmaz.
- Latın Amerikası həmişə inqilabi kontinent sayılıb. Bu inqilabi arzular artıq itirilib?
- Yazıçılar əvvəliki kimi artıq inqilabçı deyillər. Onlar indiki vəziyyətlə barışıblar. Həmkarlarımın əksəriyyəti anladılar ki, dövlət bütün iqtisadi və sosial problemləri həll etmir. Onların ümidi məyusluğa uğradı. Yazıçılar arasında hələ də liberallar yetərincə deyil, amma əvvəlki inqilabçılardan çox demokratlar var.
- Latın Amerikasında sizə olan baxış dəyişibmi? Axı, siz onun heç zaman sevimli oğlu olmamısız?
- Mən uzun müddət oxumağa və eşitməyə alışdım ki, Lyosanın romanları səliqəlidir, bəlkə də bəzən hətta çox yaxşıdır, amma siyasi ideyaları - Allah qorusun! İndi bəziləri deyir ki, onun neoliberal siyasət xoşuna gəlsə də romanları sol yönümlüdür. Amma özü də bilmir ki, ürəyində sağların tərəfindədir. Əgər əsas problemlərin həll olunmadığı, səhər, ya o biri gün hələ də azadlığın hökm sürüb-sürmədiyini bilmədiyiniz, sui-istifadənin və insan haqları pozuntusunun adi bir şey olduğu ölkədə yaşayırsızsa, o zaman yazıçı kimi nəsə etməlisiz. Təkəbbürsüz, iddiasız şəkildə zorakılıqla mübarizə aparmalısız. O zorakılıq ki, üçüncü dünyanın əksər ölkələrində siyasətin əsas cəhətidir. Sözün gücü ilə vəziyyəti dəyişmək lazımdır.
- Nobeli yalnız yazıçı kimi yox, həm də demokratiyaya xidmətinizə görə aldız.
- Hər şeydən əvvəl mükafat gözlənilməz oldu. Ümumiyyətlə, bunu gözləmirdim.
- Çox gec aldığınıza görə?
- Yox. Bir latın amerikalı, liberal və ədəbiyyata görə Nobel- bu mümkün olan bir şey deyildi. Çox heyrətləndim. Ən az gözlədiyin halda möcüzələr baş verir.
- Əsl liberal olmaq nə deməkdir?
- Liberalizmi fəqrləndirən hər şeydən əvvəl onun tolerantlığıdır. O, insanın inanclarında və əqidəsində azad olması ilə hesablaşır. Tolerantlıq dünyada sülh şəraitində birgə yaşamaq üçün ümumi məxrəc yaradır, belə vəziyyətdə cəngəlliyin qanunları hökm sürmür. Bu isə totalitarizmin hər cürə formasından imtinaya gətirir.
- Biz indi liberal iqtisadiyyatın və kapitalizmin böhranını yaşayırıq.
- Amma biz nihilsit və ya skeptik olmamalıyıq. Moralist və sivil proqress mümkündür, addım-addım, hissə-hissə həyatımızı daha yaxşı edə bilərik. Bununla belə mükəmməl cəmiyyət mümkün deyil. Əgər siz insanları buna məcbur etsəz, onda cəhənnəm yaratmış olarsız. Mükəməlliyə ədəbiyyatda, sənətdə, hətta bəlkə şəxsi həyatda da çatmaq mümkündür. Fəqət, mükəmməl cəmiyyət mümkün deyil.
- Liberallığınız doktrinadan çox əxlaqi bir şeydir?
- Elədir, ona daha çox əxlaqi münasibətim var. Sosioloq, filosof Karl Popperi kəşf etməyim, "Açıq cəmiyyət və onun düşmənləri" əsərini oxumağım mənim üçün mənəvi, siyasi inkişaf oldu. 1970-ci illərdə ciddi siyasi böhran yaşayırdım və sol utopiaylardan imtina etdim. Popper digər liberallar Raymond Aron və İsaiah Berlindən fərqli olaraq,
mənim üçün intellektual işıqlanma oldu.
- "Keltin yuxusu" romanında dünyanı narahat edən motivlərdən - tənhalıqdan, iztirabdan, hakimiyyətdən, sui- istifadədən, millətcilikdən, üsyandan yazmısız. Bütün bunlar dünyanı bu gün atəşdə yandıra bilərmi?
- Tarixdə bütün şeytanların aqibətindən sonra şər hələ də son dərəcə güclüdür. Müstəmləkə dünyası yoxdur, amma onun dağıdıcı gücü hələ də yaşayır. Məsələn Konqo. Amansız Belçika müstəməkəçiliyindən bəri Konqonun sonsuz faciəsinin öz kökləri var. Bu romanı ona görə yazdım ki, o illərin ədalətsizliyini yenidən damğalayım.
Bilirsiz, hər bir kreativ insan narazıdır. Yazıçının dünyada daha yaxşı həyatla bağlı utopik ümidi var. Bu isə onu hakimiyyətin gözündə təhlükəli edir. Ədəbi təsəvvürün mükəmməlliyi şərin reallığına qarşı alternativ model qoyur. Üsyanın rüşeymi də burdadır. Yazmaq gənclik illərindən bəri mənim üçün qurtuluş və və müqavimət aktı olub.
- Siyasi baxışlarınız əvvəllər dost olduğunuz Markeslə aranızda dərin düşmənçiliyə apardı. Siz onu Fidel Kastronun saray adamı kimi xatakterizə etmişdiz. Barışmaq istəmirsiz?
- Mən Markes haqda danışmaq istəmirəm.
- Hmm.
- Gəlin bu məsələni bioqrafların öhdəsinə buraxaq. Təbii ki, bununla hər ikimiz bioqraflara nəsə qazandıracağıqsa.
- 1990-cı ilin prezident seçkilərində Peruda rəqibiniz Alberto Fuxumoriyə uduzmağınız sizi hələ də ağrıdır?
- Onda mən siyasətçi kimi özümün tamamilə bacarıqsız olduğumu bildim. Bu siyasi təcrübəm əsasında "Sudakı balıq" adlı əsərimi yazdım. Bu mənim üçün katarsis oldu. Təbii ki, məyusluq yaşadım, amma həm də özümü qurtulmuş hiss etdim.
- Yəqin ki, siyasətdə bu məğlubiyyət ədəbiyyat üçün uduş oldu?
- Buna ümid etmək istəyirəm. Mənim opponentim indi ağır insan haqları pozuntusuna görə 25 illik cəza ilə həbsdə yatır. Mən isə Peruda bayram edilən Nobel aldım.

"Zeit" qəzeti və "Spiegel" jurnalından,
Almancadan Sevda Sultanova çevirdi
ANN.Az

 


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0344 saniye