May çovğunu
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 10:10 21 iyun 2019 tarixində əlavə olunmuşdur

Baxışların - may ayının ortasında gözlənilməz qış çovğunu...
Bürünməyə macal verməz,
düşünməyə fürsət olmaz...
Sən də heç düşünmə daha,
onsuz da
düşündüyün kimi deyil,
eyni anda həm ağıllı, həm hissiyyatlı olmaq
ən ağır əzab imiş həyatda...
Nə olsun ki, 'hə' və 'yox'un arasında suallarla tutaşmışam,
özüm də xəbər tutmadan uşaqlıqdan fəlsəfəylə şeiriyyata bulaşmışam?!
Özü də eyni vaxtda...
Çox adam heç bilmir ki,
şairlik və fəlsəfə bir arada olanda
nə dahilik, nə də ki, ehtişamlılıq olmur,
tam tərsinə -
çılğınlığın dibi olur, əzizim...
Nitsşenin öz ağlını itirdiyi kimi...
Nələr itmir ki guya və nələr tükənmir ki?!
Sən kapitalist fikirli, ruhu şıltaq gənc bir qız,
hər şey tükənməli səncə də...
Hətta duyulan hisslər də,
yazılan şeirlər də...
Azca təmin olununca içimizdəki boşluq,
sevilməyi duyunca,
özünə dəyər biçincə,
həzzi bitincə hər şeyin
qafiyələr tükənməli,
sözlər kilidlənməli,
gözlər qaçırılmalı,
səslər unudulmalı,
yaşanmışlar qoyulmalı sandığına keçmişin...
Lənətə gəlsin hər şeyin kökünü qazıyan Froyd da!
Fəlsəfə bədbəxt şairlərin xəstəxanasıysa,
qoy onda açıqlasın sənə olan duyğularımı,
insaniyyətdən məhrum min cür acı səbəb uydursun,
vurduqca vursun,
batırdıqca batırsın yerin dibinə!
Təhrif edib hisslərimi həzzə bağlasın hər şeyi,
şeirlərlə məhdudlaşdırsın psixikamı...
Bircə sən duysan məni, bircə sən anlasan kaş ki...
Mən ki bundan həzz almıram,
mən sevirəm, əzizim...
Bil ki, şeir yazmasam da
mən şairəm, əzizim...
Sənsə mənim paramparça,
pərən-pərən ruhumun
yaralarına sürüləcək
möcüzəvi məlhəmdin...
Bir qədər səbr etsəydin,
polada çevriləcəkdim...
Susdurdun,
susdun
və getdin...
O gündən hisslərimin içində gömülü
iki ömür sərf etmişəm toparlanmağa;
bir insan ömrü, bir şair ömrü...
Ancaq yenə də hər tərəfdə - darmadağınam
və hər yerdə olan heç yerdə deyil deyirdi bir üstinsan.
Hər yer cəhənnəm,
bircə xatirində olsam,
bir ömür yetər bu mənə...
Baxışların - may ayının ortasında gözlənilməz qış çovğunu...
Bürünmədim,
düşünmədim,
susdum və içimdə yeni tonqal qaladım
növbəti qışadək,
növbəti baxışlaradək, əzizim...


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0282 saniye