Mənim adım Mehridir. 17 yaşım var. Kürən saçlarımla hər zaman diqqət mərkəzində olsam da, bu durumdan heç də xoşlanmırdım. Utancaq olduğumdandır bəlkə. Sıxılırdım mənə yönələn baxışlardan.
2 böyük qardaşım var. Seymur və Dilqəm. Seymur ailənin klounu idi. Yaxşıca güldürməyi bacarırdı. Dilqəm ona çox bağlı idi. Seymurun 2 il əvvəl dənizdə batması xəbəri Dilqəmi az qala dəlilik dərəcəsinə yüksəltmişdi. Qardaşımın dostlarını günahlandırdı. Onlara yumruq atdı. Ürəyi soyumadı. Atamla anamı da günahlandırmağa başladı. Hamını məhkəməyə verəcəyini bildirdi. Qulaqbatırıcı səslə bağırdı. Evi alt-üst etdi. Sonda əlini yaraladı. Ağlaya-ağlaya yerə çökdü. Atamla anam ona yaxınlaşıb qucaqladılar.
Mən isə səssizcə otağımda dizlərimi qucaqlayaraq ağlamaqda idim.
Hər nə qədər olsa da mən dənizə aşiqəm hələ də...